Zamanın və məkanın fəlsəfəsi

Tisian, "Zamanın alleqoriyası" — Keçmişin, çağdaşın və gələcəyin münasibətlərinin alleqorik təsviri. Burada keçmiş sola, gələcək sağa, çağdaş yaşlı kişi düz baxır.

Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər.

Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər.

Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər. Zaman, düşüncə və insan şüuru birlikdə fəaliyyət göstərirlər. Obyektiv zamanın təsviri belə olan halda yaddaşa, təhlükəsizliyə və ardıcıllığa əsaslanan bir identifikasiyaya gətirilir. Bu baxış keçmişdə Kant və orta şərq alimlərinin tərəfindən uzun müddət öyrədilmişdir.

Bütün hadisələr bizə müəyyən sıra ilə göstərildiyi üçün zamanın həmişə irəli doğru axdığını düşünürük. Məsələn, bir xizəkçi həmişə dağdan aşağı doğru sürüşür, yuxarı doğru sürüşmür və ya su damlası su yığınından yuxarı doğru qalxmır, həmişə aşağı doğru düşür. Bu vəziyyətdə xizəkçinin yuxarıdakı vəziyyəti keçmiş, aşağıya çatdığı vəziyyəti isə gələcəkdir. Halbuki əgər yaddaşımızdakı məlumatlar, bir filmin əvvələ yığılması kimi tərsinə doğru göstərilsə, bizim üçün gələcək, yəni aşağıdakı vəziyyəti keçmiş, yuxarıdakı vəziyyəti isə gələcək olar.

Beynimiz müəyyən sıralama üsuluna görə işlədiyi üçün dünyamız hal-hazırda yuxarıda izah edildiyi kimi işləmir və biz də zamanın həmişə irəli axdığını düşünürük. Halbuki bu, beynimizdə verilən qərardır və bu səbəbdən tamamilə nisbidir. Əgər yaddaşımızdakı məlumatlar geriyə doğru oynadılan filmlərdəki kimi düzülsə, zamanın axışı da bizim üçün geriyə doğru oynadılan filmlərdəki kimi olacaq. Belə vəziyyətdə, keçmişi gələcək, gələcəyi də keçmiş hesab etməyə başlayar, həyatı da hazırkı nizamdan fərqli şəkildə yaşayarıq.

Gerçəkdə isə zamanın necə axdığını, ya da axıb axmadığını əsla bilmirik. Bu da zamanın mütləq gerçək olmadığını, yalnız qavrayış forması olduğunu göstərir.

Ümumi Nisbilik Nəzəriyyəsinə görə, "zaman mütləq deyil, onu ölçdüyümüz hadisələr silsiləsindən müstəqil varlığı yoxdur."

Yuxularımız, zamanın nisbiliyinin başa düşülməsi baxımından olduqca əhəmiyyətlidir. Biz yuxumuzda günlərlə davam etdiyini düşündüyümüz hadisələr yaşadığımız halda, əslində yalnız bir neçə dəqiqə, hətta bir neçə saniyə davam edən yuxu görürük.

Fərqli şərtlərdə, insanların eyni zaman bölümünü, daha uzun və ya daha qısa hiss etmələri də bunun bir nümunəsidir. Məsələn, əməliyyatdakı qardaşının çıxmasını gözləyən insan üçün, bir saat bir neçə saat keçmiş kimi uzun gələ bilər. Ancaq eyni insan çox zövq aldığı bir iş görərkən, bir saatın necə keçdiyindən heç xəbəri olmaya bilər.

Ümumi Nisbilik Nəzəriyyəsinin elmi şəkildə ortaya qoyduğu gerçək belədir: Zamanın sürəti, bir cismin sürətinə və cazibə mərkəzinə olan uzaqlığına görə dəyişir. Sürət artdıqca zaman qısalır, sıxılır; daha ağır, daha yavaş işləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşır.

Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə əkiz qardaşlardan biri Dünyada qalıb digəri işıq sürətinə yaxın sürətdə kosmosa səyahətə çıxarsa, kosmosa gedən insan, geri qayıtdığında əkiz qardaşını özündən daha yaşlı görəcək. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş keçməsidir. Eyni nümunə, işıq sürətinin yüzdə doxsan doqquzuna yaxın sürətlə hərəkət edən raketlə, kosmosda səfər edən ata və Dünyada qalan oğlu üçün də düşünülə bilər. Eynşteynə görə "Əgər atanın yaşı 27, oğulunun yaşı 3 olsa, 30 dünya ili sonra ata dünyaya qayıtdığında oğul 33 yaşında, ata isə 30 yaşında olacaq." (Paul Strathern, Einstein və Nisbilik Nəzəriyyəsi, 1997, s. 57)

Zamanın nisbi olması, saatın yavaşlaması və ya sürətlənməsi demək deyil; bütün maddi sistemin atom altı səviyyəsindəki zərrəciklərə qədər fərqli sürətlərdə fəaliyyət göstərməsi mənasına gəlir. Zamanın qısaldığı mühitdə insan bədənindəki ürək döyüntüləri, hüceyrələrin bölünməsi, beyinin fəaliyyəti daha ağır işləyir. Bu halda insan zamanın yavaşlamasını heç fərq etmədən gündəlik həyatını davam etdirir.

