Xorvatiya krujevası (xorv. Čipkarstvo u Hrvatskoj) ― Aralıq dənizi[1] və kontinental Avropada krujeva istehsalı yayılmağa başladığı dövrdə İntibah dövrünə aid ənənə. Neçə illər ərzində Xorvatiya krujevası unikal naxış və dizaynla seçilir. 2009-cu ildə UNESCO Xorvatiya krujevasını "Qeyri-Maddi Mədəni İrsi" siyahısına əlavə etdi.[2]
Müasir zamanda Xorvatiyada, bir çox krujeva tikmə mərkəzləri var, onlar ilk növbədə Paq və Hvar Adriatik adalarında, şimal şəhəri Lepoqlavada və Medjimurska rayonunun Sveta Mariya kəndində yerləşirlər.
Paq adasının iynə krujevaları çoxsaylı həndəsi motivləri ehtiva edən tor şəklində bəzəklərdən ibarətdir. Hazır məhsul çox möhkəm olur və digər xorvat krujevalarından fərqli olaraq onu yumaq olar.
Bu cür krujevaların tikiş ənənəsi Paq adasında hələ də qorunub saxlanılır və bunun üçün xüsusi krujeva məktəbi açılmışdır.[3]
Lepoqlava şəhərində bobina krujevalarının hazırlama ənənəsi mövcuddur. Onların strukturu üslublaşdırılmış həndəsi və çiçək motivləri və naxışlarından ibarətdir, həmçinin heyvanların təsvirləri də krujevalara əlavə olunur. İstehsal zamanı ağ rəngdə kətan və ya pambıq ipindən istifadə olunur. Krujeva müxtəlif forma və ölçülərdə ola bilər.
Lepoqlavada krujeva istehsalı 19-cu əsrin sonunda fəal inkişaf etməyə başladı və müharibələrarası dövrdə "qızıl çağına" çatdı.[4] Bu dövrdə bağlar bir çox müsabiqə və beynəlxalq sərgilərdə uğur qazanmışdır: 1937-ci ildə Parisdə bir qızıl medalına layiq görüldülər, iki il sonra isə Berlində bürüncə.[5]
Hər il sentyabr ayında Lepoqlava şəhəri beynəlxalq krujeva festivalına ev sahibliyi edir.[6]
Hvar krujevalarının unikallığı ondan ibarətdir ki, onun ipləri adada böyüyən aqava (aloe) yarpaqlarından düzəldilir.[7] Yarpaqlar ilin müəyyən vaxtlarında yığılır və daha sonra incə ağ ipin düzəldilməsi üçün üzərində xüsusi işlər aparılır.
"Aloe krujevaları" kimi də adlanan bu krujevalar yalnız Hvar şəhərindəki Benedikt monastırının rahibələri tərəfindən tikilir.[8]