Yaşar Səfərov (1940, Azərbaycan – iyul 2007) — Azərbaycan müğənnisi, vokalist, Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Televiziyasının solisti, Azərbaycan SSR əməkdar artisti (1989).
Yaşar Səfərov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1940 |
Doğum yeri | |
Vəfat tarixi | iyul 2007 |
Musiqiçi məlumatları | |
Mükafatları |
Yaşar Abutalıb oğlu Səfərov 1940-cı ildə Naxçıvanın Şahbuz rayonunun Şahbuzkənd kəndində anadan olmuşdur . Y. Səfərov A. Zeynallı adına musiqi texnikumunun vokal və kamança şöbələrini, Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya aktyorluğu fakültəsini bitirdikdən sonra o, uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Şikrətinin solisti olmuşdur. Y. Səfərov Kuba, Avstriya, Macarıstan, Danimarka, Türkiyə və bir çox xarici ölkələrdə konsertlərlə çıxış etmiş, Azərbaycan musiqi sənətini müvəffəqiyyətlə təmsil etmişdir. O, Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk ifaçısı olmuşdur. Y. Səfərov 1974-cü ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Naxçıvan MR-in Əməkdar Artisti, 1989-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adlarına layiq görülmüşdür. F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi əsgərlər qarşısında tez-tez çıxışlar etmişdir. Vətəni, xalqımızın igid oğullarını vəsf edən mahnıları ilə onlara mətinlik hissi aşılayır. O, eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Prezident təqaüdçüsü idi. Musiqiyə, vokal sənətinə olan güclü həvəs Yaşar Səfərovu Azərbaycan musiqi elminin beşiyi sayılan Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarır. Burada əvvəlcə kamança, 2-ci kursdan isə oxuduğu "Küçələrə su səpmişəm" xalq mahnısı bəyənildikdən sonra isə vokal sinfində təhsil alır. Texnikumda təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsilə yiyələnir. İnstitutu bitirdikdən sonra , uzun illər Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin solisti işləyən Yaşar Səfərov Kuba, Avstriya, Macarıstan, Danimarka, Türkiyə və bir çox xarici ölkələrdə konsertlərlə çıxış edərək Azərbaycan musiqi sənətini müvəffəqiyyətlə təmsil edib. O, həmçinin Azərbaycan bəstəkarlarının bir çox mahnı və romanslarının ilk ifaçısıdır.
Yaşar Səfərov repertuarında ilk əvvəl xalq mahnılarına, bəstəkar mahnılarına önəm verirdisə, sonrakı illərdə bununla yanaşı Azərbaycan və Qərb bəstəkarlarının klassik operalarından ariyalar, romanslar da oxumağa başlayır. Yaradıcılıq taleyi Yaşar Səfərovu yeni uğurlara doğru aparırdı. Belə uğurlardan biri də onun 1959-cu ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin xor kollektivində solist olaraq işə qəbul edilməsi idi. Böyük bəstəkar və dirijor Səid Rüstəmovla ilk tanışlıq və yaradıcılıq təmasları da elə məhz bu vaxtdan başlayıb. Onu da qeyd edək ki, korifey sənətkarın Yaşar Səfərovun sənətində uğurlu addımlar atmasında böyük rolu olub. Bəstəkarın "mənim əksər mahnılarımın ilk ifaçısı Şövkət Ələkbərova və Gülağa Məmmədov olub. Sənin səsin çox xoşuma gəlir. İstəyirəm sən də onların davamçısı olasan" deməsi gənc müğənninin sənətinə verilən yüksək qiymət idi. Səid Rüstəmovun bu sözləri təbii ki, onun daha məsuliyyətlə işləməsinə də təkan verirdi.
Yaşar Səfərovun səhnə həyatı çox uğurlu olub. Səs diapazonuna, səhnə mədəniyyətinə, həyatda davranışına görə onu çox istəyirmişlər. Şövkət Ələkbərova onu hər dəfə görəndə deyərmiş: "həm ifaçı həm də qədərsiz insan olduğun üçün sənə qədərsiz hörmətim var". Təsadüfi deyil ki, Ramiz Mirişli, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa bəstəkarlar yeni nota aldıqları mahnıları ifa etməyi məmnuniyyətlə ona həvalə edərdilər. Elə bu səbəbdən də müğənninin repertuarındakı mahnılar günbəgün artırdı. Hazırda qızıl fondda saxlanılan "Oxu tar", "Şeir deyildi", "Ağ çiçəklər", "Süsən qızlar" xalq mahnılarından "Küçələrə su səpmişəm", "Gözəlim sənsən" və başqa mahnılar ilk dəfə səhnədə onun ifasında səslənəndə alqışlarla qarşılanıb.
