Xudadat bəy Poladov

Xudadat bəy Əli bəy oğlu Fuladov (1844-1872) — XIX əsr Azərbaycan şairi.

Xudadat bəy Fuladov böyük satirik şair Qasım bəy Zakirin nəvəsi, dövrün tanınmış şairləri olan İbrahim bəy Azər (1836-1885) və Abdulla bəy Asinin (1841-1874) qardaşlarıdır.

  • * *

Fuladov familiyası ilə məşhur olan üç qardaşdan biri də 1844-cü ildə Şuşada anadan olmuş ailənin son beşiyi Xudadat bəy idi. "Əli bəy vəfat edəndən sonra dörd səğir uşağı qaldı. Bu balalara Zakirdən başqa, bir münasib pərəstar yox idi. Odur ki, Zakir də naçar qalıb qəyyum oldu. (Rza qulu Cavanşir).

Əli bəy Fuladovun uşaqlarını, yəni Qasım bəy Zakirin qız nəvələrini – İbrahim bəyi, Abdulla bəyi və Xudadat bəyi babaları öhdəsinə götürüb, onlara öz doğma balaları kimi baxmağa başladı. Nəvələrinə "ailə məktəbi"ndə təlim-tərbiyə verdi, savad öyrətdi, şerə, sənətə məhəbbət oyatdı, bir sözlə qayğıkeşliklə böyüdüb ərsəyə çatdırdı. Bu nəticədə də hər üç qardaş – Zakir "ailə məktəbi"nin "məzunları" gələcəyin tanınmış şairləri oldular və Qarabağ poeziya məktəbinin layiqli davamçılarına çevrildilər.

Dövran elə gətirmişdi ki, bu üç qardaşın uşaqlığı və gənclik illəri Qasım bəy Zakirin dolanışığı nisbətən yaxşı olan vaxtlara düşmüşdü. İyirmi evdən ibarət olan Xırdırıstan kəndinin gəliri Qasım bəy ailəsini hər cəhətdən dolandırırdı.

Elə şair həyatının son dövrlərində yazdığı "Qocalıq" şerində gün-güzaranının firavam keçdiyini və nəvələrindən razı qaldığını bildirirdi:


Zakirəm, türfə xiyaban ilə bağım vardır,
Yatmağa, durmağa zəngin otağım varlır,
Nə qədər aşü-plov yesə qonağım, vardır
Yaxşı nəvvadələrim, oğul-uşağım vardır,
Yoxdu bir özgə qəmim, fikri-xəyalım, qocalıq.

Xudadat bəy evin son beşiyi olduğu üçün babası daha çox mehrini ona salmışdı. Qasım bəy vəfat edənə qədər nəvəsi onun yanında yaşamış, ev və təsərrüfat işlərində əlindən tutmuş, köməklik göstərmişdi.

O da böyük qardaşları kimi Şuşada fəaliyyət göstərən ədəbi və musiqi məclislərində iştirak edir, Qarabağın tanınmış ədəbiyyat və incəsənət xadimləri ilə oturub-durur, görüb-götürürdü. İlk dəfə qələm tutub, şeir yazmağı babasından öyrənsə də, Şuşa məclislərində iştirakı onu daha da püxtələşdirmiş, əsl şair səviyyəsinə yüksəktmişdi.

Şair və musiqişünas Mir Möhsün Həvvab özünün "Məclisi-fəramuşan" adlı ədəbi dərnəyini təşkil edən vaxtlar artıq Xudadat bəy bir şair kimi tanınmışdı.

Xudadat bəy Fuladovun böyük şair qardaşları ədəbi təxəllüs qəbul etmişdilər (İbrahim bəy "Azər", Abdulla bəy isə "Asi" təxəllüsü ilə yazırdı), o isə təxəllüs götürməmişdi. Şeirlərinə sadəcə olaraq ad-familiyasını qoyurdu.

Xudadat bəy təkcə Qarabağda yox, ondan kənarda – Gəncədə, Şamaxıda, Ordubadda, Barıda, Lənkəranda da şair kimi tanınır və bir çox şairlərlə dostluq əlaqələri saxlayırdı. Satirik şairimiz Seyid Əzim Şirvani onu şəxsən tanıyır və yaradıcılığını yüksək qiymətləndirirdi.

Xudadat bəy Fuladov da qardaşları kimi çox qısa ömür sürmüş, 28 yaşında vəfat etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]