Xatun və ya xatın — türkdilli xalqlarda hökmdarın qadın həyat yoldaşına və ya şahzadə qızlara verilmiş ad. Sonralar digər Şərq xalqları arasında da yayılmışdır. Xatunlar dövlətin idarə olunmasında, siyasi və iqtisadi həyatında mühüm rol oynamışdılar. İndiki dövrdə qadın adı kimi istifadə olunur.[1]
İslam Ensiklopediyasına görə, "Xatun Göytürklərin və sonrakı türk hökmdarlarının arvadları və qadın qohumları tərəfindən daşınan soqd mənşəli bir tituldur".[2] Bruno de Nikolanın "Women in Mongol Iran: The Khatuns, 1206-1335" kitabına görə, "xatun" termininin linqvistik mənşəyi məlum deyil, lakin ehtimal olunur ki, qədim türk və ya soqd mənşəlidir.[3] Piter Bencamin Qoldenin müşahidəsinə görə, "xatun" titulu Göytürklər arasında xaqanın qadın həyat yoldaşının titulu kimi yaranmışdır və soqdca "xwāten", yəni "hökmdarın arvadı" sözündən götürülmüşdür.[4]