"Xalq evləri" cəmiyyəti — Azərbaycan Xalq Cümhuriyyəti dövründə sosial-mədəni sahədə fəaliyyət göstərmiş klub tipli müəssisələr. Əsas məqsədi Bakı şəhərinin mədən-zavod rayonlarının əhalisi arasında mədəni-maarif işi aparmaq idi. Xalq evləri bir çox tədbirlərin mərkəzinə çevrilmişdi: burada savadartırma kurslarından tutmuş, universitet kurslarına qədər müxtəlif kurs məşğələləri keçirilir, kitabxana-qiraətxanalar təşkil edilir, teatr tamaşaları, konsertlər göstərilirdi.
Qaraşəhərdəki xalq evi böyük mədəni-maarif işi aparılır, teatr tamaşaları təşkil edirdi. Mövsüm bağlandıqdan sonra dövlət teatrı öz fəaliyyətini burada davam etdirir və həftədə iki dəfə opera tamaşaları göstərirdi. Qaraşəhərdəki cəmiyyət nəzdində 1919-cu il mayın 1-də mədəni-maarif və musiqi-teatr bölmələri təşkil edilmişdi. İyulun 2-də isə Şamaxı xalq evi təsis edilmişdi.
Xalq evlərinə xeyriyyə köməyi də göstərilirdi. Belə ki, "Uriot" xeyriyyə cəmiyyəti xalq evlərinə avadanlıq almması üçün vəsait ayırmışdı. Məhz bu yardım sayəsində orada kino zalı yaradılmış və filmlərin nümayiş etdirilməsinə başlanmışdı.
Qısa vaxt ərzində Bakı şəhərində, onun bütün mədən və zavod ərazilərində "Xalq evləri" cəmiyyətinin şöbələri açılmış, böyüklər üçün təşkil edilmiş savad kurslarında 5 minə yaxın adam oxumaq və yazmaq öyrənmişdi. "Xalq evləri" cəmiyyəti bu kurslara 7 min manatdan çox vəsait xərcləmişdi. Aprel işğalından (1920) sonra cəmiyyət öz fəaliyyətini dayandırmışdır.[1]