Yağlayıcı-soyuducu mayelər

Yağlayıcı-soyuducu maye, YSM — əsasən metalların kəsmə və ya təzyiqlə emalı zamanı istifadə olunan müxtəlif maye tərkiblərin ümumiləşdirilmiş adıdır. Ən çox yayılmış YSM neft yağlarıdır (adətən, yeyilməyə və siyrilməyə qarşı aşqarlarla birlikdə) və onların 3-10%-li su emulsiyalarıdır.

YSM-lərin tətbiqi

[redaktə | mənbəni redaktə et]

Adından məlum olduğu kimi, YSM-lərin əsas funksiyaları soyutma və yağlamadır. Metalların müasir emal texnologiyaları və avadanlıq kəsmə, basma, yayma, qazma, cilalama və digər intensiv prosesləri həyata keçirməyə imkan verir. Yüksək gərginlik, yüksək statik və dinamik yüklər deformasiyaya uğrayan materialların qızmasına səbəb olur, bu da emalın keyfiyyətinin pisləşməsinə, avadanlıq və alətlərin korlanmasına gətirib çıxarır. YSM-ın tətbiqi emal zonasında temperaturu istilikdəyişmə, daha çox buxar əmələgəlmə hesabına münasib səviyyəyədək azaltmağa imkan verir. YSM-də yağlayıcı xassələrin olması emal zonasında sürtünməni, alətin yeyilməsini, siyrilməsini, emal olunan detal və alətlərin səthlərinin zədələnməsi ehtimalını xeyli azaldır. Ümumiyyətlə, YSM-dən istifadə texnoloji proseslərin intensivliyini və avadanlığın məhsuldarlığını artırmağa imkan verir. Müasir YSM-lər mürəkkəb fiziki-kimyəvi sistemlər ola bilər. Onların tərkibində korroziyaya, yeyilməyə və siyrilməyə qarşı aşqarlar, eləcə də biosidlərin olması mümkündür.

YSM-lərin təsnifatı

[redaktə | mənbəni redaktə et]

YSM-lər fiziki-kimyəvi tərkibinə görə aşağıdakı kimi təsnif olunur[1]: 1.Yağlı. Alətin toxunan hissələrində sürtünmənin azalmasını təmin edən baza yağı (çox vaxt mineral yağ) əsasında hazırlanır. İşçi göstəriciləri yaxşılaşdırmaq üçün tərkibə müəyyən aşqar paketləri də daxil edilir. 2. Su ilə qarışan. Bu YSM-lərin tərkibi olduqca müxtəlifdir: emulqator, spirtlər, yağlar, elektrolitlər, aşqarlar və digər maddələr. Hazırlanan emulsiyanın xassələri suyun miqdarından asılıdır. müxtəlif istismar göstəriciləri olan 3 növ su ilə qarışan YSM mövcuddur: •emulsiya yaradan (emulsol) və ya adi – tərkibində yüksək miqdarda yağ olan (60-75%) YSM su ilə durulaşdırılanda süd rəngli emulsiya əmələ gətirir; •yarısintetik - tərkibində az və ya orta miqdarda yağ olan (10-50%) YSM su ilə qarışanda yarımşəffaf mikroemulsiya əmələ gətirir; •sintetik – tərkibində yağ olmayan və su ilə təmiz kimyəvi məhlul əmələ gətirən YSM adətən cilalamada istiadə olunur.

YSM-lərin göstəricilərinə həmçinin aşqarlar təsir edir: •korroziyaya qarşı aşqarlar metalın ağır yükün təsiri altında emal zamanı onun səthinin müdafiəsi üçün nəzərdə tutulmuşdur; •yeyilməyə qarşı aşqarlar alətlərin, eləcə də dəzgahların ayrı-ayrı detallarının yeyilmə və köhnəlməsini azaltmağa və bununla da avadanlığın istismar müddətini artırmağa imkan verir; •siyrilməyə qarşı aşqarlar alət səthinin emal zamanı zədələnməsinin qarşısını alır; •dumana qarşı aşqarlar yağlı YSM-lərdən duman əmələ gəlməsinin qarşısını alır; •köpüyə qarşı aşqarlar YSM-lərin istismar müddətini artırır.

  1. "Arxivlənmiş surət". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.