Yaddasaxlama qurğusu

Yaddasaxlama qurğusu (storage,запоминающее устройство (ЗУ), depolama, bellek) — hesablama texnikasında: verilənlərin saxlandığı istənilən xarici qurğu. Mikrokompüterlərdə əsasən iki növ yaddasaxlama qurğusu olur. Onun özünün operativ yaddaşında iş gedişində proqramlar və müxtəlif növ daxili idarəedici informasiyalar müvəqqəti olaraq saxlanılır. Kompüterin disksürənlərində və başqa yaddasaxlama qurğularında informasiya həmişəlik saxlanılır və onlara yalnız mikroprosessora lazım olduqda erişilir. Kompüterlərdə başqa növ yaddasaxlama qurğuları da olur. Onun daimi yaddaşı (ROM) başlatma komandaları və giriş-çıxış prosedurları kimi zəruri informasiyanı saxlamaq üçün nəzərdə tutulmuş silinməyən yaddasaxlama qurğusudur. Bundan başqa, kompüterdə müəyyən verilənləri (məsələn, printerə göndərilən və ya klaviaturadan oxunan simvolları) müvəqqəti saxlamaq üçün ehtiyat yaddaş hissələrindən – buferlərdən istifadə olunur.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 816 s.