Bu məqalə Jalebi ilə demək olar ki, eyni mövzudan bəhs edir və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Zilviyə — Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncənin özünəməxsus şirniyyat növlərindən biri də Zilviyədir. Eyni zamanda zilviyənin hazırlanması ərəb ölkələrində, İran və Hindistanda da geniş yayılmışdır. Bu şirniyyat ərəb ölkələrində zlabiyə, zilabiyə, İranda zulbiyə, Hindistanda isə həm də jaləbi adı ilə tanınır.
Keçmişdə Zilviyə Gəncə şəhərində Novruz bayramının əsas atributlarından biri hesab olunurdu. Zilviyəni əsasən Novruz bayramına bir neçə gün qalmış bişirər və bayram axşamı süfrəyə düzərdilər. Bayram axşamı süfrəyə qoyulan hər bir şirniyyat və çərəz özündə Novruzla əlaqədar müəyyən mənanı daşıdığı kimi, ən çox sarı və qırmızı rənglərdə bişirilən dairəvi formalı zilviyələr də martın 21-də gecə ilə gündüzün bərabərliyinə işarə imiş.
Özünəməxsus dadı, ətri və rəngbərəng görünüşü ilə seçilən bu qədim şirniyyat növünün hazırlanması uzun vaxt və böyük zəhmət tələb etdiyindən artıq unudulmaq üzrədir.
3 stəkan un, 10 qr maya, 1 stəkan qatıq, 2 xörək qaşığı nişasta, 3 ədəd yumurta, 1,5 stəkan şəkər tozu, 1,5 stəkan su, 1,5 stəkan bitki yağı.
Buğda unu, yumurta ağı, qatıq, nişasta və maya həmçinin şərbət üçün şəkər və su, qızartmaq üçün isə bitki yağı götürülür. Zilviyə üçün 1 stəkan una 10 qr maya və ilıq su qatılmaqla xəmir yoğrulur. Xəmiri 3–4 saat qıcqırdıb acıxəmrə hazırlayırlar. Sonra 1 stəkan qatığa 2 xörək qaşığı nişasta əlavə edib qarışdırılır. 3 yumurtanın ağı köpüklənənə qədər çalınır və üzərinə qatıq-nişasta qarışığı əlavə edilir. Bu qarışığa isə acıxəmrə əlavə edilir, 2 stəkan da un tökülüb duru xəmir yoğrulur. Xəmir 25–30 dəqiqə saxlanılır. Bu müddətdə şəkər şərbəti bişirilir. Bunun üçün 1,5 stəkan şəkərin üzərinə 1,5 stəkan su tökülüb qaynayana qədər qızdırılır, kəfi yığılır. 1,5 stəkan bitki yağı yastı qazancada və dərin tavada qızdırılır. Duru xəmir qıf və ya asan olsun deyə çaynikə tökülüb çaynikin lüləyi vasitəsilə dairəvi təkər formasında tökülüb qızardılır. Açıq qəhvəyi rəng alanda zilviyə yağdan çıxarılıb dərhal qırmızı və ya sarı rəng qatılmış şəkər şərbətinə salınır. 5 dəqiqədən sonra zilviyə şərbətdən çıxarılıb süzgəcə yığılır. Süfrədə isti və ya soyuq halda yeyilir.