Voronej Dövlət Texniki Universiteti (rus. Воронежский государственный технческий университет (ВГТУ)) — Rusiyada universitet; müasir informasiya texnologiyalarının geniş tətbiq olunduğu və İT istiqamətli ixtisaslara xüsusi önəm verildiyi ali təhsil ocaqlarından biri.
Voronej Dövlət Texniki Universiteti | |
---|---|
51°41′02″ şm. e. 39°11′16″ ş. u. | |
Əsası qoyulub | 1956 |
Tip | dövlət universiteti |
Tələbə sayı | 17.284 |
Ölkə | |
Ünvan | Rusiya, Voronej şəhəri |
Sayt | cchgeu.ru |
Əsası 1956-cı ildə qoyulmuş Voronej Dövlət Texniki Universiteti bu gün Rusiyanın ən böyük ali təhsil müəssisələrindən biridir. Axşam Maşınqayırma İnstitutu kimi fəaliyyətə başlayan ali təhsil ocağı 1958-ci ildə Voronej Axşam Politexnik İnstitutuna çevrilib. Ali məktəb 1962-ci ildə Voronej Politexnik İnstitutu adlandırılaraq gündüz, axşam və qiyabi formaları üzrə tədrisə başlanılıb. 1993-cü ildən isə universitet statusunu əldə edərək Voronej Dövlət Texniki Universiteti kimi fəaliyyətini davam etdirib.
Hər mərhələdə ali məktəb inkişaf edirdi, onun strukturu təkmilləşirdi, ixtisasların siyahısı və tələbələrin kontingenti artırdı, professor-müəllim personalının peşəkarlığını yüksəlirdi, maddi baza möhkəmləndirilirdi.
Hazırda ali məktəbin tələbə auditoriyası, təbiət-texniki kollecin şagirdləri daxil olmaqla, təxminən 12 min nəfəri əhatə edir. Universitetin 776 müəllimindən 80-dən çoxu professor, 360-ı dosent və elmlərin namizədidir.
Universitetin tərkibinə fakültələrdən əlavə, maşınqayırma və aerokosmik texnika institutu, 40 kafedra, təbiət-texniki kolleci, mütəxəssislərin hazırlığı keyfiyyəti problemləri üzrə tədqiqat mərkəzinin Voronej filialı, Voronej vilayəti yeni informasiya texnologiyaları mərkəzi, 15 tədris-istehsal kompleksi daxildir.
Universitetin infrastrukturuna 5 tədris-laboratoriya korpusu, 2 yataqxana, 2 yeməkxana, 2 tibb məntəqəsi və elmi laboratoriyalar, tədqiqat bölmələrin yerləşdiyi bir sıra binalar daxildir.
Hal-hazırda orta-xüsusi təhsilin 5 ixtisası, ali peşə təhsilinin 7 ixtisası üzrə, bakalavr hazırlığının 25, magistr hazırlığının 16 istiqaməti üzrə tədris həyata keçirilir.
Ali təhsil ocağında mühəndis iqtisadiyyatı, radiotexnika və elektronika, energetika və idarəetmə sistemləri, informasiya texnologiyaları və kompüter təhlükəsizliyi, qiyabi təhsil, hərbi təhsil, ali məktəbə qədər və əlavə təlim fakültələri fəaliyyət göstərir. Biz texniki istiqamət üzrə ixtisaslaşan 4 fakültənin ixtisasları barədə məlumat verəcəyik.
İnformasiya texnologiyaları və kompüter təhlükəsizliyi fakültəsi universitetin əsas bölmələrindən biridir. Burada tədris avtomatlaşdırılmış planlaşdırma və informasiya sistemləri, avtomatlaşdırılmış və hesablama sistemləri, planlaşdırmanın kompüter intellektual texnologiyaları, informasiya təhlükəsizliyi sistemləri, sənaye dizaynında qrafika, qurulma və informasiya texnologiyaları, ali riyaziyyat və fizika-riyaziyyat modelləşdirməsi istiqamətləri üzrə təşkil olunur.
