Xəlil sultan Zülqədər - Zülqədər boyuna mənsub Qızılbaş sərkərdəsi, I Şah İsmayılın əmirlərindən biri, Şiraz hakimi.
Xəlil sultan Zülqədər | |
---|---|
Doğum tarixi | XV əsr |
Vəfat tarixi | |
Vəfat yeri | Şiraz |
Vəfat səbəbi | Çaldıran döyüşündə şahın əmrinə qarşı gəlib döyüş meydanını tərk etdiyi üçün edam edilmişdir. |
Fəaliyyəti | Şiraz hakimi. Xorasanın özbəklərdən təmizlənməsində mühüm rolu olmuşdur. |
Xəlil sultan Zülqədər Şirazda hökm sürmüş Zülqədər bəylərindən biri idi. Çaldıran döyüşündə Osmanlı əleyhinə Səfəvi qoşununun sağ cinahında yer almışdı. Döyüş zamanı Şah İsmayıl onun və yanındakı əsgərlərin döyüşə qatılmayıb kənardan izlədiyini gördükdə qorçularından birini yanlarına göndərib döyüşə qoşulmasını tələb etdi. Lakin Xəlil sultan Şahın əmrini yerinə yetirmir və nəticədə Çaldıran döyüşündən sonra Şah İsmayılın əmri ilə edam edilir.
Anonim müəllif tərəfindən qələmə alınan “Tarixi-Qızılbaşan” adlı əsərdə Xəlil sultanın mənsub olduğu Zülqədər tayfası haqqında qısaca məlumat verilir:
“Bu tayfa Əlbistan və Mərəşdə yaşayır və özlərinin müstəqil padşahları olub. Məsələn Məlik Aslan, Nəsirəddin, Süleyman və Əlaüddövlə. Onların çoxu şanlı Səfəvi xənadanının müridləridir. I Şah İsmayılın cülusunun əvvəllərində onların böyük əksəriyyəti aləmin pənahı olan dərgaha gəldilər və Şirazın idarəsi onlara tapşırıldı. Şirazda hakimlik etmiş şəxslərin adları belədir. sultan Xəlil, Əli sultan, Murad sultan, Həmzə sultan, Qazi xan, İbrahim xan, Əli sultan Tatioğlu, Şahvəli sultan, Bərxudar sultan, Məhəmmədcan sultan, Vəli sultan.” [1]
Xəlil sultanın qardaşı Cəlil sultan Zülqədər də I Şah İsmayılın böyük əmirlərindən biri idi.[2]
Şiraz hakimi Xəlil sultan Zülqədər Xorasanın özbək hücumlarından qorunmasında çox böyük qəhrəmanlıqlar göstərmişdi.[3]
1512-ci il noyabrın 12-də qızılbaşlar özbəklər tərəfindən ağır məğlubiyyətə uğradıldı. Herat və Məşhədi tutan özbək xanları oradakı şiələrə qarşı qırğınlar törətdilər. Beləliklə, 1513-cü ilin baharının əvvəli üçün Xorasanın əksər ərazisi təkrarən özbəklərin əlinə keçdi. İsfahanda qışladığı vaxt bu xəbərləri alan Şah İsmayıl dərhal “qalibiyyətli qoşunların Xorasan və Türküstanın işğalına yollanmaq üçün yazın əvvəllərində sultaniyyə çəmənlərində hazır olması” barədə hökmlər yazdıraraq, onları özünün “günəş timsallı mübarək möhürü ilə zinətləndirdi”. Bu hökmlər çaparlar vasitəsilə məmləkətin hər tərəfinə çatdırıldı. Novruzdan əvvəl sultaniyyəyə gələn şah bayramdan bir qədər 1 sonra 40 minlik ordu ilə Xorasana yürüşə başladı.[4]
"Aləmara-yi Şah İsmayıl"ın verdiyi məlumata görə isə, Şah İsmayıl Mirzə Məhəmməd Talışı pişxana (avanqard) dəstəsinə rəhbər təyin etdi və onun dəstəsini öncədən yola saldı. Şiraz hakimi Xəlil sultanla Div sultan isə qoşun çərxçiləri təyin edildilər və onlar da 5 min nəfərlik qoşun dəstəsi ilə öz vəzifələrinin icrasına yollandılar. Xəlil sultanın və Div sultanın rəhbərliyi altında olan çərxçilər də dərhal Məşhədə doğru istiqamət götürdülər.