Xudu pəhlivan

Xudu Ocaqqulu oğlu — XVIII yüzilin sonu, XIX yüzilin önlərində yaşayıb.

Əkinçiliklə, boş vaxtlarında da pəhlivanlıqla məşğul olub. Qolunun gücü ilə həm Qarabağda, həm Gəncəbasarda ad qazanıb. Kənd camaatının söyləmələrinə görə, Goran çayının yaxınlığında izi duran kahada pələng Xudu pəhlivana hücum etmiş, bir az çarpışmadan sonra pəhlivan pələngi boğub öldürmüşdü.

Xudu pəhlivanla bağlı başqa bir söyləmə də var. Onun şücaəti haqda xəbər Gəncəli pəhlavana çatmış, həmin pəhlivan Xudu babanın sorağı ilə Səfikürdə gələrkən onun özü ilə rastlaşmışdır. Özünün Xudu pəhlivanın nökəri olduğunu bildirən Xudu baba Gəncəli pəhlivanı evinə aparmış, gecə qonaq saxlamışdı. Gəncəli pəhlivan gücünü göstərmək üçün evin nisbətən az ağırlıq düşən dirəyini (harmanı) qaldıraraq, çarıqlarını onun altına qoymuşdur. Xudu baba çarıqları daha çox ağırlıq düşən dirəyin altına yerləşdirmişdir. Səhər qonaq "nökər"in əməlini gördükdən sonra Xudu pəhlivanla qarşılaşmağa ehtiyat etmiş və Gəncəyə dönmüşdü.

Xudu Ocaqqulu oğlu Meyxanım, Tükəzban adlı arvadlarla evlənib. Birinci arvaddan Allahverdi, ikinci arvaddan İsmayıl, Alıməmməd, Süleyman adlı oğulları, Tutu adlı qızı olub. Hazırda onun törəmələri xudular adlanır.

  • Ənvər Çingizoğlu, Səidə Qulubəyova, Səfikürdlülər, Bakı, "Elm", 2005, səh.152.