Zənburəkçilər

ZənburəkçilərNadir şah Əfşarın ordusunda xidmət edən yüngül artilleriya bölməsi

Nadir şah Əfşarın ordusunda istifadə edilən kiçik və yüngül toplar zənburək adlanırdı . Zənburəklərin lülələrinin çapı Nadir şah qoşunlarında istifadə olunan ağır tüfənglərin çapından azacıq böyük olmaqla, orta topların çapından kiçik idi. Bu toplar lüləsinin əhatəsinə dolandırılmış tuğ və lüləsinin aşağısında olan mil və ox vasitəsilə şamdan adlanan yastığın üzərində bərkidilirdi. Sonra da bu yastıq dəvənin donqarları arasında bərkidilmiş dayaq üzərinə qoyulurdu. Zənburəklər dəvələr vasitəsilə daşınırdı. Onlardan istifadə zamanı dəvələr dizləri üzərinə yatırdılar və dəvələrin üzərindən götürülmədən onlardan atəş açılırdı. Hər dəvə yalnız bir zənburək aparırdı. Bunun üçün xüsusi dəvələr seçilir və həmin dəvələr zənburək daşınması üçün hazırlanırdı. Zənburəkçi dəvənin donqarının arxasında bərkidilmiş palanın üzərində oturaraq adətən sol əli ilə zənburəkin lüləsinin arxasından tutardı. Dəvənin sağ tərəfinə zənburəkin fitili, sol tərəfinə isə barıt və mərmi torbası asılardı. Mərmi torbasına 20-dək mərmi yükləmək olurdu. Atəş açılmasına başlanan zaman zənburəkçi dəvənin qatlanmış ayaqlarından birini açardı ki, atəşin qorxusundan dəvə asanlıqla ayağa qalxa bilməsin. Bundan başqa zənburək lüləsinin yastıq üzərində fırlanması dəvənin yerini dəyişmədən müxtəlif istiqamətlərə atəş açmağa imkan verirdi.[1] Zənburəklərin atəş uzaqlığı çox da böyük deyildi. Bununla belə, atəşlərin yaratdığı gurultu qarşı tərəfdə vahimə yaratmağa kömək edirdi. Zənburəkçilər göy rəngli canlıq, geniş şalvar və uzun boğazı olan çarıq geyinirdilər. Başlarına isə yarıdan yuxarı konus şəklində daralan hündür papaq qoyurdular. Zənburəkçilər dəstəsi Nadir şahın topçu qüvvələrinin mühüm tərkib hissəsini təşkil edirdi və bu topların imkanlarından məharətlə istifadə edilməsi onların əhəmiyyətini xeyli artırırdı. Zənburəklərin silahlanmaya qəbul edilməsi də səfəvilər dövrünə aiddir. Tədqiqatçıların qənaətinə görə, hələ Şah Abbas dövründə bu toplardan istifadə edilməyə başlanmış və onun ilk strukturları yaradılmışdı. Amma səfəvilər qoşunlarında bu topların malik olduğu bütün imkanları reallaşdırmaq mümkün olmamışdı. Nadir şahın qoşunlarının tərkibində isə zənburəklərdən daha geniş və daha səmərəli istifadə olunması onların gərəkliliyini təsdiqlədi . Bunun nəticəsi kimi, müstəqil zənburəkçi strukturları formalaşdırıldı. Həmin strukturların təşkili də Nadir şahın öz qoşunlarının formalaşdırılmasına gətirdiyi yeniliklərdən biri idi.

Zənburəkçilər zənburəkçibaşına tabe olurdular. Nadir şahın qoşunlarında belə bir vəzifə mövcud idi. Zənburəkçilər başlarına yuxarıdan yarısı arxaya doğru ensizləşən papaqlar qoyurdular. Şah ordusunda Mehdi bəy Xorasani kimi məşhur zənburəkçibaşı faəliyyət göstərmişdi. O sonradan şahın fərmanı ilə Şrivan hakimi təyin olunmuşdu.[2]

  • Maykl Eksvorti. The Sword of Persia: Nader Shah, from tribal warrior to conquering tyrant. I. B. Tauris. 2009. səh. 180.
  • Maykl Eksvorti. The Army of Nader Shah. Iranian Studies. 40 (5). 2007. səh. 180.
  • Mehman Süleymanov. Nadir şah (PDF). Pərvin Darabadi (elmi redaktor). 741.
  • Sadat, Sayad. NADİR ŞAH DÖNEMİNDE AFGANİSTAN. Sakarya. 2017.
  1. Süleymanov, 2010. səh. 540
  2. Sadat, 2007. səh. 63