Yusif İsmayılov (tam adı: Yusif Tələt oğlu İsmayılov; 1 may 1958 – 20 yanvar 1990) — Qanlı Yanvar hadisələrinin qurbanı.
Yusif İsmayılov | |
---|---|
Yusif Tələt oğlu İsmayılov | |
Doğum tarixi | 1 may 1958 |
Vəfat tarixi | 20 yanvar 1990 (31 yaşında) |
Vəfat səbəbi | Qanlı Yanvar faciəsi zamanı həbsxanadan qaçarkən arxadan vurulmuşdur |
Dəfn yeri | Maştağa qəbiristanlığı |
Vətəndaşlığı | SSRİ |
Atası | Tələt |
Anası | Sima |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Maqnitofon kassetləri zavodunda işçi |
1958-ci il mayın 1-i anadan olmuşdur.[1] Atası Tələt uzun müddət Neft-Kimya İnstitutunun elmi işlər üzrə prorektoru olmuş, anası Sima isə Elmlər Akademiyasının Geologiya İnstitutunun baş mühəndisi işləmişdir. Qardaşı Zeynal texnika elmləri namizədi olmuş, Neft-Kimya İnstitutunda dərs demişdir.
Azadlıqdan məhrum edilməzdən əvvəl Maqnitofon kassetləri zavodunda işləmişdir.
Yusif Tallində əsgərlik xidməti keçərkən eston Kristina ilə ailə qurmuş, ailə həyatından 2 qızı: Züleyxa və Leyli yadigar qalmışdır.[2]
Bir müddət Hüsü Hacıyev küçəsindəki evlərdən birində yaşamış, daha sonra Naxçıvan küçəsindəki binaların birinə köçmüşdür.
Yusifin ailəsi Naxçıvan küçəsindəki binaların birinin 8-ci mərtəbələrində yaşayarkən onlardan bir mərtəbə yuxarıda yaşayan əvvəlcə ailəli zabit yaşamış, lakin ezamiyyətə getdiyindən həmin evə subay praporşik köçmüşdür. Həmin praporşik öz yoldaşları ilə içki məclisləri quraraq səs-küy yaratmış, içkiləri bitdikdə isə hərbçilər qonşulardan araq istəmişdir. Yusif bir dəfə onların yaxınlaşmamasını xahiş etsə də, Yusifin cəhdi nəticəsiz qalmışdır.
İkinci dəfə Yusif evə gəldikdə uşaqların çarpayının altında gizləndiyini görmüş, səbəbini soruşduqda hərbçilərin yenə araq istədiyindən xəbər tutmuşdur. Gecə saat 10-da Yusif onlara yaxınlaşaraq sözünü demək istədikdə praporşikin evində olan yeddi hərbçi dostu tərəfindən döyülmüş və təhqir olunmuşdur. Onların əlindən evə qaçmağı bacaran Yusif atasının ov tüfəngi ilə yenidən yuxarı qalxaraq ev sahibinin gəlməsini tələb etmiş, hərbçilərdən biri "Nə qorxursuz bu çurbandan. Belələrini Əfqanıstanda azmı öldürmüşük" deyərək üstünə gəldikdə atəş açaraq ev sahibini qətlə yetirmişdir.
Məhkəmənin qərarı ilə Yusifə 8 il iş cəzası kəsilmişdir.
Qanlı Yanvar hadisələrindən narahat olan məhbuslar əvvəlcə həbsxananın keşiyini çəkən hərbçilərdən icazə almağa çalışmış, alınmadıqda qaçmağa çalışmışdır. Keşikdə olan iki əsgərdən rus olanı onlara heç nə edilməyəcəyini, özbək isə rus əsgərin onlara atəş açacağını bildirmişdir. Yusif rus əsgərə inanaraq qaçmağa çalışdıqda həmin əsgər tərəfindən açılmış atəş nəticəsində həlak olmuşdur.
Maştağa qəbiristanlığında, atasının məzarı yanında dəfn edilmişdir.