Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Xoca Əli Təbrizi — Mənşəcə Azərbaycan türklərindən olan məşhur şahmatçı.
Xoca Əli Təbrizi | |
---|---|
Xoca Əli Təbrizi əş-Şətrənci | |
Ölkə | |
Doğum tarixi | XIV əsrin sonu |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | XV əsrin əvvəlləri |
Xoca Əli Təbrizi əş-Şətrənci XIV əsrin sonu və XV əsrin əvvəllərində tanınmış şahmatçı olmuşdur. Onun doğum və ölüm illəri məlum deyil. Tarixçilərin və arxeoloji qazıntıların göstərdiyinə görə, şahmat Azərbaycanda hələ qədim zamanlardan məlum olub. XII əsr tarixçisi Ravəndinin sözlərinə əsasən, VII–VIII əsrlərdə bu oyun burada geniş yayılmışdı.
İslamın qəbul olunmasından və Azərbaycanın Ərəb Xilafətinə daxil olmasından sonra burada Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil və Təbriz kimi iri şəhərlər sürətlə inkişaf edir. Həmin şəhərlərdə elm, incəsənət və sənətkarlıq yayılır və intişar tapır. Bu zaman şahmat, dama və nərd kimi oyunlar da böyük kütləvilik qazanır, peşəkar şahmatçılar yetişir. Ədəbi və tarixi mənbələrə görə, Azərbaycanın ilk belə şahmatçısı XII əsrdə bütün Yaxın və Orta Şərqdə məşhurlaşmış Cəlaləddin Naxçıvani idi. Azərbaycanın dahi şair və mütəfəkkirlərindən Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi də şahmatla məşğul olmuşlar. Onların əsərlərindən də məlum olur ki, XI–XIV əsrlərdə Azərbaycanda böyükdən kiçiyə, qadından kişiyə qədər hamı şahmat oynamağı bacarırmış.
Orta əsr təzkirələrində hər hansı bir dahi şəxsiyyətin poeziya, xəttatlıq, yaxud rəssamlıq sahəsində ustalığı qeyd olunarkən eyni zamanda onun şahmatçılıq bacarığından da danışılır. Görkəmli Azərbaycan miniatürçüsü və şairi Sadıq bəy Əfşarın "Məcmə-ül-xəvas" adlı təzkirəsində bildirilir ki, onun ustadı istedadlı rəssam Müzəffər Əli böyük və kiçik şahmat taxtalarında adi və gözübaqlı şəkildə ustalıqla oynayırmış. Tanınmış İran alimi Məhəmmədəli Tərbiyətin "Azərbaycanın görkəmli adamları" kitabında orta əsr təzkirələrindən götürülmüş bir neçə belə fakt gətirilir. XVI əsr şairi Əbdi Şirvaninin həyat tarixçəsində bildirilir ki, o, görkəmli söz ustası olsa da, şahmatda tez-tez məğlubiyyətə uğrayırmış. Lakin onun yaşıdı, görkəmli şair və alim Çələbi bəyin tərcümeyi-halında onun digər üstün cəhətləri ilə birlikdə yaxşı şahmat oynamaq bacarığı da xüsusi qeyd olunur.
Xoca Əli Təbrizi haqqında nisbətən bütöv məlumatı XVI əsrin tanınmış tarixçisi Xandəmirin "Həbib-üs-siyər" adlı əsərindən ala bilirik. Xandəmirin sözlərinə görə, o, Əmir Teymurun nəhəng imperiyasında ən yaxşı şahmatçı sayılır və hamı onu məğlubedilməz bir oyunçu kimi tanıyırdı. Özü də deyilənə görə, Xoca Əli gözü bağlı vəziyyətdə eyni zamanda dörd lövhədə uğurla yarışa bilirdi. (Belə bir ehtimal var ki, gözü bağlı vəziyyətdə şahmat və nərd oynamaq təcrübəsi dəvə karvanlarında uzun müddətli səyahətlər zamanı yaranıb.)
Xoca Əli fenomenal yaddaş sahibi olub. O, bütün Quranı və bir çox ədəbi əsərləri əzbərdən bilirdi. Səmərqənddə Teymurun sarayına düşdükdən sonra Xoca Əli "Əş-Şətrənci" ləqəbini qəbul edir və bu adla şahmat tarixinə düşür. Yeri gəlmişkən qeyd olunmalıdır ki, böyük sərkərdə və dövlət xadimi Əmir Teymurun özü də şahmatın inkişafı üçün çox işlər görmüşdü.
Görkəmli şahmat tarixçisi Q. Morrey 1913-cü ildə nəşr olunan "Şahmat tarixi" adlı əsərində yazır: "Teymurun əsas rəqibi məşhur şahmatçı və şahmat məsələlərinin tərtibçisi Əli Şətrənci idi. O, Teymura şahmat məsələlərinin tərtibində kömək edirdi. Teymurun başqa bir rəqibi blits ustası Ələddin Təbrizi idi." Mənbələrdə göstərilir ki, Əli Təbrizi sarayda özünün ən küclü rəqibi sayılan məşhur ərəb coğrafiyaşünası və tarixçisi Şəhabəddin əl-Xvafiyəni həmişə məğlub edirmiş. Xandəmirin yazdığına görə, Əli Təbrizi sarayda "şahmatbazlar dəstəsi" deyilən bir qrup yaratmışdı və ona rəhbərlik edirdi. Bu dəstəyə o vaxtın məşhur şahmat ustalarından Xoca Əbdülvahab Təbrizi, Xoca Yusif Nəccar, usta Şəmsəddin Kazeruni və başqaları daxil idilər. Bu, görünür, şahmat tarixində qeydə alınmış ilk şahmat klubu sayılmalıdır.
Görkəmli Azərbaycan şahmatçısı Xoca Əli Təbrizi Əş-Şətrəncinin həyatı və fəaliyyəti haqqında məlumatları Azərbaycan alimi Şəhriyar Quliyev toplayıb dərc etdirmişdir. Elə Xoca Əlinin şahmata dair risalə yazdığını da ilk dəfə o bildirmişdir.