Zama döyüşü — Roma ilə Karfagen (Kartagen, Kartaq) arasında baş vermiş İkinci Pun müharibəsinin həlledici döyüşü. Romalıların Kartagen üzərində qələbəsi ilə nəticələnmişdir.
Zama döyüşü | |
---|---|
Tarix | 19 oktyabr e.ə. 202 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zama şəhəri Şimali Afrikada Karfagen şəhərindən 120 km cənub-şərqdə yerləşir. Eramızdan əvvəl 202-ci il 19 oktyabrda Şimali Afrikada burada Roma ilə Kartagen (Karfagen, Kartaq) arasında davam edən İkinci Pun müharibəsinin həlledici döyüşü baş vermişdi. Romalılara Ssipion, kartagenlilərə Hannibal başçılıq edirdi. Hannibal 50 min piyada, 4 min atlı, 80 döyüş fili, Ssipion isə 34 min piyada və 8 700 atlıdan ibarət ordunu idarə etməli idi. Çarpazvari fərqli göstəricilərə malik iki ordu üz-üzə gəlirdi. Ən ağıllı taktikanı seçmək qalibi müəyyən etməli idi. Hannibal Ssipionun arxadan həmləetmə taktikasını unutmadığı üçün ən təcrübəli əsgərlərini oraya yerləşdirmişdi. O, düşünürdü ki, fillərin və çoxsaylı piyadaların güclü irəliləyişi ilə romalıların ilk hücumunu dəf edəcək, sonra da cinahları döyüşə ataraq asanlıqla qalib gələcək, lakin Ssipion hamıda vahimə oyadan döyüş fillərini üzüyola qarşıladı. O, fillərin dümdüz irəlilədiyini nəzərə alıb, əsgərlərinə onların keçəcəyi qədər süni səf boşluğu yaratmalarını əmr etdi. Fillər əvvəlcədən seçilən irəliləmə xətti ilə Roma ordusunun içərilərinə nüfuz etdi, ancaq heç bir dağıdıcı təsir etmədi. Hələ bu azmış kimi həmin fillər romalılar tərəfindən tutulub, zərərsizləşdirildi; təcrübəsiz fillər isə geri dönərək kartagenlilərin sırasını pozmuş, Kartagen düşərgəsində çaşqınlıq yaşanmışdı. Buna baxmayaraq, Hannibalın ordusu romalılarla başa-baş vuruşmuşdu. Ən təcrübəli döyüşçülərin yerləşdiyi arxa səflərlə vuruşma başladıqda qan dizə çıxmış, udan-uduzan bəlli olmadan güclü mübarizə başlamışdı. Savaşın bir anında Hannibal döyüşün taleyini qələbəyə doğru yönəltmişdi. Bunu görən Ssipion ordusunu bütün xətlərdə yenidən irəliyə atmışdı. Təcrübəli döyüşçülərin başı irəliləyən romalılarla vuruşmağa qarışarkən Ssipionun ümid yeri, Hannibalın isə ehtiyat etdiyi manevr baş tutdu; romalı süvarilər arxa tərəfdən kartagenlilərə hücum etdi. İkiqat süvari üstünlüyünə malik rəqibin hücumların tab gətirməyən Kartagen ordusu əzildi.
Numidiya hökmdarı Masinissanın romalılar tərəfinə keçməsi və Roma süvarilərinin sayca üstünlüyü Zama yaxınlığındakı döyüşdə həlledici rol oynamışdır. Zama yaxınlığında döyüş İkinci Pun müharibəsinin taleyini birdəfəlik romalıların xeyrinə həll etdi.
İllərdir döyüşdə uduzmayan Hannibal bu dəfə məğlub oldu. Bununla da, Kartagenin hərbi gücü tükəndi. Ssipion bu zəfəri münasibətilə "Afrikalı" titulu alır, Hannibal adlı şəxs isə bir daha Romanı narahat etməyəcəkdi.
İkinci Pun müharibəsi Zama döyüşündən bir il sonra müqavilənin imzalanması ilə başa çatdı. Şərtlər o qədər ağır idi ki, 70 il sonra Roma ilə baş verəcək Üçüncü Pun müharibəsinə samballı qoşun toplamaq mümkün olmamışdı.