Yuxarı Əylis körpüsü

Yuxarı Əylis körpüsüOrdubad rayonunun Yuxarı Əylis kəndindəki 4 körpü.

Yuxarı Əylis körpüsü I

[redaktə | mənbəni redaktə et]
Yuxarı Əylis körpüsü I

Ordubad rayonunun Yuxarı Əylis kəndində tarix-memarlıq abidəsi. Körpünün qalıqları kəndin içərisindən keçən Əylis çayının içərisindədir. Körpünün yalnız bir aşırımının qalıqları qalmışdır. Dayaq sütunu və tağın bir qismi qaya daşlarındandır. Əhəng məhlulu istifadə olunmaqla inşa edilmişdir. Xalq arasında Şah Abbas körpüsü adlanır. 16 əsrə aiddir.

Yuxarı Əylis körpüsü II

[redaktə | mənbəni redaktə et]
Yuxarı Əylis körpüsü II

Ordubad rayonunun Yuxarı Əylis kəndində Əylisçay üzərində tarix-memarlıq abidəsi. Orta əsr Əylis bazarına yaxın olduğu və gələn ticarət karvanları bu körpüdən bazara daxil olduğu üçün bəzən "Bazar körpüsü" də adlandırılır. Körpünün yerləşdiyi Qarabağ məhəlləsi Zəngəzur mahalından qaçıb bura gələnlərin adı ilə adlanıb. Bundan yuxarı Xoşkeçin məhəlləsi yerləşir ki, bu məhəllənin adı da "Körpüdən xoş keçin" arzusundan yaranmışdır. Hazırda təhrif olunaraq "Xoşkeşin" və ya "İşkeşin" şəklində işlədilir. Ağ rəngli dağ daşından inşa olunub. Orta əsrlərdə Ordubad, Əndəmic, Əylis istiqamətində hərəkət edən ticarət karvanları bu körpüdən keçərək Əylis bazarına daxil olurmuş. Burada dincələn və alver edən tacirlər Vənənd istiqamətində irəliləyərək yollarına davam edər, orta əsrlərdə Vənəndçayın üzərində salınan, ancaq indiyədək elmə bəlli olmayan Vələver kəndi ilə Başkəndi birləşdirən körpüdən keçərək qərbə doğru gedərmişlər.

Yuxarı Əylis körpüsü III

[redaktə | mənbəni redaktə et]
Yuxarı Əylis körpüsü III

Ordubad rayonunun Yuxarı Əylis kəndində tarix-memarlıq abidəsi. Körpü kəndin içərisindəki dərənin üzərindən keçmək üçün inşa olunmuşdur. Birtağlıdır. Uzunluğu 9 m, eni 3,2 m, hündürlüyü 9 m-dir. Tağın kənarları yonulmuş daşlarla bəzədilmişdir. Memarlıq üslubu 18 əsr abidələri üçün xarakterikdir. Körpü 18-19 əsrlərə aid edilir.

Yuxarı Əylis körpüsü IV

[redaktə | mənbəni redaktə et]
Yuxarı Əylis körpüsü IV

Ordubad rayonunun Yuxarı Əylis kəndində tarix-memarlıq abidəsi. Əylis çayının qollarından birinin üzərində salınmışdır. Birtağlıdır. Memarlıq üslubu 18-19 əsr abidələri üçün xarakterikdir. Körpünün tağı kənarlarda yonulmuş daşlarla inşa edilərək əhəng məhlulu ilə bərkidilmişdir.[1]

  1. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: 2008