Xanoğlan Bayramov

Xanoğlan Bayramov — Sosialist əməyi qəhrəmanı, neftçi.

Xanoğlan Bayramov
Doğum tarixi 13 sentyabr 1933(1933-09-13)
Doğum yeri
Vəfat tarixi 20 sentyabr 1999(1999-09-20) (66 yaşında)
Vəfat yeri
Dəfn yeri Əmircan
Fəaliyyəti İnşaatçı
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1958

1933-cü ildə həyata göz açıb 1999-cu ildə dünyasını dəyişən Xanoğlan Bayramov ömrü boyu qurub-yaratmaqla məşğul olub. 66 illik həyatında o qədər ev tikib, qurğu quraşdırıb ki… Başqa inşaatçılardan fərqi isə onda olub ki, torpağın üstündə deyil, suların qoynunda qurub-yaradıb.

Dənizdə ağırlığı minlərlə ton olan platformaların quraşdırılması, suyun az qala 300 metr dərinliyində kəmərlərin çəkilməsi bugünümüzün gerçəkliyidir və heç kəsi təəccübləndirmir. 40, 50, 60 il əvvəl isə bunlar möcüzə kimi görünürdü. Onda təkcə Neft daşları vardı. Burada dəniz şəhəri salınırdı, evlər tikilirdi, estakadalar, estakadayanı meydançalar inşa edilirdi. Dəli-dolu dalğaların qoynunda Xanoğlan kimi igidlər xarüqə yaradırdı.

Lerikdə anadan olmuş, Əmircanda səkkizillik məktəbi bitirmiş, sonra peşə təhsili alaraq qaynaqçılığı öyrənmişdi. Hünər göstərdiyi məkan isə Neft daşları olmuşdu. Təhsilini də burada davam etdirmiş, Neft texnikumunun dəniz şəhərində fəaliyyət göstərən filialını bitirmişdi.

Xanoğlan Bayramov Neft daşlarında əmək fəaliyyətinə fəhləlikdən başlamışdı. O, sözün tam mənasında, dəniz şəhərini tikənlərdən idi. 30 ildən çox bir dövrdə öz çətin peşəsindən ayrılmamışdı. Bu sədaqət də onu pillə-pillə ucaltmışdı.

25 il "Möcüzələr adası"nda çalışmış neftçi-şair Zaməddin Ziyadoğlu Xanoğlan Bayramovun "Azərdənizneftinşaat" Trestinin 6 saylı Tikinti-Quraşdırma İdarəsinin rəisi olduğu vaxtları xatırlayır. Deyir ki, o illərdə Neft daşlarında inşaat işləri geniş vüsət almışdı. Gecəyə-gündüzə, yağışa-küləyə baxmadan iş davam edirdi. Xanoğlan Bayramov bu işlərə rəhbərlik etməklə yanaşı, bizimlə, tabeliyində çalışan insanlarla dostluq etməyi də bacarırdı. Bu yüksək insani keyfiyyət çətin dəniz şəraitində güclü amil idi.

Xanoğlan Bayramov 1958-ci ildə, hələ 25 yaşında ikən dövrünün yüksək mükafatına — Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü. Fəaliyyətinin müxtəlif illərində ona bir sıra rəhbər vəzifələr tapşırılmışdı. "Xəzərdəniztəmirtikinti" Trestinin müdiri, "Azərdənizneftinşaat" Trestinin müdirinin müavini vəzifələrində çalışmışdı. Ancaq nə vəzifə dəyişdirirdi onu, nə şan-şöhrət. Həmişə sadə, zəhmətkeş, insansevər olaraq qalırdı. Amma işə gecikənlər, intizamı pozanlar gözünə görünməsə, yaxşı idi. Onda Xanoğlan Bayramovun sərt üzü özünü göstərirdi… Ən yaxşı tərbiyə üsulu isə şəxsi nümunə idi.

O nümunəni unutmayan, Xanoğlan Bayramovu özünün ustadı hesab edən yetirmələri bu gün də neft sənayemizdə "külüng vururlar". Bu sırada onun doğmaları, övladları da dayanır Oktay ve Füzuli.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]