Zamanın mütləq gerçək deyil, nisbi qavrayış olduğu müasir elmin gəldiyi son nəticələrdəndir. Elmin 20-ci əsrdə kəşf etdiyi və dərin riyazi xarakter daşıyan bu gerçəyin təbii ki, elmi deyil, hissi mənada Quranda izləri var. Oxşar, amma elmi səviyyədə fikirlər orta əsrlər islam filosoflarının əsərlərində inkişaf etdirilmişdir.

Bəzi ayələrdə zamanın insanların sandıqlarından çox daha qısa olduğu belə bildirilir. Dedi ki: "İl sayı olaraq yer üzündə nə qədər qaldınız?" Dedilər ki: "Bir gün ya da bir gündən az qaldıq, sayanlara soruş." Dedi ki: "Yalnız az (bir zaman) qaldınız, həqiqətən bir bilsəydiniz." (Muminun Surəsi, 112–114)

Quranda başqa ayələrdə isə fərqli ölçülərdə zamanın daha fərqli sürətlə keçdiyi xəbər verilir. Məsələn Allah qatındakı bir günün insanların min ilinə bərabər olduğu ifadə edilir. (Həcc Surəsi, 47) Bu mövzu ilə əlaqədar digər ayələr belədir:

Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric Surəsi, 4)

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə ona doğru yüksələr. (Səcdə Surəsi, 5)

"Keçmiş" anlayışı yaddaşımızdakı məlumatlara görə formalaşır

[redaktə | mənbəni redaktə et]

Bizə verilən təlqinə görə, keçmiş, bu an və gələcək kimi hissələrə ayrılmış zaman dilimlərini yaşadığımızı zənn edirik. Halbuki, "keçmiş" anlayışına sahib olmağımızın yeganə səbəbi yaddaşımıza bəzi hadisələrin verilməsidir. Gələcəklə əlaqədar hadisələr isə yaddaşımızda yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız bu hadisələri "yaşanacaq", "gələcəkdə meydana gələcək" hadisələr kimi qəbul edirik. Halbuki keçmiş bizim üçün yaşanmış, təcrübə edilmiş, görülmüş hadisələr oduğu qədər gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim yaddaşımıza verilmədiyi üçün bunları bilmirik.

Bəzi insanlar, "necə olsa qədərimdə nə varsa o olacaq, o zaman mənim heç bir şey etməyimə ehtiyac yoxdur" deyərək yanlış qədər anlayışı qəbul edirlər. Yaşadıqlarımızın qədərimizdə müəyyən olduğu həqiqətdir. Biz daha o hadisəni yaşamadan əvvəl o hadisə Allah qatında yaşanmışdır və məlumatı da bütün təfərrüatı ilə Allah qatındakı Lövhü Məhfuz adlı kitabda yazılıdır. Ancaq, Allah hər insana sanki hadisələri dəyişdirməyə, öz qərar və seçiminə görə hərəkət etməyə imkanı varmış kimi bir hiss verir. Məsələn insan, su içmək istədiyində bunun üçün "qədərimdə varsa içərəm" deyərək oturub gözləməz. Bunun üçün qalxar, stəkanı götürər və suyu içər. Həqiqətən də qədərində təsbit edilmiş stəkanda, təsbit edilmiş miqdarda su içər. Ancaq, bunları edərkən öz iradəsi və istəyi ilə etdiyinə dair hiss duyar. Və həyatı boyunca bu hissi hər etdiyi işdə yaşayar. Bir xəstəliyi olduğunu öyrənən təslimiyyətli insan, bunun qədərində olduğunu bildiyi üçün hədsiz təvəkküllü davranar. "Allah bunu qədərimdə yaratdığına görə, mütləq böyük bir xeyr var" deyə düşünər. Amma "hər nə olsa qədərimdə sağalmaq varsa sağalaram" deyərək tədbir görmədən gözləməz. Əksinə, ola biləcək bütün tədbirləri görər. Həkimə gedər, qidalanmağına diqqət yetirər, dərman qəbul edər. Ancaq getdiyi həkimin, həkimin tətbiq etdiyi müalicənin, dərmanların, bunların öz üzərində nə qədər təsirli olacağının, sağalıb sağalmayacağının, qısası hər incəliyin qədərində olduğunu unutmaz. Quranda, insanların yaşadıqları hər şeyin əvvəlcədən bir kitabda yazılı olduğu belə bildirilir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid Surəsi, 22–23)

Buna görə də qədərə iman edən bir insan başına gələn heç bir hadisədən ötəri kədərlənməz, ümidsizliyə qapılmaz. Əksinə çox təvəkküllü, təslimiyyətli davranar və daim rahat olar. İnsanın qarşılaşdığı çətinliklər də, əldə etdiyi müvəffəqiyyət və zənginliklər də, dini baxımdan, Allahın təqdiri nəticəsində baş verir.

