Yayma (texnika)

Yaymanın sxematik təsviri

Yayma— metal və onların xəlitələrinin təzyiq altında iki və daha artıq fırlanan vallar arasında sıxaraq formavermə mexaniki emal üsuludur. Vallar əksər hallarda silindrik səthə malik olsalar da, üzərində müəyyən dərinliklər və digər profillərə malik valların tətbiqi də mövcuddur. Emal zamanı metal vallar tərəfindən sıxıldıqda materialda daxili gərginliklər yaranır və o emal zonasında plastiki deformasiyaya uğradılaraq axır. Nəticədə pəstahın en kəsiyi dəyişilir və lazımi formaya salınır. Prosesin gedişində köməkçi alətlərdən (içlik, ştanqa, yönəldici alətlər və s.) də istifadə olunur.

Diyircəklərin yerləşmə sxemləri: A. 2-crgəli B. 3-cərgəli C. 4-cərgəli D. 6-cərgəli E&F.-qruo şəklində

Prosesin kinematikasına görə yayma bölünür: uzununa, eninə və çəpinə yayma. Uzununa yaymada pəstah valların oxuna perpendikulyar istiqamətdə yerləşdirilir və emal zamanı fırlanmır. Eninə yaymada isə pəstahın oxu valların oxu ilə üst-üstə düşür və irəliyə hərəkət zamanı pəstah öz oxu ətrafında fırlanır. Pəstah və valların hərəkətləri eyni zamanda baş verdikdə çəpinə yayma alınır. Yaymada tətbiq olunan alətlərin-valların həndəsi formaları bu üsulu daha alt qruplara bölməyə gətirib çıxarır. Əgər valın səthi hamar silindrik və ya konus olarsa onda buna yastı yayma deyilir. Valın səthi başqa həndəsəyə malik olarsa, onda bu profil yaymaya aid olunur. Bundan əlavə emal olunan pəstahın bütöv və ya içiboş olmaları da yayma üsulunun variantlılığını artırır.

Yayma prosesi aşağıdakı parametrlərlə təsvir olunur:

  • Mütləq sıxılma pəstahın yaymadan əvvəlki (h0) və sonrakı qalınlıqları (h1) arasındakı fərqdir: Δh=h0-h1
  • Uzanma əmsalı pəstahın yaymadan sonrakı uzunluğunun (l1) emaldan əvvəlki uzunluğuna (l0 ) nisbətidir: μ=l1/l0
  • Mütləq enlənmə pəstahın yaymadan sonrakı və əvvəlki enləri arasındakı fərqdir: Δδ=1-0
  • Tutma qövsü valın pəstahla təmasda olduğu qövsdür. Tutma qövsünə uyğun olan bucaq tutma bucağıdır (α) və belə hesablanır (D-valın diametridir): cosα=1-(h0-h1)/D

Yayma əməliyyatı təbəqə, lent, boru, profil kimi fabrikatlarla bərabər, ayrı-ayrı hissələrin hazırlanmasında tətbiq oluna bilir. Burada yayların yayılmasını, səthlərin incə yayılmasını misal göstərmək olar.

Məqsədi və xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Yayma üsulunun tətbiqinin məqsədi həm pəstahın profilini dəyişmək, həm də səthin dəqiqliyini , təmizliyini və bərkliyini artırmaq ola bilər. Yayma zamanı en kəsiyinin azalması üsulun növündən və emal olunan materialdan asılıdır. Xüsusi hallarda bu 90%-yə qədər ola bilər. Eninə kəsiyin dəyişmə dərəcəsi dartma şərti ilə müəyyən olunur. Əgər pəstahın deformasiyası zamanı yaranan qüvvə buraxılabilən qiymətdən böyük olarsa onda valların pəstahı tutaraq dartmağa gücü çatmır, daha doğrusu emal zonasında yaranan sürtünmə qüvvəsi deformasiyaya lazım olan qüvvədən kiçik olur.

Emal zamanı material axını üsulun növündən asılı olaraq müxtəlifdir. Qalınlığı uzunluğa keçmə ilə müşayiət olunan yastı uzununa yaymada müstəvi deformasiya halı yaranır. Yan tərəfə gedən material yan tərəfdə olan valların köməyi ilə dayandırılır. Göründüyü kimi yaymada istifadə olunan alətlər-vallar dəyişən yüksək mexaniki yükləmə, yeyilmə və temperatur şəraitdə işləyirlər. Buna görə də, onlar təkcə yaxşı emal olunmabilmə qabiliyyətinə malik olmamalı, həm də yeyilməyə davamlı xarici təbəqəyə və kifayət qədər özülü daxili struktura malik olmalıdırlar. Bu məqsədlə vallar polad və bəzi hallarda çuqundan hazırlanır. Polad vallar döyülə və ştamplana bilər. Çuqun vallar laylı və kürəvi qrafit strukturlu, qrafitsiz çuqunlardan hazırlanır. Böyük ölçülü vallar kompozit tərkibli hazırlanır.

Yaymada yaranan qüvvə nəticəsində vallar elastiki deformasiyaya uğrayıb əyilir. Deformasiya nəticəsində yayma zonasının eni boyunca alınan qatın qalınlığı sabit olmur. Bunun üçün işçi vallara digər vallarla dayaq verilir. Digər tədbir kimi mexaniki və termiki təsirləri aradan qaldırmaq üçün vallar əvvəlcədən çəlləkvari pardaqlanır. Sonuncu tədbir nazik təbəqələrin soyuq halda yaymasında istifadə olunur.

Tətbiq sahələri

[redaktə | mənbəni redaktə et]
Çəpinə yayma (1 üstdən görünüşü, 2 prosesin başlanması, 3 boru formasının yaranması, 4 içliyin köməyi ilə tam emal)

Yaymanın tətbiq sahələrinə aid misallar:

  1. Yastı uzununa yayma maşınqayırmada geniş tətbiq olunan üsuldur. Metal blok və ya çubuq əvvəlcə düzləndiricidə və sonra bir neçə pillədə isti halda lazımı formaya salınır. Bir çox hallarda bu əməliyyat soyuq halda emalla tamamlanır və termiki emala uğradılır.
  2. Profil yaymaya məftil, boru, həmçinin bir neçə pillədə emal olunan mürəkkəb profilli hissələr emal olunur. Maşın hissələrin emalında dişli profillərin soyuq halda emalı, eləcə də uzuna istiqamətdə en kəsiyi dəyişən hissələr üçün döymə pəstahlarının hazırlanmasında yayma texnologiyasından istifadə olunur.
  3. Eninə yayma maşın hissələrinin səthlərinin möhkəmliyini, təmizliyini və dəqiqliyini artırmaq üçün tətbiq olunur. Yivlərin eninə yayma ilə açılması, üzüklərin genişləndirilməsi və silindrik səthlərin profilləndirilməsində uğurla tətbiq olunur.
  4. Çəpinə yaymanın tətbiq sahəsi axın istehsalında tikişsiz boruların istehsalını əhatə edir. Vintvari səthə malik kalibrlər, kürələr və diyircəklər çubuq materialından bu üsulla hazırlana bilir. Uzununa yivli hissələr (şpindellər) çəpinə yayma üsulu ilə bir gedişdə emal olunur.