Zakaspi höküməti — 1917-ci il Oktyabr çevrilişindən sonra Mərkəzi Asiyada yaradılmış hökumət.[1]
1918-ci il iyulun 11-də Aşqabadda Zakaspi vilayətinin Müvəqqəti İcraiyyə Komitəsi - Zakaspi Müvəqqəti Hökuməti təşkil edildi. Hökumətin sədri F.A.Funtikov seçildi. İyulun 21-də Zakaspi vilayəti ərazisində eser-menşevik tətil komitələrinin diktaturası qurulmuşdu. Zakaspi hökuməti sovet hakimiyyətinə və bolşeviklərə qarşı qəti mübarizə xətti yeridirdi.
Zakaspi hökumətinin 1918-ci il avqustun 19-da İrandakı ingilis qüvvələrinin nümayəndəsi ilə bağladığı müqaviləyə əsasən. bölgəyə ingilis amerikan hərbçiləri yeridildi. Bu qüvvələrin yardımı ilə Qırmızı ordu hissələri məğlubiyyətə uğradıldı, Mərvdə bolşeviklərin yaratdığı Türküstan Xalq Respublikası aradan qaldırıldı.
Zakaspi hökuməti Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə münasibətlər qurmağa çalışırdı. Cümhuriyyət hökuməti 1919-cu il fevralın 12-də Zakaspi hökuməti ilə əlaqə yaradıb, danışıqlara girmək barədə müvafiq nazirliklərə tapşırıq verdi. Həmin il aprelin 2-də Aşqabadda Azərbaycan konsulluğu açıldı, 1919-cu ilin yayında Zakaspi hökumətinin də Bakıda konsulluğu fəaliyyətə başladı.
1919-cu ilin oktyabrında Qırmızı ordunun hücumu nəticəsində Zakaspi hökuməti süqut etdi. Onun Azərbaycan konsulluğu Denikin könüllü ordusunun Bakıdakı nümayəndəliyinə birləşdirildi. Zakaspi hökumətinin üzvləri bolşevik təqiblərindən yaxa qurtarmaq üçün İraqa və Əfqanıstana mühacirət etdilər.[1]