Yaşar Səfərov sənət dünyasında Naxçıvanla bağlı mahnılar xüsusu yer tuturdu. Müğənni yaradıcılığı boyu Naxçıvanı vəsf etməkdən yorulmayıbdır. Harada oxuyursa oxusun, hansı səhnədə çıxış edirsə etsin onun konserti Naxçıvan mahnısı ilə başlayıb onunla da sona yetərdi. Müğənni qəlbən, ruhən doğma diyara bağlı idi. Bu sevgi hələ uşaqlıqdan onun qəlbində baş qaldırmışdı. Sənətşünaslar "Yaşarın səsində şır-şır axan Arazın səsinin doğmalığı var "-deyirdilər. Doğma diyarı vəsf edən nəğmələrin ən gözəl təqdimatçısı idi desək yəqin ki, yanılmarıq. Konsert salonlarında, mavi ekranda, radio dalğalarında həmişə bir səs eşidilirdi: Ramiz Mirişli, "Naxçıvan təranələri", oxuyur Azərbaycan Televiziya və Radiosunun solisti Yaşar Səfərov. Onun Naxçıvana həsr olunan vokal əsərlərindən ibarət nəğmə çələngində müxtəlif səciyyəvi mahnılar var idi: Ramiz Mustafayevin "Sevimli Naxçıvan", Nəriman Məmmədovun "Sirab", Mehriban Əhmədovanın "Arazüstü şəhərim", Ramiz Mirişlinin "Qızlar bulağı", "Doğma diyar". Ancaq bu mahnıların sırasında bir mahnı var idi ki, Yaşar Səfərovun ifasında ölümsüzlük qazanıb desək heç də yanılmarıq. Bu da doğma diyarımız haqqında yazılan ən gözəl mahnılardan biri olan "Naxçıvan" mahnısıdır. Həqiqətən də Yaşar Səfərov Məmməd Cavadovun Hüseyn Əziminin sözlərinə bəstələdiyi "Naxçıvan" mahnısının ən mahir ifaçısıdır.
Unudulmaz səs sahibinin ifasında dinlənilən elə mahnılar var ki, bu dəyərli əsərlərə sənətkar öz möhrünü vurub. Belə mahnıların sırasında onun sənət dostları ilə birgə oxuduğu duetlər xüsusilə seçilir. Yaddaqalan, şirin, məlahətli səsləri ilə könülləri riqqətə gətirən, bu gün də adları sənətsevər dinləyicilər tərəfindən hörmətlə çəkilən hər iki ifaçı — Yaşar Səfərovla Elmira Rəhimova musiqi mədəniyyətimizdə duet janrına adlarını qızıl hərflərlə yazdırıblar. Məhz onların ifasında səslənən "Səadət", "Günəşi gözləyirik", "Həyat söylə sən kiminsən", "Ulduzlar" və digər mahnılar duet janrının ən gözəl nümunələri kimi xalq tərəfindən sevilib. Azərbaycanın klassik mahnılarının əvəzolunmaz ifaçıları Yaşar Səfərov və Elmira Rəhimovanın oxuduğu "Səadət" mahnısı "Qızıl duetlər" sırasındadır. Bu cütlük birlikdə bir çox duet oxusa da, ən yaddaqalanı və bu gün də seviləni "Səadət" mahnısıdır. Elmira Rəhimova özü həmin duet haqqında deyirdi: "Azərbaycanda duet oxumağın əsas təməlini Yaşar Səfərovla biz qoymuşuq. Doğrudur, 50–60 il bundan əvvəl Xan əmi ilə Şövkət Ələkbərova "Keçən il gördüm səni" misrası ilə başlayan xalq mahnısını duet şəklində oxuyublar. Amma onlardan sonra bizə qədər heç kəs müasir duet oxumayıb. Professional bəstəkar duetlərini Yaşarla mən ifa etmişik". Doğrudur "Səadət" mahnısını sonralar gənc ifaçılar da solo və ya duet şəklində ifa edirlər, amma Elmira Rəhimova ilə Yaşar Səfərovun səsinin bu mahnıya vurduğu möhürü hələ ki heç bir səs unutdurmaq gücündə deyil.
Qeyd etmək lazımdır ki, mərhum sənətkar mədəniyyətimizin inkişafındakı uğurlarına görə 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1989-cu ildə isə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görümüşdü, prezident təqaüdçüsü idi. 2007-ci ildə 67 yaşında vəfat edən Yaşar Səfərov qaynar, sənətə bağlı bir ömür yaşadı.