Yuvenal cinayətkarlıq (lat. juvenis – gənc, cavan) — yetkinlik yaşına çatmayanların (qanunla müəyyən edilmiş yaş həddinə çatmayanlar) cinayətin törədilməsində iştirak etməsi.[1] Əksər hüquq sistemləri yetkinlik yaşına çatmayanlarla əlaqədar xüsusi prosessual normalar müəyyən edir; məsələn, tərbiyə müəssisələri və yuvenal məhkəmə kimi. ABŞ-da yuvenal cinayətkarlar dedikdə adətən yaşı 18-dən aşağı olan və hüquq pozuntusu törədən şəxslər nəzərdə tutulur, hansı ki həmin yaş həddində müvafiq pozuntunu törədəcəkləri halda əməl cinayət kimi tövsif ediləcəkdi. Corciya, Nyu-York, Miçiqan, Missuri, Şimali Karolina, Nyu-Hempşir, Texas və Viskonsin ştatlarında isə 17 yaşadək olan şəxslər nəzərdə tutulur. Törədilən hüquq pozuntusunun növündən və ictimai təhlükəliliyindən asılı olaraq, 18 yaşınadək şəxslərin yetkinlik yaşına çatmış şəxslər kimi ittiham edilməsi mümkündür.
2016-cı ildə verilmiş informasiyaya görə əvvəlki dövrlərlə müqayisədə gənclərin daha böyük bir qismi hələ 20-li yaşlarının əvvəllərində tutulurlar. Baxmayaraq ki, bəzi alimlər belə nəticəyə gəlirlər ki, bu statistika gənclərin davranışındakı dəyişikliklərdən daha çox sərt cinayət mühakiməsi və sıfır tolerantlıq siyasətlərinin nəticəsini özündə əks etdirir.[2] Yuvenal hüquq pozuntularına daha çox inzibati xətalar, mülkiyyət əleyhinə cinayətlər və zorakı cinayətlər daxildir. ABŞ hökumətinin rəsmi statistikasına görə 1993-cü ildə gənclərin şiddətə meylli hərəkətləri 12%-ə qədər azalmışdı: bu isə əksər yuvenal hüquq pozuntularının qeyri-zorakı olduğunu göstərirdi.[3]
Bununla belə yuvenal hüquq pozuntusu törətmək normal ərgənlik davranışı hesab edilə bilər.[4] Bunun başlıca səbəbi odur ki, əksər yeniyetmələr bir və ya bir neçə qeyri-zorakı hüquq pozuntularını məhz ərgənlik dövründə törətməyə meylli olurlar. Təkrar törədilən və ya zorakılıq əlamətlərinin olduğu hüquq pozuntuları isə növbəti və daha zorakı hüquq pozuntularının törədilməsinə gətirib çıxara bilər. Hüquq pozuntusu törədən şəxs hətta ərgənlik dövründən əvvəl antisosial davranış nümayiş etdirmişdirsə, belə pozuntuların baş verməsi labüddür.[5]