Yədulla Ağazadə (azərb. Ağazadə Yədulla Bədir oğlu) — folklorşünas[1], ədəbiyyatşünas, yazıçı-publisist, filologiya elmləri doktoru (2014), professor (2019)[2]
Yədulla Ağazadə | |
---|---|
Doğum tarixi | 1 iyul 1950 (73 yaş) |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Lənkəran Dövlət Universiteti |
Təhsili | Bakı Dövlət Universiteti, filologiya fakültəsi |
Tanınır | folklorşünas,ədəbiyyatşünas |
Üzvlüyü | Azərbaycan Yazıçılar Birliyi |
Mükafatları |
Yədulla Bədir oğlu Ağazadə 1950-ci il iyulun 1-də Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini Lənkəran şəhər 5 nömrəli (1957–1961) və Lənkəran şəhər internat (hazırda gimnaziya) (1961–1967) orta məktəblərində almışdır. Bir müddət Lənkəran şəhər meyvə-tərəvəz konserv (1967), Bakı tikinti materialları (1968) və Azərbaycan Boru prokatı zavodlarında fəhlə işləmişdir (1968–1969). 1969–1970-ci illərdə ordu sıralarında xidmət etmişdir.
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini (qiyabi) bitirmişdir (1975).
Pedaqoji fəaliyyətə Lənkəran rayonunun ucqar Gəgiran kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1971–1973). Daha sonra Gəgiran kənd orta məktəbinin direktoru vəzifəsində (1973–1981), rayonun Ləj kənd orta məktəbində tədris işləri üzrə direktor müavini (1981–1990), Lənkəran şəhər 5 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifələrində çalışmışdır (1990–1998). Lənkəran Dövlət Universitetində fəaliyyətə başladığı gündən (1992) burada baş müəllim(1992–1998), dosent (1998–2015), professor (2016-cı ildən) vəzifələrində çalışmış, hazırda LDU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professorudur.[3] "Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti" mövzusunda namizədlik (1998), "Azərbaycan poeziyasında satirik poeziyasının təşəkkülü və inkişafı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir (2013).
İctimai fəaliyyətlə ardıcıl məşğul olmuş, Lənkəran Şəhər sovetinin deputatı, Lənkəran Yaradıcı Müəllimlər İttifaqı İdarə heyətinin üzvü kimi fəaliyyət göstəmişdir.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[4]
25 noyabr 2022-ci ildə Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb
Folklorşünaslıq və ədəbiyyatşünaslıq üzrə elmi-nəzəri araşdırmaların müəllifidir. "Qəhrəmanlığa bərabər ziyalılıq "(1999), Teymur bəy Bayraməlibəyov və folklor" (2003) monoqrafiyalarında folklorla bağlı araşdırmalar aparmış, Azərbaycanın tanınmış folklorşünası və etnoqrafı Teymur bəy Bayraməlibəyovun elmi — nəzəri irsini araşdırmışdır. Elmi yaradıcılığında Azərbaycan ədəbiyyatında satirik poeziyanın təşəkkülü və inkişafı məsələləri xüsusi yer tutur. Çoxsaylı publisistik yazıların, ədəbi -tənqidi məqalələrin müəllifidir. Yədulla Ağazadənin elmi yaradıcılığının müəyyən bir qismini respublika və beynəlxalq elmi konfranslarda, elmi seminar və sessiyalarda oxuduğu məruzələr, etdiyi çıxışlar təşkil edir. Lənkəran bölgəsinin folklor örnəklərinin toplanmasında mühüm xidmətləri vardır. Azərbaycanda 100-dən artıq elmi məqaləsi, 4 monoqrafiyası, 2 dərs vəsaiti çapdan çıxmışdır. Elmi əsərləri həmçinin müxtəlif ölkələrdə yayınlanmışdır.
Yədulla Ağazadənin bədii-publisistik yaradıcılığı Lənkəranda çıxan "Leninçi" və "Lənkəran" qəzetində, eləcə də respublika mətbuatında işıq üzü görən esselər, satirik-yumoristik nümunələrdən, həmçinin "Həyatı öyrəndiyim illər", "Tarixləşən-əbədiləşən ustad" kitablarında toplanmış yazılarda öz ifadəsini tapmışdır.
Azərbaycan Yazıçılar Birliyi (2006)