Yeraltı hamam (Göyçay)

Yeraltı hamam və ya Yer hamamıXIX əsrdə Göyçayda tikilmiş abidə. Azərbaycanın nadir memarlıq abidələrindən biri. Göyçay rayonunda Atatürk prospektində yerləşir və təyinatı üzrə istifadə edilmir.

Yeraltı hamam (Göyçay)
Ölkə  Azərbaycan
Şəhər Göyçay
Yerləşir Atatürk prospekti
Sifarişçi Həzrət bəy Ağazadə
Tikilmə tarixi XIX əsr

“Yeraltı hamam” XIX əsrdə Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə tərəfindən tikilib. Qeyd edilir ki, Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. Deyilənə görə, Həzrət bəyin Göyçay və Ucarda pambıq zavodları, çörək, kitab və ərzaq mağazaları varmış.

Uzun illər insanların xidmətində olan bu nadir tikilinin bir sirri indiyədək açılmayıb. Aparılan araşdırmalara baxmayaraq, hamamın çirkab sularının hara və necə axıdılması ilə bağlı bu sual hələ də cavabsız qalır.[1]

“Yeraltı hamam” adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib. Kvadrat formasında olan tikilinin ovalşəkilli üç böyük salonu var. Onlardan ikisi qadınlar, biri isə kişilər üçün nəzərdə tutulub. Hamamdan eyni vaxtda 70 nəfər istifadə edə bilirdi.

Hamamın özəlliklərindən biri də onun qış vaxtı qızdırılması ilə bağlıdır. Belə ki, araşdırmalar zamanı içəridə heç bir xüsusi qızdırıcı şəbəkə aşkarlanmayıb. Məlum olub ki, ocaqxanada qızdırılan isti su bişmiş kərpicdən tikilmiş döşəmənin altındakı borularla dövr edərək hər üç salonu qızdırırmış.

Ötən əsrin 30-40-cı illərində “Yeraltı hamam”ı həbsxanaya çeviriblər. İkinci dünya müharibəsindən sonra isə ondan bir müddət pendir sexi kimi istifadə olunub. 1958-ci ildə bina təmir edilərək yenidən ilkin funksiyasına qaytarılıb.

Ölkə əhəmiyyətli tarixi abidə olan “Yeraltı hamam” kompleksi dövlət tərəfindən qorunur. (İnvertar №4269). [2]

  1. "Arxivlənmiş surət". 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-19.
  2. "Arxivlənmiş surət". 2021-06-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-06-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]