Yalquzaq (snayper tüfəngi) MSN mühəndisləri tərəfindən yaradılmışdır. Bu yüngül çəkili snayper tüfəngi barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayında nazir Yavər Camalov açıqlayıb. Snayper tüfəngi 2012-ci il, dekabrın 17-də dövlət başçısına təqdim olunub.
Yalquzaq | |
---|---|
Tipi | Snayper tüfəngi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2013 - davam edir |
İstismar edənlər | Azərbaycan |
İstehsal tarixçəsi | |
Konstruktor | Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi |
Konstruksiya tarixi | 2012 |
İstehsalçı | Müdafiə Sənayesi Nazirliyi |
İstehsal illəri | 2012 |
Xüsusiyyətləri | |
Ağırlığı | 7.1 kq |
Məsafə | 1000 m |
Uzunluğu | 1170 mm |
Kalibr | 7.62×51 mm |
Mərminin başlanğıc sürəti | 10-15 atəş/dəqiqə |
Effektiv məsafə | 1000 m |
"Yalquzaq"ın atış məsafəsi 1000 metr, darağının tutumu 10 patron, çəkisi isə 7.1 kq-dır.[1]
"Yalquzaq"Azərbaycan MSN-in mühəndisləri tərəfindən yaradılmış və tam olaraq NATO standartlarına cavab verən ilk milli silahdır. Hazırda silahın bütün hissələri yerli zavodlarda istehsal olunur, yəni "Yalquzaq" 100% yerli zavodlarda istehsal olunan NATO standartına uyğun snayper tüfəngidir.
Çəkisi boş halda 7.1 kq təşkil edən "Yalquzaq" snayper tüfəngi 10 patron tutumlu daraqla dəstləşdirilir və dəqiqədə 10–15 atəş tezliyinə malikdir. Qeyd edək ki, snayper tüfənginin ümumi uzunluğu 1170 mm, lüəsinin uzunluğu isə 660 mm təşkil edir. Qundağı yığılmış vəziyyətdə isə silahın uzunluğu 950 mm olur. Teleskopik qundağın uzunluğu atıcının anatomiyasına uyğun olaraq 75 mm-dək tənzimlənir.
Snayper tüfəngi baza versiyada və ixraca MSN "Alov" zavodunun istehsalı olan STON optik nişangahlarla dəstləşdirilən şəkildə təklif olunur. "Yalquzaq"dan optik nişangahla 1000 metrə, mexaniki nişangahla isə 600 metrə qədər məsafədə yerləşən hədəflərə sərrast atəş açmaq mümkündür. Qeyri-avtomatik (bolt action) əl ilə doldurulan iş prinsipinə malik "Yalquzaq" snayper tüfəngi müxtəlif istismar şərtlərində havanın 93–97% nisbi rütubətliliyində, 50 dərəcə soyuq və istidə, yağış, toz və qarlı şəraitdə istismar oluna bilir. "Yalquzağ"ın hissələri yüksək möhkəmliyə malik alüminium xəlitədən hazırlanıb. Testlərdən əldə edilmiş nəticələr əsasında silah əvvəlki nümunəsi ilə müqayisədə ümumi konstruksiya və ballistik xüsusiyyətlər saxlanılmaqla, müəyyən dəyişikliklərə məruz qalıb.
Mütəxəssislərin dəyərləndirmələrinə görə, yaradılması və inkişafı çox diqqətlə və dəqiqliklə həyata keçirilmiş "Yalquzaq" özünün taktiki-texniki xüsusiyyətlərinə görə, son 10 ildə dünyada öz sinfində populyar olan JNG-90 "Bora-12" (Türkiyə), "Truvelo CMS-7.62" (CAR), CDX Lite, CDX Tac (Kanada), "Orsis T-5000" (Rusiya), Accuracy International AX308(İngiltərə), APR 308 (İsveçrə) kimi snayper tüfəngləri ilə rəqabət apara biləcək silahlardandır.