"Heç şübhəsiz, Biz hər şeyi qədər ilə yaratdıq." (Qəmər Surəsi, 49). Yalnız insanların deyil, bütün canlıların, əşyanın, Günəşin, Ayın, dağların, ağacların, hər varlığın Allah qatında təyin olunmuş bir qədəri vardır. Qədəri inkar edən insan da qədərində "qədəri inkar etmək" olduğu üçün inkarçıdır.

"Bu qəm qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının harayına qalaraq: "Bu işdə bizim üçün bir şey (xeyir) varmı?" — deyə Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de: "Əlbəttə, bütün işlər Allaha məxsusdur (Allahın əlindədir)". Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək: "Əgər bu işdə bizim üçün bir şey (bir qələbə) olsaydı, elə buradaca öldürülməzdik", — deyirlər. De: "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər ki, Allah (bununla) sizin ürəklərinizdə olanları (səmimiyyət və ikiüzlülüyü) yoxlayıb aşkara çıxartsın və qəlblərinizdə olanları (niyyətlərinizi) təmizləsin. Allah ürəklərdə olanları biləndir!" (Ali-İmran Surəsi, 154)

Ayədə də görüldüyü kimi, bir insan ölməmək üçün xeyr və ibadət olan bir işdən qaçsa belə əgər ölüm yazılmışsa onsuzda öləcək. Hətta, ölümdən qaçmaq üçün istifadə etdiyi yollar və üsullar da qədərində müəyyəndir və hər insan qədərindəki hadisəni yaşayacaq. Allah, bu ayədə də insanlara qədərlərində yaratdığı hadisələrin məqsədinin onları sınamaq və onların ürəklərini təmizləmək olduğunu ifadə edir.

Qəmər Surəsinin aşağıdakı ayələrində isə insanın hər etdiyinin sətir-sətir yazılı olduğu bildirilir, cənnət xalqının yaşadıqları isə yaşanmış hadisələr olaraq izah edilir. Daha əvvəl də ifadə edildiyi kimi, cənnətdəki gerçək həyat bizim üçün gələcəkdir. Ancaq, cənnətdə olanların həyatları, söhbətləri, ziyafətləri bu anda Allahın hifzində var. Biz doğulmadan əvvəl də bütün insanlığın dünyadakı və axirətdəki gələcəyi Allah qatında bir an içində yaşanmışdır və Allahın hifzində mühafizə edilir:

Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!

Kiçik, böyük hər şey sətir sətir (yazılı)dır.

Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarındadırlar.

(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurundadırlar. (Qəmər Surəsi, 52–55)

Qeyd: bu və bundan sonrakı ayələr Qurani-Kərimin ərəbcə orijinalındakı zaman formasındadır. Burada Ali Bulaçın Qurani Kərimin Türkcə Məalından istifadə edilmişdir.

Allah qatında zamanın tək bir an olduğunu, Allah üçün keçmiş və gələcəyin olmadığını Quranda istifadə edilən üslubdan da anlaşılır. Görüldüyü kimi bizim üçün gələcək zamanda olacaq bəzi hadisələr, Quranda çoxdan olub bitmiş hadisələr kimi izah edilir. Çünki Allah keçmişi də gələcəyi də, bir an olaraq zatən yaratmışdır. Bu səbəblə gələcəkdə olacağı izah edilən bir hadisə onsuz da olub bitmişdir. Amma biz görmədiyimiz üçün onu gələcək zənn edirik. Məsələn, axirətdə insanların verəcəkləri hesabatın bildirildiyi ayələr, çoxdan olub bitmiş hadisə kimi izah edilir:

Sur üfürüldü, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öldü. Sonra bir daha ona üfürüldü, artıq onlar ayağa qalxmış vəziyyətdə müşahidə edirlər.

Yer öz Rəbbinin nuru ilə işıqlandı, kitab qoyuldu, peyğəmbərlər və şahidlər gətirildi, onlar arasında ədalətlə hökm verildi…

Kafirlər dəstə-dəstə Cəhənnəmə sürükləndilər…

Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə sövq edildilər…

(Zumər Surəsi, 68–73)

Yuxarıdakı ayələrdə, ölümümüzdən sonra yaşanacaq hadisələr, yaşanmış və bitmiş hadisələr kimi izah edilir. Çünki Allah, bizim tabe olduğumuz nisbi zaman ölçüsünə tabe deyil. Allah bütün hadisələri zamansızlıqla təqdir etmiş, insanlar bunları etmiş, bütün bu hadisələr yaşanmış və nəticələnmişdir. Kiçik böyük hər cür hadisənin, Allahın məlumatı daxilində həyata keçdiyi və bir kitabda yazıldığı ayədə xəbər verilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! (Yunus Surəsi, 61)

Mənbə və istinadlar

[redaktə | mənbəni redaktə et]
  • Elmi ədəbiyyatdan yox, dini ədəbiyyatdan istifadə edilib