Yuxu tripanosomu

Yuxu tripanosomu - Afrikada yuxu xəstəliyinin törədicisi olub, zooantroponozlara aid edilir. Çünki insandan başqa rezervuar sahib ev heyvanları (donuz, keçi və s.) da ola bilir. Qambi tripanosomunun törətdiyi xəstəlik Qərbi və Mərkəzi Afrikada yayılmışdır. Bədən oxlovvari, yuxarıdan-aşağıya basılmış və bir qədər əyilmiş formadadır.

İnkişaf dövriyyəsi

[redaktə | mənbəni redaktə et]

Qambi tripanosomunun keçiricisi Glossina palpalis sese milçəyidir. Sese milçəyi parazitin qamçılı formasını ev heyvanlarından (donuz, keçi və s.) insana keçirdikdən sonra tripanosom qana, limfa düyünlərinə daxil olaraq intensiv surətdə qeyri-cinsiyyətli yolla çoxalır. 20-25 gündən sonra bütün orqanlara, o cümlədən baş və onurğa beyinə, ürəyə, böyrəklərə, qaraciyərə, dalağa, sümük iliyinə keçib ağır iltihab prosesinə və distrofık dəyişikliklərə səbəb olur. Xəstə adamlarda parazitin inkişafı iki mərhələdə gedir: 1.İlkin və ya hemolimfatik mərhələ. 2. Sonrakı və ya meninqo-ensefalitik mərhələ. Parazitin inkubasiya dövrü 2-3 həftə çəkir. İnkubasiya dövrü qurtardıqdan sonra keçiricinin insanı sancdığı yerdə 1-2 sm böyüklükdə ətrafı ağımtıl örtüyə malik qırmızı düyün əmələ gəlir. Düyün bir neçə gündən sonra itir və yerində piqmentləşmiş çapıq qalır.

Simptomlar və diaqnostika

[redaktə | mənbəni redaktə et]

Xəstənin üzündə, göz qapaqlarında, boynunda, dəridə şiş yaranır, lakin tədricən itib gedir. Xəstəliyin ilkin və daimi əlamətlərindən biri periferik limfa düyünlərinin böyüməsidir. Qaraciyər və dalaq genişlənir, xəstədə zəiflik, həddən artıq yorğunluq, yuxusuzluq, şiddətli baş ağrıları, psixi pozğunluqlar və anemiya müşahidə edilir. İlkin və ya hemolimfatik dövr bir həftədən bir neçə ilə kimi davam edir. Xəstəliyin dərəcəsi zəif, orta və ən ağır olur. Xəstəlik ən yüngül formadan birdən ağır hala keçib ölümlə qurtara bilər. Ölüm baş vermədikdə xəstəliyin 2-ci mərhələsi – sonrakı və ya meninqoensefalitik mərhələsi başlayır. Bu mərhələni «yuxu xəstəliyi» mərhələsi də adlandırırlar. Bu zaman parazitin inkişafı bilavasitə beyin toxumalarında gedir. Parazit 2-10 aydan bir neçə ilə qədər inkişafını davam etdirə bilər. Xəstəliyin 2-ci mərhələsində olan əsas əlamətlər, xəstənin fiziki cəhətdən zəifləməsi, şiddətli baş ağrıları və əsəb pozğunluqları nəticəsində göz qapaqlarında şiş olması, alt dodağın sallanması, ağızdan daimi selik ifrazının və s. olmasıdır. Belə xəstə gündüzlər yuxulu, axşamlar isə narahat olur. Tədricən hərəkət mərkəzləri tormozlanır və ətraflar iflic olur. Xəstə ətrafda baş verən hadisələrə biganə olur və xəstəlik ölümlə nəticələnir.

  • C. Ə. Nəcəfov, R. Ə. Əliyev, Ə. P. Əzizov. Tibbi biologiya və genetikanın əsasları. Bakı - 2008, 839 səh.