"Yalquzaq" snayper tüfəngində atəş zamanı nişanalma əməliyyatını rahatlaşdırmaq üçün yığılan qundağın konstruksiyasında qalxma hündürlüyü nizamlanan yanaq və yuxarı-aşağı hərəkət edən arxalıq nəzərdə tutulub. Qundaq hissə və yanaq atıcının bədən ölçülərinə uyğun tənzimlənir. Bundan başqa, "Yalquzaq"da qundaq yürüş vəziyyətində sola doğru qatlanır.
Silahın ön hissəsində ikiayağı və qundaq altında isə qatlanan dayaq tətbiq edilib ki, bu da atışlar zamanı yüksək dəqiqliyin təmin edilməsində mühüm rol oynayır. Atıcı ayaq üstə olduğu zaman ikiayağı yığmaqla silahdan atəş aça bilir. Sərt ayaqlar atış zamanı titrəmə yaratmır. Silahın tapança dəstəyi kompozit materaldan hazırlanıb və atıcının əlinə sabit oturması ücün işlənib. Silahda tətbiq olunan yeni texnologiya geriyə təpmənin maksimum azaldılmasına gətirib çıxarıb ki, bu da ikinci atəşin açılması zamanının qısalmasına səbəb olub.
Mütəxəssislərin sözlərinə görə, "Yalquzaq" snayper tüfəngində Azərbaycan hərbi sənayesində ilk dəfə olaraq tətiyin tənzimlənməsi mexanizmi tətbiq edilib. Bu da tətik mexanizminin sərtliyini, məsafəsini atıcının rahatlığı üçün öncədən nizamlamağa imkan verir. Tüfəngin zərbə-tətik mexanizmi xüsusi dizayn üzrə hazırlanıb (3 elementdən ibarətdir) ki, bu da qısa zaman kəsiyində ona texniki qulluq göstərməyə və dəyişməyə imkan yaradır.
Snayper tüfəngində təkmilləşdirilən lüləağzı əyləcdən istifadə olunur. Əyləc dəyişən və çoxkameralıdır. Bu müxtəlif əməliyyatlar zamanı fərqli konstruksiyalı əyləclərdən istifadə etmək imkanı qazandırır. Əməliyyat ehtiyaclarına uyğun olaraq "Yalquzaq" həm də müxtəlif ölkələrin istehsalı olan səsboğucu ilə də dəstləşdirilə bilir.
Silahın lüləsində əlavə sərtlik, çəkinin yüngülləşdirilməsi və soyumanın yaxşılaşdırılması məqsədilə kanallar açılıb. Lülənin qutu ilə birləşdiyi müstəvidə yeni bir qurğu–montaj şınası nəzərdə tutulur. Bu örtüyün yan hissələrində olan açıq sahələr atəş zamanı lüləyə əlavə soyudulma funksiyası gətirir ki, bu da öz növbəsində lülənin davamlılığını və xidmət müddətini artırır.
Məhz lülənin üzərində açılmış kanallar lülənin soyudulması və onun hava axınını lazımınca istifadə etmə funksiyasını mühəndislərimizin silah yaradıcılığında uğuru kimi qiymətləndirmək olar. Yuxarıda qeyd olunduğu kimi, bu yanaşma həm lülənin yüngüllüyünü, həm soyudulmasını, həm onun istismar müddətinin artmasını və sonda isə silahın keyfiyyətli və dəqiq atəş açması funksiyasını yüksəldir.
Silahın mühüm özəlliklərindən biri də üzərində optika və müxtəlif aksesuarlarla dəstləşdirmək üçün MİL 1913 NATO standartına uyğun "Picatinni" tipli tamasaların olmasıdır. MSN müəssisəsində hazırlanmış bu tamasalar vasitəsilə silahın üst qisminə və yanlarda müxtəlif aksesuarların əlavə edilməsi imkanları mövcuddur.[2]