Ziya-ül Mülk körpüsü — Naxçıvan Muxtar Respublikasının Araz çayı üzərində tarixi-memarlıq abidəsi. Culfa yaxınlığında, Araz çayının dağın ətəyinə toxunaraq, burulğan halda döndüyü yerdə yonulmuş daşdan inşa olunmuşdur.
Ziya-ül Mülk körpüsü | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Culfa |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Körpünün salınması ilə hazırda xarabaları qalmış qədim şəhərin böyük İpək yolu üzərində mühüm mərkəz kimi əhəmiyyəti artmışdır. Olduqca möhkəm, son dərəcə hamar və gözəl görünüşə malik körpünün iki yüksək və geniş tağı olmuşdur.
Onlardan birinin eni 60 arşın (gəz), digərinin eni isə 55 arşın idi. Xeyli hündür olan körpünün hər iki tərəfində daşdan darvaza var idi. Tağlardan birinin altından karvansaray kimi istifadə edilirdi.
Körpünün salınma texnikası mahir mühəndisləri də heyran qoyurdu. Hazırda Ziya-ül Mülk körpüsünün yalnız 5 dayağı qalmışdır. Birinci istisna olmaqla, bütün dayaqlar pis vəziyyətdədir. Bunlar üzlüyü tökülmüş çay daşı hörgüsü qalıqlarıdır. Salamat qalmış sahil dayağının suya baxan səthində 4 sıra dairəvi boşluqları olan körpü tağının dabanı görünür. Güman ki, onlar hörgünün içinə qoyulmuş ağac bağlayıcıların yuvalarıdır. Belə oyuqlar digər dayaqların qalıqlarında da vardır. Körpü dayağının çaya baxan tərəfində nazik və hündür arakəsmələrlə 3 hissəyə bölünmüş geniş qapı yeri qalmışdır. Çayın içindəki ikinci dayaqda da 3 hissəli bölgünün izləri müşahidə olunur. Sahil dayağının dağa uzanan divar qalıqları orta əsr tarixçisi Şərəfəddin Əli Yəzdinin təsvir etdiyi karvansarayın xarabalıqlarıdır.
Körpünün tikintisi üçün əsas inşaat materialı kimi əhəng məhlulundan və qırmızımtıl qumdaşından istifadə edilmişdir. Tikinti massivinin müxtəlif hissələrində bu dövr üçün səciyyəvi olan dördkünc kərpic hörgüsü müşahidə olunur. Əmir Teymur 1386-cı ildə Mərənd və Zər dərəsi istiqamətindən Naxçıvana gələrkən Ziya-ül Mülk körpüsündən keçmişdir. Bu mülki tikili xalq arasında "İsgəndər körpüsü" adı ilə də tanınır. XIV əsr tarixçisi Həmdullah Qəzvininin "Nüzhət əl-qülub" ("Qəlblərin əyləncəsi") əsərində verdiyi məlumata görə, körpünü Ziya-ül Mülk Naxçıvani (həyat və fəaliyyəti haqqında hələlik məlumat yoxdur) tikdirmişdir.