Torpaq sürüşməsi

Torpaq sürüşməsi — ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi.

Sürüşmə ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst- üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən qatın üzərində yığılması Sürüşmə əmələ gətirir. Sürüşmə abraziya, eroziya, aşınma, seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində yaranır. Sürüşmə əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün sahilbərkitmə və drenaj qurğularından istifadə olunur, yamaclar yerə dirək vurulması və ağac əkilməsi yolu ilə bərkidilir və digər işlər görülür. Azərbaycan Respublikasında Sürüşmələr Bakı şəhəri rayonunda, Böyük Qafqazın cənub və şimali-şərq makroyamaclarında, Lerik və Yardımlı rayonlarında yayılmışdır[1].

Torpaq sürüşmələri dağ süxurları, torpaq kütlələrinin dağ yamacları, yarğanlar, çay, göl, dənizlərin sıldırım sahilləri boyu öz ağırlığının təsiri altında sürüşərək yerini aşağıya doğru dəyişməsidir.

Sürüşmənin xarakteri və onun təhlükəlik dərəcəsi yerin geoloji qatlarının xüsusiyyətlərindən və necə yerləşdiyindən asılı olur. Sürüşmələr təbii hadisələrin və ya insan fəaliyyətinin nəticəsində torpağın yuyulması, yaxud aşınması prosesləri sayəsində baş verir və daha çox zəlzələ və fırtına zamanı müşahidə edilir.

Sürüşmə kütlələri müxtəlif süxurlardan təşkil olunur ki, onlar arasında tarazlığın pozulması davamlığın zəifləməsinə səbəb olur. Sürüşmələrin yaranmasına təbii və süni (antropogen) amillər səbəb ola bilər. Təbii amillərə yamaclarda sıldırımların böyüməsini, onların torpaqda olan əsasının su kütlələri ilə yuyulmasını, seysmik təkanları, süni və ya antropogen amillərə isə yol çəkilməsi zamanı yamacların dağıdılması, meşələrin qırılmasını aid etmək olar.

Beynəlxalq statistik məlumatlara görə, sürüşmələrə 80% antropogen amillər səbəb olur. Sürüşmələr 10° və daha çox bucaq altında olan yamaclarda baş verir. Gilli süxurlara malik zonalarda isə həddindən çox nəmişlik hətta 5–7° bucaq altında sıldırım olduqda belə sürüşmələrə gətirib çıxara bilər.

Sürüşmələr hadisənin miqyasına, baş vermə yerinə, sürüşmə prosesinin gücünə, mexanizminə və aktivliyinə görə təsnif edilir.

Miqyasına görə sürüşmələr iri, orta və kiçik həcmli olur.

İri sürüşmələr, adətən, təbii amillərin təsirindən baş verir və yamac boyunca yüz metrlərlə sahəni əhatə edir. Sürüşmənin cismi çox zaman öz monolitliyini qoruyub saxlayır.

Orta və kiçik həcmli sürüşmələr isə daha kiçik ölçülərdə olur və çox zaman antropogen amillərin təsirindən yaranır.

Sürüşmənin miqyası prosesə cəlb olunan sahə ilə xarakterizə olunur.

Miqyasına görə sürüşmələr bu cür təsnif edilir:

  • Nəhəng — 400 ha və daha çox,
  • Çox böyük — 200–400 ha,
  • Böyük — 100–200 ha,
  • Orta — 50–100 ha,
  • Kiçik — 5–50 ha,
  • Çox kiçik — 5 ha sahəni əhatə edir.

Gücünə görə torpaq sürüşmələri kiçik, orta, böyük və çox böyük ola bilir və yerini dəyişən süxur kütlələlərin həcmi ilə xarakterizə olunur. Bu kütlələrin həcmi 100 kubmetrdən bir milyon kubmetrədək dəyişə bilər.

Torpaq sürüşmələri, sellər və uçqunlar təsərrüfatlara, tikililərə, təbii mühitə böyük ölçüdə zərər verməklə itkilərə səbəb olur və insan həyatı üçün təhlükə törədir.

Torpaq sürüşmələri geoloji fəlakətlərin ən təhlükəli növlərindən biridir. 1911-ci ildə Pamir dağlarında baş verən zəlzələ böyük bir sürüşməyə səbəb oldu. Nəticədə 2.5 milyard kubmetr torpaq sahəsi sürüşdü. Usoy qışlağı əhalisi ilə birlikdə torpaq kütləsinin altında qaldı. Sürüşmə kütlələrinin Murqab çayının qarşısını kəsməsi nəticəsində yaxınlıqda olan Saraz qışlağı yeni yaranmış gölün dərinliyində qaldı.

3 aprel 2010-cu ildə Peruda 400 nəfərlik kəndin əhalisi torpaq sürüşməsi nəticəsində torpağın altında qaldı.

Böyük Qafqazda torpaq sürüşməsi

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda sürüşmə prosesinin əhatə etdiyi ərazilərin getdikcə genişlənməsi təşviş doğurur. Sürüşmələrin əhatə etdiyi ərazi 300 km2-ə yaxındır. Sürüşmələr torpaq ehtiyatlarını məhv etməklə yanaşı həm də kənd təsərrüfat tikintilərinin, o cümlədən yolların və bəzi hallarda bütöv kəndlərin dağılmasına səbəb olur. Belə hallara cənub yamacda İsmayıllı, Ağsu rayonunun dağlıq hissəsində, Şamaxı rayonunda və şimali-şərq yamacda Xızı, Quba və Qusar rayonlarında daha çox təsadüf edilir. Son illərdə Böyük Qafqazın şərq qurtaracağında yerləşən Abşeron yarımadası və xüsusilə, Bakı şəhərində də sürüşmələrin baş verməsi bu məsələyə diqqətin artırılmasını tələb edir. Son vaxtlar baş verən Bayıl sürüşməsi belə təhlükələrdən xəbər verir[2].

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
  2. Xəlilov Ş. B. Azərbaycanın ekocoğrafi problemləri Bakı 2006

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • http://www.arxkom.gov.az/images/docs/Torpaq_srmsi_thlksi_olan_razilr_Bak_Aberon.pdf Arxivləşdirilib 2017-03-29 at the Wayback Machine
  • http://xalqxeber.az/sosial/381962-torpaq-surushmesi-olan-erazilerin-elektron-xeritesi-hazirlanib-siyahi.html Arxivləşdirilib 2016-12-26 at the Wayback Machine
  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.