FƏLAKƏT (bədbəxt hadisə) [Əbülhəsən bəy:] Başına bir fəlakət gəlməmişdi ki (M.S.Ordubadi); ACILIQ (məc.) O, Alo ilə qabaq-qabağa oturub demi sümürdükləri halda bir-birinin üzünə baxarkən, bu acılıqların hamısı onların sifətlərində ifadə olunurdu (S.Rəhimov); AFƏT (köhn.) ...əkinçi həmişə başıbəlalı olur və az-az ittifaq düşür ki, onun əkini-tikininə bir yandan bir afət və bir bəla toxunmaya (C.Məmmədquluzadə); BƏDBƏXTLİK ...İndi isə vaxtımı iyirmi nəfər yetimlə keçirib, gələcək bədbəxtliyi gözləyirəm (M.S.Ordubadi); BƏLA Bir qətrə mübarək barmağının qanından çörəyə sürtüb naxoşa yedirdir; həmin saat bəla ondan rəf olur (Ə.Haqverdiyev); FACİƏ İki gün sonra məni daha artıq çaşdıran faciəyə son qoyan bir hadisə vaqe oldu (M.İbrahimov); XATA-BALA (dan.) Bayram: Tarverdi axmaqdır, bu sözlərin hamısına inanacaq, sarsaqlıq edib özün salacaq xata-balaya (M.F.Axundzadə); QİYAMƏT (məc.) Qiyamət olacaq olsun, imam gələcək gəlsin, daha camaatın qabağını kəsməyin... (M.İbrahimov); QOVĞA (köhn.) İnci: Hökmran qovğaya bais olmaram, alsın məni; Doğrasın ellər yolunda, zindana salsın məni (A.Şaiq); MÜSİBƏT Fəxrəddin bəy: Necə ki, atamın müsibəti bizi yandırır, elə də Rəşid beyin ölümü atasını, qardaşını yandırır (N.Vəzirov).