Zoologiya muzeyi

Zoologiya muzeyi — heyvan kolleksiyalarının (fiksəedici mayelərdə, qurudulmuş və ya xüsusi preparat halında saxlanan heyvanlar, bunların müqəvvaları, skeletləri, dəriləri, eləcə də buynuz, sümük və çanaqdan düzəldilən məmulatlar) saxlandığı elmi və mədəni-maarif müəssisəsi. Zoologiya muzeyində sistematika, faunistika, zoocoğrafiya, dəyişkənlik, heyvanların müqayisəli morfolokiya və anatomiyası, eləcə də təkamül nəzəriyyəsinə dair elmi-tədqiqat aparılır. Burada həmçinin məktəblilər və tələbələrlə tədris işi, zoologiyaya dair mədəni-maarif işləri təşkil olunur, təbiətin mühafizəsi haqqanda təbliğat aparılır. Zoologiya muzeyi nin kolleksiyası elmi fonddan və nümayiş etdirilən eksponatlardan ibarətdir. Zoologiya muzeyində eksponatlar, adətən, sistemli ardıcıllıqla, bəzən zoocoğrafi prinsipə görə düzülür. Bəzən stendlər də düzəldilir. Kolleksiyalar şüşəli vitrinlərdə yerləşdirilir. Mikroskopik kiçik obyektlər mikro fotoşəkillər və böyüdülmüş mulyajlarla əvəz edilir. Tematik sərgilərdən, qısametrajlı filmlərdən də istifadə edilir.

Bakıda zoologiya muzeyi Azərbaycan Respublikası EA Zoologiya İnstitutunda yaradılmışdır (1971). Burada Azərbaycan ərazisində yaşayan onurğasızlar, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilərin müqəvva və eksponatları saxlanılır. Muzeyin fondundan elmi-tədqiqat, tədris və mədəni-maarif işi üçün istifadə olunur.

Xaricdə ən böyük zoologiya muzeyi Nyu-Yorkda, Vaşinqtonda, Parisdə, Londonda və başqa şəhərlərdədir.