Yarımsəhra və quru çöllər iqlimi — əsasən Mərkəzi çöl vilayəti (dəniz səviyyəsindən 400 m hündürlüyə qədər), Samurçaydan Qızılağac körfəzinə qədər dəniz sahili zona, Naxçıvan MR-nın Arazboyu düzənliklərində yayılmışdır. Həmçinin Lənkəran vilayətində Qızyurdu zirvəsindən şimalda qapalı dağ çökəkliklərində ( dəniz səviyyəsindən 1000 m-dən yuxarıda ) də rast gəlinir.
Bu iqlim zəif rütubətlənmə (illik yağıntı miqdarının mümkün buxarlanmanın 15-50%-ni təşkil edir) və əsasən isti qışı ilə səciyyələnir. 10º-dən yuxarı orta sutkalıq temperatur cəmi 4000º-dən çox olub , Kür-Araz ovalığında 4400-4700º təşkil edir.
Respublikanın ovalıq-çöl və sahil zonalarında yay xüsusilə qızmar olur. Bunu demək kifayətdir ki, yay mövsümünün ayrı-ayrı günlərində havanın temperaturu tez-tez 36-40º-yə çatır, bəzən isə daha yuxarı olub, isti-quru küləklərin yerli tipləri ilə ( ağ yel, qara yel) bağlı çox qızmar və quru hava hökm sürür. Belə hava aydın, sakit, günəşli günlərdə yerli hava kütlələrinin həddindən artıq qızması və yenidən formalaşmasının nəticəsidir. Bundan başqa belə quru və qızmar hava həm də bizim əraziyə (ümumiyyətlə - Cənubi Qafqaz ölkələrinin ərazisinə) cənubdan tropik havanın daxil olması, cənub siklonlarının qərbdən şərqə - Aralıq dənizi - Qara dəniz - Şimali Qafqaz istiqamətində keçməsi, həm də əlverişli sinoptik şəraitdə qızmar və quru Orta Asiya havasının şərqdən Xəzər dənizi üzərindən ərazimizə daxil olmasının nəticəsidir. Beləliklə, bəzən yay aylarında Azərbaycan özündə Xəzərin şərq sahilindəki səhraların isti və qızmar nəfəsini hiss edir.[1]