Qadın reproduktiv sistemləri
Anatomik quruluşuna görə qadın reproduktiv üzvlərini iki hissəyə ayırırlar: qadının xarici və daxili cinsiyyət üzvləri.
Qadının xarici cinsiyyət üzvlərinə vulva (böyük və kiçik cinsi dodaqlar, klitor, uşaqlıq yolu önü vəzilər) və uşaqlıq yolu, daxili qadın cinsiyyət üzvlərinə isə uşaqlıq, uşaqlıq (və ya fallop) boruları və yumurtalıqlar aid edilir.
== Qadının xarici cinsiyyət üzvləri (orqanları) ==
Qızlarda xarici və daxili cinsiyyət üzvlərinin sərhədi qızlıq pərdəsi hesab edilir. Qızlıq pərdəsi, aybaşı (menstruasiya) zamanı uşaqlıq səthindən ifraz olunan qan kütləsinin axıb xaric olması üçün səthində bir, iki və ya daha artıq sayda dəlikləri olan elastik pərdədən ibarətdir.
Əksər qadınların fikirlərinin əleyhinə olaraq, həkim tərəfindən ginekoloji müayinə aparıldıqdan sonra heç də hər zaman onun qız və ya qadın olmasını qəti şəkildə söyləmək olmaz. Qızlıq pərdəsinin tam olması və ya onun tamlığının pozulması heç də bütün hallarda qadının keçmiş seksual həyatı barədə qəti şəkildə fikir söyləməyə imkan vermir. Qızlıq pərdəsi erkən uşaq yaşlarında alınan travma, yıxılma, bacarıqsız yuyunma və sairə nəticəsində kəskin şəkildə dartıla və ya deşilə bilər. Bəzi hallarda isə qız uşaqlarında anadangəlmə olaraq qızlıq pərdəsi ya olmaya bilər, ya da usaqlığın girişini natamam şəkildə örtə bilər. Əksinə, cinsi akt heç də hər zaman qızlıq pərdəsinin cırılmasına - deşilməsinə səbəb olmaya bilər. Belə ki, bəzi hallarda, daha elastik olması nəticəsində qızlıq pərdəsi dartılsa da cırılma (deşilmə) ilə nəticələnmir.