Yuxarı Əylis Karvansarası

Orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərmiş böyük karvansaralardan biri də bəhs edilən dövrdə Ordubad rayonu ərazisində ticarət-iqtisadi cəhətdən yüksək inkişaf səviyyəsində olan Əylis şəhərindəki (indiki Yuxarı Əylis kəndi) karvansara idi.

Yuxarı Əylis kəndinin mərkəzində, hazırda "Bazar meydanı" adlanan yerdə orta əsrlər zamanı böyük ticarət mərkəzi olmuş, müxtəlif ölkələrdən gələn tacirlər burada alver etmişlər. Bazarda çoxlu dükanlar, dükanların altında zirzəmilər olmuşdur. Bu zirzəmilər anbar rolunu oynamış, kənar yerlərdən ticarət karvanları ilə gətirilən mallar bu anbarlarda saxlanılmışdır. Həmin anbarların çoxu indiyədək salamat vəziyyətdə gəlib çatmışdır. Zirzəmilər inşa edilərkən ağac, taxta materialından istifadə edilməmiş, kənddəki mədrəsədə olduğu kimi tavan daş və əhənglə ovalvari formada hörülmüşdür.

Bazarın cənub tərəfində iri həcmli (uzunu 40 m, eni 6 m, hündürlüyü 4 m) karvansara olmuşdur. Yerli əhalinin fikrincə, karvansara Səfəvi hökmdarı I Şah Abbas zamanında inşa etdirilmişdir. AMEA-nın müxbir üzvü H. Səfərlinin fikrincə qaynaqlarda verilən məlumatlarda göstərildiyi kimi 27 may 1680-ci ildə cümə axşamı günü Əylisli Musa bəyin nəvəsi Musa bəyin Əylis bazarının cənub tərəfində bünövrəsini qoyduğu karvansara bu karvansaradır[1] . Şimal tərəfdən təxminən 6 metr hissəsi dağılan karvansaranın qərb və cənub divarları, həmçinin, zirzəmiləri indiyədək salamat vəziyyətdə qalmışdır. Zirzəmilərin tavanı atmasız düzəldilmiş, bişmiş kərpiclə tağvari şəkildə hörülmüşdür. Karvansaranın geniş həyəti, həyətin ətrafında təsərrüfat binaları, anbarlar, tövlələr var imiş. Kəndin yaşlı əhalisinin dediyinə görə karvansaranın həyətində müxtəlif istiqamətlərdən gələn ticarət karvanlarına məxsus 50–60 dəvə yatışa və yemlənərək dincələ bilirmiş.

Karvansaranın qərb divarında zirzəmiyə yük boşaltmaq üçün maili istiqamətdə, dairəvi, diametri təqribən 70 sm olan boru şəkilli yerlər olmuşdur. Yüklər bu yerlərdən zirzəmiyə buraxılmış, içəridəki adamlar həmin yükləri anbara yerləşdirmişlər. Bu yerlər də indiyədək qalmaqdadır. Əylisli Zəkəriyyənin yazdığına görə hazırda yarımuçuq vəziyyətdə olan bu karvansaranın dükan və bazarları da olmuşdur[2]. Karvansara I Şah Abbas dövrünə (1587–1629-cu illər) — XVII əsrə aiddir.

Cənub tərəfdən Əylis şəhərinə daxil olan karvanlar "Qala qapısı" adlanan və gömrük məntəqəsi rolu oynayan yerdən keçib bu karvansaraya gedirdilər[3].

  1. Акулисский З. Дневник. Еревань, Айастан, 1939., c. 122
  2. Акулисский З. Дневник. Еревань, Айастан, 1939., c. 122
  3. Səfərli H. Yuxarı Əylis kəndi: tarixi, abidələri. AMEA Naxçıvan Bölməsinin Xəbərləri,2007, N3, s. 11–17., s. 13–14
  • Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.