Zeynalabdin İsgəndərov

Zeynalabdin Əli oğlu İsgəndərov (1949, Bakı27 oktyabr 2021, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006), Roma Rəssamlıq Akademiyasının "Fəxri professoru" (2015).

Zeynalabdin İsgəndərov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Əli (rəssam)
Həsən (heykəltaraş)
Fəaliyyəti Azərbaycan Rəssamlıq Akademiyasının professoru, heykəltaraş və rəssam
Təhsili Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbi
V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutu
Janrlar portret, memorial, məişət, dini
Stillər realizm, konseptualizm
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2006
3-cü dərəcəli "Əmək" ordeni — 2021

Zeynalabdin Əli oğlu İsgəndərov 1949-cu ildə Bakı şəhərində çoxuşaqlı ailədə dünyaya göz açıb. Ailənin sonuncu övladı olan Zeynalabdinin rəssamlığa və heykəltaraşlığa böyük həvəsi olub. Odur ki, gələcək taleyini müəyyənləşdirmək üçün Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Heykəltaraşlıq fakültəsinə daxil olur, 1966–1970-ci illərdə burada təhsil alır. 1971–1977-ci illərdə o, V.I.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirir. Burada təhsil aldığı dövrdə məşhur heykəltaraş, SSRİ Rəssamlıq Akademiyasının rektoru Nikolay Tomskinin emalatxanasında çalışır. Məşhur heykəltaraşla çalışmaq onun üçün ikiqat məktəb olur. O, 1977-ci ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasında təhsilini başa vurmaq üçün diplom işi kimi gildən "Bulaq başında" heykəlini yaratmışdır. Heykəltaraşın diplom işi "Əla" qiymətləndirilmiş və ilin diplom işi seçilmiş, beləliklə heykəltaraş təhsilini "Qırmızı diplomla" başa vurmuşdur. Sovet heykəltaraş-monumentalisti, pedaqoq, professor, SSRİ xalq rəssamı (1960). Sosialist Əməyi Qəhrəmanı (1970), SSRİ rəssamlıq akademiyasının prezidenti (1968–1983) Nikolay Tomski bu diplom işinə görə Zeynalabdin İsgəndərovun Azərbaycan SSR Rəssamlar İttifaqına üzv olmağına zəmanət vermişdir. Heykəltaraş 1977-ci ildə Bakıya qayıdır, həm yaradıcılıqla məşğul olur, həm də bu sənətdən dərs deməyə başlayır. İlk olaraq Azərbaycan Dövlət İncəsənət İnstitunda (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti), daha sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərməyə başlamışdır. 40 ilə yaxın müddət ərzində heykəltaraşlıq sahəsində bilik və bacarığını gənc nəslə öyrətmişdir. Zeynalabdin İsgəndərov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 29 dekabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar Rəssamı" fəxri adına layiq görülmüşdür. 2010-cu ildə İtaliyanın Fonte-Nova sənət mərkəzi Roma şəhərində heykəltaraşlıq üzrə "Beynəlxalq Simpozium" keçiriləcəyini elan etmişdir. Zeynalabdin İsgəndərovdan başqa bu simpoziuma dünyanın müxtəlif ölkələrindən 130 sənətkar öz sənət işini göndərmişdir. 130 sənətkarın sənət işi içərisindən yalnız 13 əsər bəyənilib və Zeynalabdin İsgəndərovun da əsəri bəyənilərək simpoziumun mükafatına layiq görülmüşdür. Mükafatlandırma Covanni Paola kilsəsində həyata keçirilmişdir. Mərasimdə Vatikanın nümayəndəsi, Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Monqelli, İtaliya Rəssamlar İttifaqının prezidenti Fonte-Nova Antonio Muri və İtaliya Mədəniyyət Nazirliyinin təmsilçiləri iştirak etmişdirlər. Zeynalabdin İsgəndərov 2015-ci ildə Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Monqellinin əmrinə uyğun olaraq Roma Rəssamlıq Akademiyasının "Fəxri professoru" adına layiq görülmüşdür. Ustad heykəltaraş 2016-cı ildə Roma Papası Fransiskin portretini hazırlayaraq Vatikana göndərmişdir. Sənət əsəri Roma Papasına göstərilmiş və yüksək qiymətləndirilmişdir. Roma Papası Fransisk Zeynalabdin İsgəndərova bu portretə görə rəsmi olaraq təşəkkür məktubu göndərmişdir.

