Yeraltı axım

Yeraltı axım hövzənin geoloji quruluşunun əsas funksiyasıdır. Ərazinin geoloji quruluşunun mürəkkəbliyindən asılı olaraq yeraltı suların formalaşması və çayların yeraltı sulardan qidalanması şəraiti də müxtəlifdir.

Yüksək dağlıq ərazilərdə yeraltı suların qidalanma şəraiti az öyrənilmişdir. Burada yeraltı axım əsasən dellüvial və allüvial çöküntülərdə formalaşır, onun rejimi isə çox halda atmosfer yağıntılarının paylanmasından asılıdır. Yeraltı sularla ən bol ərazilər Böyük Qafqazın cənub yamacında orta yuranın qum daşları və şistlərin yayıldığı sahələrdir. Bu qatlara aid olan bulaqların orta debiti 7–8 l/s-yə çatır. Şimal-şərq yamacın dərin dərələrində debiti 50 l/san-ə çatan çoxlu bulaqlar mövcuddur. Bu rayonlarda yeraltı qidalanma çay axımının əsas hissəsini təşkil edir. Geoloji quruluşun və çay hövzələrinin hidrogeoloji şəraitinin qidalanmaya təsiri Kiçik Qafqaz ərazisində özünü daha aydın göstərir. Kiçik Qafqazın çay hövzələri vulkanogen süxurlardan və sukeçirən çöküntülərdən ibarətdir. Yeraltı suların payı bir sıra çay hövzələrində (Tərtərçay, Arpaçay, Bazarçay, Həkəri və s.) 60–65%-dən çoxdur.

Böyük və Kiçik Qafqaz çaylarından fərqli olaraq Lənkəran təbii vilayətinin çaylarında hidrogeoloji şəraitdən asılı olaraq yeraltı axım illik axımın 20–30%-ni təşkil edir.[1]

  1. Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. I cild, Bakı-2015