Zəfər tağı — Gəncə şəhərində, Heydər Əliyev Park-Kompleksinin girişində yerləşən memarlıq abidəsi. Zəfər tağı 15 iyun - "Azərbaycan xalqının milli qurtuluş günü"nün rəmzi olaraq ucaldılıb.[1]
Zəfər tağı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Heydər Əliyev Park-Kompleksi |
Uzunluğu | 50 m |
Eni | 20 m |
Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan Zəfər tağının, ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası var.[2][3][4] Tağın mərkəzi keçid hissəsinin hündürlüyü 28 m, eni isə 18 metrə bərabərdir. Sütunların hündürlüyü 18, diametri isə 1,2 metrdir. Zəfər tağında restoran, muzey və üst mərtəbədə seyrəngah fəaliyyət görtərir. Yeddi mərtəbəli Zəfər tağında iki ədəd lift quraşdırılıb. Pilləkən qəfəsələrinin sayı 2 ədəddir. Zəfər muzeyi 630 kv.m, Zəfər kafesi 420 kv.m və baxış terrası 420 kv.m ərazini əhatə edir.[5] Tağ 1100 kvadrat metr sahəni əhatə edir və hündürlüyünə və istifadəliliyinə görə dünyadakı Zəfər Tağlarının dördüncüsü hesab edilir.
Gəncədəki Zəfər tağı Avropada antik dövrün məbəd tikintisində geniş istifadə olunan sadə stereobat və stilobatı təşkil edən tava daşlar üzərində tikilib. Tağ iki - şərq və qərb fasadlarından ibarətdir. Tağın fasadındakı mərkəzi hissəsi aşağıdan yuxarıya doğru şüşələrlə, onların üzəri isə həndəsi ornamentlərlə bəzədilib.[6] Zəfər tağının divarlarının hər yandan qarşısını, ümumilikdə, 24 kolon əhatə edib. Kolonların baza hissəsi dor sütunlardakı sadə altlıqlardan və oturacaqlardan ibarətdir.[7][8]
Zəfər tağının qövsşəkilli yuxarı hissəsində (bilavasitə damının altında) nəbati görkəmli rozetlər yerləşir. Tağın yuxarı hissəsini antik memarlıq üslubuna uyğun olaraq antabliment davam etdirir. Bu hissədə arxitrav, friz və karnizlər müşahidə olunsa da, sadə görkəmlidir.[6] Tağın friz hissəsində metopları sadə lövhələr, triqlifləri isə pəncərələr əvəzləyir. Nəhayət, Zəfər tağının yuxarı hissəsini forma və elementlərin aşağı mərtəbələrdəki bənzəri olan fronton tamamlayır. Tikilinin bu hissəsi, əlamətdar günün əzəmətini özündə əks etdirən heykəllər, simvollar, eləcə də digər arxitektura elementləri müşahidə olunmur.[7][8]