Yaqub Hacıyev (9 may 1929, Şamxor – 19 iyul 2009) — akademik, baytarlıq elmləri doktoru (1968), professor (1972), AMEA-nın həqiqi üzvü (2001).[1]
Yaqub Hacıyev | |
---|---|
Yaqub Hüseyn oğlu Hacıyev | |
Doğum tarixi | |
Doğum yeri | Morul, Qazax qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (80 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Hüseyn Hacıyev |
Elmi dərəcəsi | baytarlıq elmləri doktoru (1968) |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, Leninqrad Baytarlıq İnstitutu |
Tanınır | professor (1972) |
Üzvlüyü | AMEA-nın həqiqi üzvü (2001) |
Yaqub Hacıyev 9 may 1929-cu ildə Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1946-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olmuşdur. 1949-cu ildə Leninqrad Baytarlıq İnstitutuna köçürülərək, 1951-ci ildə burada ali təhsilini uğurla başa vurmuşdur. O, 1957-ci ildə Moskvada Konstantin Skryabin adına Ümumittifaq Helmintologiya İnstitutunun aspiranturasını bitirmişdir.[1]
Yaqub Hacıyev əmək fəaliyyətinə Zaqatala Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi başlamış, 1951–1952-ci illərdə Şəmkir Rayonu Mərkəzi Baytarlıq Müalicəxanasında baytar həkimi işləmişdir. O, 1952–1956-cı illərdə Azərbaycan Elmi Tədqiqat Baytarlıq Təcrübə Stansiyasının Naxçıvan dayaq məntəqəsində kiçik elmi işçi, 1956–1958-ci illərdə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Naxçıvan Kənd Təsərrüfatı Zona təcrübə stansiyasında baytarlıq şöbəsinin müdiri, 1958–1959-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin respublika baytarlıq laboratoriyasında baş baytar vəzifələrində çalışmışdır.[1]
Yaqub Hacıyevin elmi fəaliyyəti 1959-cu ildən etibarən Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu ilə bağlı olmuşdur. O, 1959–1968-ci illərdə bu institutda müxtəlif vəzifələrdə çalışmış, 1968-ci ildən ömrünün sonuna qədər burada laboratoriya müdiri işləmişdir.[1]
Yaqub Hacıyev 1957-ci ildə namizədlik və 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1972-ci ildə professor elmi adını almışdır. O, 1972-ci ildə Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının müxbir üzvü seçilərək, akademiyanın heyvandarlıq və baytarlıq üzrə Zaqafqaziya bölməsinin sədri vəzifəsini tutmuş, 1991-ci ildə isə akademiyanın həqiqi üzvü seçilmişdir. Yaqub Hacıyev 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi.[1]
Akademik elmi tədqiqatlarının başlıca istiqaməti baytarlıq helmintologiyası ilə bağlıdır. O, təbiətdə və heyvan orqanizmində mikroelementlərin miqdarından asılı olaraq, helmintozların yayılma qanunauyğunluğunu üzə çıxarmaqla ən geniş yayılmış helmintozlara qarşı müalicə-profilaktik tədbirlər hazırlamış və onların tətbiqini təşkil etmişdir. Yaqub Hacıyev helmintozlara qarşı orqanizmin müqavimətinin artırılması və terapiya məqsədi ilə mikroelementlərin tətbiqinin elmi əsaslarını işləmişdir. Suvarılan torpaqlarda bu tədbirlərin həyata keçirilməsi sayəsində həmin xəstəliyin kəskin formasına yoluxma halları azalmışdır. Yaqub Hacıyevin bu istiqamətdə aldığı nəticələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirilərək, onların keçmiş Sovetlər İttifaqının cənub regionlarında istifadəsi tövsiyə edilmişdir.[1]
Yaqub Hacıyev 20-dən artıq dərman bitkisinin xassələrini araşdırmış, bəzi bitkilərin helmintozlara qarşı işlədilməsinə dair səmərəli təkliflər irəli sürmüşdür. Onun respublika şəraitində normativ sənəd kimi istifadə üçün nəşr etdirdiyi təlimatlar toplusundan baytarlıq idarələrində və tədris müəssisələrində geniş istifadə edilməkdədir.[1]
Azərbaycanda helmintoloqlar məktəbinin yaradıcılarından biri olan Yaqub Hacıyev yüksək ixtisaslı kadr hazırlığı işinə böyük xidmətlər göstərmişdir. Onun rəhbərliyi ilə onlarca namizədlik dissertasiyası müdafiə olunmuşdur. Alimin tədqiqatları 180-dək elmi əsərdə, o cümlədən 10 kitabda öz əksini tapmışdır. O, eyni zamanda "Azərbaycan aqrar elmi" jurnalının baş redaktoru idi.[1]
Yaqub Hacıyev baytarlıq üzrə bir çox mötəbər beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir. Yaqub Hacıyevin xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra fəxri adlara layiq görülmüş, orden və mükafatlarla təltif edilmişdir.[1]
Alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının akademiki, baytarlıq elmləri doktoru, professor Yaqub Hüseyn oğlu Hacıyev 2009-cu il iyulun 19-da ömrünün 81-ci ilində vəfat etmişdir.[1]