[2] Semnandan Məşhədə qədər olan ərazidə yerləşən şəhərlərdəki özbək əmirləri və onların dəstələri hamısı geri çəkilib Məşhədə, Übeydulla xanın yanına toplandılar. Onun özünün sərəncamında beş min nəfərlik qoşun dəstəsi var idi. Ətraf şəhərlərdən gəlmiş qoşun dəstələri ilə birlikdə Übeydulla xanın yanında 20 min nəfərlik bir qoşun dəstəsi toplandı. Übeydulla xan güman etdi ki, bu qoşun dəstəsi ilə Səfəvi çərxçilərinə müəyyən zərbə vura bilər. Übeydulla xan Səfəvi çərxçilərinin üzərinə hücuma keçdi. Adı çəkilən mənbənin məlumatına görə, özbək dəstəsindən dörd min nəfər qırılandan sonra Übeydulla xan canını salamat qurtarmaq üçün hətta qoşunlara da xəbər vermədən gizlicə Məşhədi tərk etdi və Herata üz tutdu. Özbək döyüşçüləri Übeydulla xanın qaçmasından xəbər tutanda idarəedilməz vəziyyətə düşdülər və qaçıb dağıldılar.[4] Xəlil sultanla Div sultan döyüşə-döyüşə Übeydulla xanın ələminə yetişdikdə onun qaçmasından xəbər tutdular. Səfəvi dəstəsi elə bir ciddi müqavimətlə rastlaşmadan döyüşdən qalib çıxdı və sonra da Məşhədə daxil oldu. Xəlil sultan və Div sultan Məşhədə daxil olduqdan sonra əsir götürülmüş özbək döyüşçülərini, qətlə yetirilənlərin kəsilmiş başlarını və baş verənlər haqqında məlumatı Şah İsmayıla göndərdilər. Məşhəd qalibiyyətinə baxmayaraq döyüşün nəticəsi Şah İsmayılı qaneə etmədi. Şah əmr etmişdi ki, Məşhəddəki özbək xanları və onların qohumları da ələ keçirilsin. Xəlil sultan və Div sultan isə özbək xanlarından heç birini tuta bilməmişdi. Nəticədə şah Qarapir sultan Qacarı yeni ordu ilə Herata göndərdi. Qarapiri sultanın göndərilməsi Xəlil sultan və Div sultanı təəccübləndirdi. Onlar mükafatlandırılacaqlarını güman edərkən, vəzifədən uzaqlaşdırılmışdılar.[5] Bu səbəbdən Xəlil sultan və Div sultan belə qərarlaşdırdılar ki, Übeydulla xanı tutmaq üçün Herata yola düşsünlər. Lakin onlar şəhərə çatanda Übeydulla xan artıq Heratı tərk etmişdi. Şəhər Məlik Nizaməddin adlı bir şəxs tərəfindən idarə olunurdu. Xəlil sultan fənd işlədərək Məlik Nizaməddəini qaladan kənara çıxarmağa müvəffəq oldu. Tərəflər qarşı-qarşıya gəldilər və baş verən döyüşdə Məlik Nizaməddin məğlubiyyətə uğradıldı. Xəlil sultan Div sultanla birgə Məlik Nizaməddinin sağ qalan döyüşçülərini təqib etməyə başladı. Səfəvi dəstəsi onları Qur və Gərcistana kimi izlədilər, orada çoxlu sayda qənimət ələ keçirərək Herata döndülər. Şah Xəlil sultanla Div sultanın Heratdakı qoşun dəstəsini məğlub etməsi barədə xəbəri eşidən də çox sevindi və onları mükafatlandırdı.[6]
Çaldıran döyüşündən əvvəl Şah İsmayılın Azərbaycan topladığı ordusunda Fars hakimi Xəlil sultan Zülqədər də var idi. Çaldıran döyüşündə iştirak edən Səfəvi qoşunlarının sayı haqqında mənbələrdə və elmi-tarixi ədəbiyyatda müxtəlif rəqəmlər vardır. Bu rəqəmlərin çoxu 20-25 min nəfər ətrafındadır. İsgəndər bəy Münşinin “Tarix-i aləmara-yi Abbasi” əsərinə görə, Xəlil sultanın ixtiyarında 1500 nəfərlik bir dəstə var idi.