Zeynalabdin İsgəndərov ailəlidir, Əli və Həsən adlı 2 oğlu var. Əli İsgəndərov rəssam, Həsən İsgəndərov isə heykəltaraşdır. Övladları Roma Müasir Rəssamlıq Akademiyasında magistratura və doktorantura pillələri üzrə təhsillərini davam etdiriblər. 2016-cı ildə İtaliyanın məşhur “Venanzo Croketti” muzeyində birgə sərgisi təşkil olunmuşdur. Sərginin açılışını Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və tanınmış rəssam Ennio Kalabria edib. Qardaşların uğurları haqqda ilk olaraq, sərfirimiz çıxış edib. Ondan sonra isə Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Mongelli, sənətşünas İlda Mitrano, məşhur rəssam Ennio Kalabria və İtaliya Beynəlxalq Şairlər Assosiasiyasının prezidenti ədəbiyyatşünas Angello Sagnelli çıxış edib. Çıxışı zamanı rəssam Ennio Kalabria Əli və Həsən İsgəndərov qardaşlarının sənətinə yüksək qiymət verib. Həsən İsgəndərov hal-hazırda Romada təhsil aldığı akademiyanın prezidentinin referenti vəzifəsində çalışır. Əli isə 2016-cı ildə vətənə qayıdaraq ADRA-da rəngkarlıqdan dərs deməyə başlayıb.

2017-ci ildə "NUR Art House" qalereyasında "İsgəndərovlar" (Ailə üzvləriylə birgə), 7-10 fevral 2019-cu ildə Azərbaycan bəstəkarı Qara Qarayevin və eləcə də Azərbaycan mədəniyyətinə, incəsənətinə mühüm töhfələr vermiş sənətkarlara həsr olunan "Xatirə günü: İnsan, Varlıq və Zaman" adlı sərgiləri keçirilmişdir.

2021-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində "Mikayıl Abdullayevin 100 illiyi" münasibətilə sərgi keçirilmişdir. Ekspozisiyalar arasında Zeynalabdin İsgəndərovun müəllifi olduğu "Mikayıl Abdullayev" portreti də sərgilənmişdir.

Heykəltaraş Zeynalabdin İsgəndərov 2021-ci il 27 oktyabr tarixində vəfat etmişdir.

  • Ən məşhur əsərlərindən biri 1982-ci ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan) ucaldılmış 7 metr hündürlüyündə bürüncdən hazırlanmış "Lenin" abidəsi olub. Sovet ittifaqı dağıdıldıqdan sonra abidə vandalizmə məruz qalmış, buna görə də günümüzəcən gəlib çatmamışdır.
  • Leninqrad şəhərində 1991-ci ildə Fətəli xan Xoyskinin şərəfinə monumental heykəl ucaldılmışdır. Sonradan bəzi qüvvələrin təşəbbüsü ilə abidə vandalizmə məruz qalmışdır.
  • Təbrizdə 6 şəhid generalın şərəfinə ucaldılan beton abidənin müəllifi olmuşdur.
  • Sənətkarın "Səttar", "Namaz", "Külək", "Mütəffəkir", "Musiqiçi", "Bəşərin xilaskarı", "Tütünçü qadın", "Dahi", "Azadlıq", "Ölüm" və s. kompozisiyaları əsl sənətin obrazlarda ifadə olunması həqiqətini təsdiqləyən plastika nümunələridir.
  • Heykəltaraş Sara Qədimova, Lətif Kərimov, Mikayıl Abdullayev, Maral Rəhmanzadə, Leyla Bədirbəyli, Emin Sabitoğlu, Möhsün Sənani və başqa şəxsiyyətlərin qəbirüstü abidələrini, barelyeflərini hazırlayıb.
  1. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında". 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-04.
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 16 oktyabr 2021. Archived from the original on 2021-12-07. İstifadə tarixi: 19 oktyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]