Radiotexnika və elektronika fakültəsində yarımkeçirici elektronika və nanoelektronika, radiotexnika, radioaparaturanın qurulması və istehsalı, radio elektron qurğular və sistemlər, tibbi sistemlərdə sistem analizi və idarə etmə, fizika, kimya ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Fakültədə eyni zamanda elmi — tədqiqat fəaliyyətinə geniş yer verilir.
Mühəndis iqtisadiyyatı fakültəsində maşınqayırma müəssisəsində iqtisadiyyat və idarə etmə, personalı idarə etmə, iqtisadi nəzəriyyə və iqtisadi siyasət, mühəndis iqtisadiyyatı, ictimaiyyətlə əlaqələr və pedaqogika, tarix və politologiya, fəlsəfə ixtisasları üzrə tədris həyata keçirilir.
Energetika və idarəetmə sistemləri fakültəsində elektromexanika sistemləri və elektrik qüvvəsi təchizatı, nəzəri və sənaye istilik energetikası, texniki sistemlərdə elektrik ötürücüsü, avtomatika və idarə etmə, fövqəladə hallarda mülki müdafiə texnologiyaları və təminatları, sənaye ekologiyasının və həyat fəaliyyəti təhlükəsizliyi kafedraları fəaliyyət göstərir.
Voronej Dövlət Texniki Universiteti geniş elmi – tədqiqat fəaliyyətinə malikdir. Universitetin əsas elmi istiqamətlərini hesablama kompleksləri və problem yönümlü idarəetmə sistemləri, intellektual informasiya sistemləri, proqram-aparat elektrotexnika kompleksləri və sistemləri, innovasiya iqtisadiyyatında istehsalın və müəssisəni idarə etmənin təşkili problemləri, perspektivli radio elektron və lazer qurğuları və ötürülmənin, qəbulun, emalın və informasiyanın qorunması sistemləri, mikro və nanoelektron qurğu və sistemlər, funksional və kompozisiya materiallarının materialşünaslığı, fizika və materialların nanostruktur texnologiyası, energetikanın fiziki-texniki problemləri, maşınqayırmada, aviasiya sənayesində və raket-kosmik texnikada elmi ağırlıqlı texnologiyalar təşkil edir.
Universitetin Voronej Vilayəti Yeni İnformasiya Texnologiyaları Mərkəzi informasiyalaşdırma mərkəzlərinin və yeni informasiya texnologiyaları mərkəzlərinin federal şəbəkəsi şəklində ölkədə təhsilin informasiyalaşdırılması üzrə vahid infrastrukturunun əsas hissəsidir. Mərkəzin elmi-təşkilati fəaliyyəti Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi tərəfindən dəstəklənir. Mərkəzin yaradılmasında əsas məqsəd informasiyalaşdırmanın vahid dövlət siyasətinin keçirilməsi ilə yanaşı təhsil müəssisələrində yüksək informasiya mədəniyyətinin formalaşmasından ibarətdir. Bu gün mərkəz informasiyalaşdırma sahəsində elmi-texniki parkı təşkil edir və informasiya texnologiyaları və telekommunikasiyadan istifadə sahəsində vəziyyətin monitorinqini aparır.
Voronej Dövlət Texniki Universitetində zəngin onlayn kitabxana yaradılaraq istifadəçilərin ixtiyarına verilib. Resursun məlumat bazaları məlumat kitabçaları, lüğətlər, ensiklopediyalar, video — audio materiallar, bədii ədəbiyyatı və müxtəlif sahə ədəbiyyatlarını əhatə edir. "www.biblioclub.ru" internet resursunda təqdim olunan kitabxana aşağıdakı interaktiv xidmətlər təklif edilir:
Bundan əlavə, elektron kitabxanada bir sıra əlavə xidmətlər və proqramlar istifadəyə verilib. Belə ki, istifadəçilər kitabxana meneceri (elektron kitabxananın formalaşması üzrə proqram), plagiat detektoru (plagiat axtarışının avtomatlaşdırılmış sistemi), kitabın nüsxəsinin çapının sifarişi (Print-on-Demand), kitabların skan edilməsinin sifarişi (Scan-on-Demand), ali məktəbin əməkdaşları üçün elmi işlərin nəşri xidmətlərindən yararlana bilərlər.