Zirə İdman Kompleksi

Zirə FK -nun ev oyunlarını keçirdiyi Zirə idman kompleksinin tikintisinə 2011-ci ilin oktyabr ayında başlanılıb və 2012-ci ilin aprel ayında kompleksin tikintisi tamamlanıb. Kompleks Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Ümumi ərazisi 2 ha olan kompleksdə xüsusi idman təyinatlı binalar, qurğular, yardımçı tikililər inşa edilib, ətrafı abadlaşdırılıb, yollara asfalt örtüyü çəkilib. Kompleks FİFA-nın beynəlxalq standartlarına uyğun yaradılıb.

Zirə İdman Kompleksi
Yeri Azərbaycan Azərbaycan, Bakı
Açılış tarixi 2011
Tamaşaçı tutumu 1500
Ev sahibi komanda Zirə FK
Meydançanın ölçüləri 104 x 69
Ot örtüyü Təbii ot

Eyni zamanda şahmat, dama, boks, güləş zallarının hazırlanmasında Azərbaycan idman federasiyalarının tövsiyələri nəzərə alınıb. İki binadan ibarət olan kompleksdə aşağıdakı otaqlar və zallar var:

  1. VİP otaq;
  2. VİP tribuna (Futbol oyunlarını izləmək üçün);
  3. Qış bağı – vestibül;
  4. Qonaqlar üçün xüsusi tərtib edilmiş iş otağı;
  5. İnzibati idarəetmə otaqları;
  6. Boks, güləş, trenajor zalları;
  7. İngilis və fransız dillərinin tədrisi üçün linqafon kabinetləri;
  8. Şahmat və dama sinifləri;
  9. Məşqçi otağı (2 ədəd);
  10. Paltar dəyişmə otağı (2 ədəd);
  11. Həkim otağı;
  12. Duş, sanitar qovşaqları.

Burada futbol oyunlarının beynəlxalq standartlar səviyyəsində təşkili üçün xüsusi bina inşa edilib. Binada dopinq nəzarəti, həkim, hakim və məşqçilər üçün otaqlar, paltar dəyişmə, masaj, yuyunma otaqları və idmançılar və tamaşaçılar üçün ayrılıqda sanitar qovşaqları yerləşir.

Futbol meydançası beynəlxalq standartlar səviyyəsində xüsusi ot örtüyü ilə döşənib. Süni ot örtüyü İtaliyanın LİMONTA şirkəti tərəfindən istehsal olunub. Meydançanın kvars qumu (160 ton) Misirdən gətirilib. Yaşıl rəngli rezin qranulası (80 ton), futbol qapıları İtaliyadan gətirilib. Hazırda isə meydançada təbii ot örtüyünün döşənməsi işləri davam etdirilir və işlər bu ilin sonuna kimi yekunlaşacaq.

Stadionda xüsusi elektron lövhə (3x5 ölçüdə), səs gücləndirici, spiker idarəetmə və şərhçi sistemləri quraşdırılıb. Meydançanı işıqlandırmaq üçün hər birində 20 proyektor olan 4 ədəd 28 m hündürlüyündə proyektor quraşdırılıb.

Stadion 1512 yerlik tamaşaçı tutumuna malikdir və tamaşaçı yerinin üstü Türkiyə istehsalı olan modul konstruksiya quraşdırılmaqla xüsusi membran ilə örtülüb. Kompleksdə internet kafe fəaliyyət göstərir.

Kompleksin elektrik, su, qaz təchizatı üçün 10/04 kv-luq 2 x 1600 kva gücündə yarımstansiya binası, 800 kva gücündə generator, qazanxana binaları, 25, 50, 100 m³ tutumu olan su anbarları inşa edilib, qeyd edilən obyektlərə yeni, müasir avadanlıqlar quraşdırılıb. Kompleksin daimi su təchizatı üçün 2 ədəd su quyusu qazılıb, suyun təmizlənməsi üçün xüsusi OSMUS sistemi – filtr quraşdırılıb. Kompleksin qaz təchizatı üçün 2000 metr uzunluqda qaz xətti çəkilib, isitmə, havalandırma və kondisioner sistemləri quraşdırılıb. Kompleks ətrafında 3000 m2 sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb.