Torpaq sürüşməsi
Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi. Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır.
Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.