[7] “Aləmara-yi Səfəvi”nin verdiyi məlumata görə isə, Şah İsmayıl gərgin döyüşlərin gedişində Xəlil sultanın döyüşdən kənarda qalmasını müşahidə etdi və qorçular dan bir nəfəri onun yanına göndərdi ki, o da dəstəsi ilə döyüşə qoşulsun. Amma Xəlil sultan bu göstərişi qəbul etmədi. Şah İsmayıl yenidən onun yanına adam göndərdi. Lakin bu dəfə də Xəlil sultanın dəstəsi laqeydlik göstərərək döyüş meydanını tərk edir. Şah İsmayılın Təbrizə dönən kimi gördüyü işlərdən biri Fars vilayətinin hakimi Xəlil sultan Zülqədərin cəzalandırılması oldu. Şah İsmayıl isə Xəlil sultanın bu qorxaqlığını bağışlamadı və onun qətlinə fərman verdi. Şah İsmayıl bu fərmanın icra olunmasını Süleyman bəy adlı əmirlərindən birinə tapşırdı.[8] Bəzi mənbələrdə “Kor Süleyman” adı ilə qeyd olunan qorçu Süleyman bəy şahın əmrini yerinə yetirmək üçün Şiraza yola düşdü. Qorçu Süleyman bəy Şiraza çatdıqdan sonra Xəlill sultanın yanına gələrək Çaldıran düzündən qaçdığına görə Şahın onu 12 qırmanc cəzası ilə cəzalandırdığını bildirir. Süleyman bəy cəzanı icra etmək üçün onu xidmətçilərdən kənarda başqa bir yer seçir. Xəlil sultan da bununla razılaşıb Süleyman bəy ilə birgə tənha bir yerə gedir. Burada Süleyman bəy Şahın onun ölümünü əmr etdiyini bildirir. Xəlil xan bu cəzanı da təmkinlə qəbul edir və nəticədə başı kəsilir. Həsən bəy Rumlunun Əhsən ət-Təvarix əsərində bu hadisə belə təsvir edilib: [9]
“Şiraz hakimi Xəlil sultan Zülqədər Rum padşahı ilə döyüşdə təqsirə yol verdiyi üçün İsgəndər şanlı xaqan qorçu Kor Süleymana onun həyat xırmanını yandırmağı əmr etdi. Kor Süleyman gözlənilməz bəla kimi Şiraza gəldikdə gördü ki, Xəlil sultanın hüzurunda çoxlu adam var və yavaşca onun qulağına dedi:
- Şahın əmri belədir ki, səni on iki çubuq zərbəsi vurmaqla cəzalandırıb geri dönüm. Əgər bu məclisdə bu əmri yerinə yetirsəm, sənə qarşı hörmətsizlik olar. Yaxşısı budur ki, xəlvət bir otağa keçəsən və mən orada hökmə əməl edib geri qayıdım.
Xəlil sultan tənha şəkildə bir otağa daxil oldu. Kor Süleyman onun arxasınca gəlib onun qətli barəsində gətirdiyi hökmü göstərdi. Əqidəsinə sadiq olan Xəlil sultan müqavimət göstərməyərək iki dizi üstə çökdü. Kor Süleyman onun boynunu vurub, başını götürərək o otaqdan çıxdı və aləmin pənahı olan dərgaha yollandı. İsgəndər şanlı xaqan Şiraz hakimliyini Əli bəy Zülqədərə lütf etdi.”
Xəlil sultan Zülqədərin döyüşdə iştirak etməməsinin səbəbi dəqiq bilinməsə də, Osmanlı qoşununda Zülqədər döyüşçülərinin olduğu və öz tayfasından olan kəslərə qarşı döyüşmək istəmədiyi üçün belə bir addım atdığı güman edilir.[10]
“Tarix-i aləmara-yi Şah İsmayıl”da qeyd olunur ki, ölüm hökmünü yerinə yetirib qayıtdıqdan sonra şah Urmiya əyalətini Süleyman bəyə bağışlayır.[11]Döyüşdən sonra şah onu edam etdirsə də, maraqlıdır ki, onun nəsli həmin əyalətə sahiblikdən məhrum edilməmiş və onun əvəzinə oğlu Əlixan sultan Fars hakimi təyin olunmuşdu.[12][10]
Bəzi mənbələrdə isə Xəlil sultanın edam edilmə səbəbi müxtəlifdir. Belə ki, mənbələrdə göstərilir ki, Şah İsmayıl öz dəstəsi ilə Təbrizə doğru geri çəkilərkən onları təqib edən Osmanlılar güclü həmlə etmiş, nəticədə, mühafizəçilərdən ayrı düşən şah yoluna tək davam edib, bataqlığa düşmüşdü. Arxadan gələn Osmanlı qoşunundan canını qurtarmağa çalışan Şiraz hakimi Xəlil xan Zülqədər onu bataqlıqdan çıxarmayıb qaçmış, sonradan bu xəyanətinə görə edama məhkum edilmişdi.[13]