Xeroneya döyüşü — E.ə. 338-ci ildə II Filippin Yunanıstana taxıl ixrac edən Qara dəniz boyu şəhərlərini öz nəzarəti altına almaq üçün Hellespont sahilindəki Perinf şəhərini mühasirəyə aldı. Makedoniya çarının atdığı bu addım yunan dövlətlərinin çoxunu təşvişə saldı. Afinada Filokrat sülhündən sonra mövqeyi zəifləmiş demokratik liqa yenidən üstünlük əldə etmişdi. Afinalılar Hellesponta böyük donanma göndərib Bizans yaxınlığındakı dəniz döyüşündə makedoniyalılara məğlub olmuşdur
Xeroneya döyüşü | |
---|---|
Tarix | e.ə. 338 |
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Lakin Bizans məğlubiyyətinin əvəzini çıxmaq və itirilmiş hərbi nüfuzunu bərpa etmək üçün II Filipp skif çarı Atey ilə müharibəyə başlasa da döyüş əməliyyatları gah bu, gah da qarşı tərəfin üstünlüyü ilə səciyyələnən yorucu müharibə xarakteri almışdı və makedoniyalilara uğur gətirmədi. Beləki, bu müharibə makedoniyalılar böyük qənimət, o cümlədən 20 min at əldə etdilər, lakin döyüşkən Frakiya tayfalarından olan triballar qəfildən Filippin qoşunlarına hücum edərək onlara böyük zərbə vurdular və ələ keçirdikləri bütün qənimətləri zəbt etdilər. Makedoniyalılar Frakiyanı özlərinə tabe edə bilməyib, böyük çətinliklərlə geriyə çəkilməli oldular.
II Filippin bu məğlubiyyətləri Yunanıstanda, xüsusilə Afinada antimakedoniya əhval-ruhiyyəsini xeyli canlandırdı. II Filip yenidən diqqəti diplomatiyaya yönəltdi və müttəfiqlər arası münasibətləri pozmaq üçün intriqaya əl atdı ki, bunun nəticələri özünü çox da gözlətmədi. E.ə. 339-cu ildə yunan şəhər-dövlətləri arasında başlanmış ikinci "müqəddəs müharibə"də iştirak edən II Filipp qısa müddətə Orta Yunanıstanda möhkəmləndi və itirilmiş mövqelərini bərpa etməyə müvəffəq oldu. Bu isə yenidən yunan şəhərlərini II Filippə qarşı birləşməyə vadar edirdi. Yunan polislərinin taleyinin həll edildiyi bu dövrdə bir sıra, hətta keçmişdə bir-biri ilə düşmən olan yunan dövlətləri – Afina, Fiv, Meqara, Korinf və başqaları II Filippə qarşı koalisiya yaradıb, böyük qoşun toplayaraq Makedoniya ilə müharibəyə hazırlaşırdılar. Nəhayət, e.ə. 338-ci ilin payızında Beotiyadakı Xeroneya şəhəri yaxınlığında döyüş bəşlayır. Amansız döyüşdə Fiv və Afina qoşunlarının zərbə qüvvəsi darmadağın edilir. Qüvvələr arasında təxmini bərabərliyin olmasına baxmayaraq (Filippin 30 min piyada, 2 min süvari qoşunu var idi, müttəfiqlərin qoşunlarının sayı isə bir qədər artıq idi) qələbə sayla yox, bacarıqla əldə edilir. Bu döyüşdə fivlərin məşhur "müqəddəs drujina"sı məhv edilir, başçısı isə öldürülür. Afina qoşunlarından 1000 nəfəri öldürülür, 2000 isə əsr alınır.
Döyüşdə II Filippin oğlu 18 yaşlı İsgəndər ordunun sol cinahına komandanlıq edirdi. II Filipp sonralar demişdi ki, Xeroneya döyüşü zamanı İskəndər mənim sol cinahımda idi, lakin sağ əlim idi. Onun sol cinahdan başladığı hücum mənim mərkəz və sağ cinahdakı qələbəmə gətirib çıxardı və bununla da yunan qoşununun birləşmiş qüvvələri əvvəlcə geri oturuldu, sonra isə darmadağın edildi.
Xeroneya döyüşü Yunanıstanın tarixi taleyində böyük dönüşə səbəb oldu. Mənbələrdə deyilirdi ki, Xeroneya döyüşündə həlak olanların cəsədlərinin yığılıb basdırılması ilə Yunanıstanın da istiqlaliyyəti və azadlığı da dəfn edildi. Bununla da bütün Yunanıstan II Filippin hakimiyyəti altına düşdü. Yunan dövlətlərinin çoxunda hakimiyyət başına Makedoniya tərəfdarları olan oliqarxlar gəlirdilər və e.ə. 337-ci ildə Korinfdə bütün yunan dövlətlərinin (Spartadan başqa) və Makedoniyanın iştirak etdiyi sinedrion (ümumi iclas) adlanan məşhur Panellin konqresi çağrıldı. Konqresdə ümumi sülh elan edildi, yunan şəhərləri arasında müharibələr qadağan olundu və Panellin ittifaqı təsis olundu. Konqresdə qəbul edilmiş bir sıra yeniliklərin içərisində İrana müharibə elan edilməsi mühüm yer tuturdu. Konqresdən sonra II Filipp Panellin ittifaqının hegomonu oldu. II Filipp bütün Eladanı siyasi cəhətdən birləşdirə bilmiş, bununla da faktiki olaraq Yunanıstan Makedoniyanın hegomonluğu altına keçirmişdi.