Veniamin Mayorov
Veniamin Stepanoviç Mayorov (rus. Вениамин Степанович Майоров; 16 sentyabr 1930, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycanın mənzil-kommunal təsərrüfatı naziri (1980–1992), Azərbaycan SSR Ali Sovetinin VI–XI çağırış deputatı.
== Həyatı ==
Veniamin Stepanoviç Mayorov 16 sentyabr 1930-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, buranı dağ-mədən mühəndisliyi ixtisası üzrə başa vurmuşdur. Əmək fəaliyyətinə 1953-cü ildə "Leninneft" neft-qazçıxarma idarəsinin 11 saylı mədənində neftçıxarma operatoru kimi başlamışdır. Sonrakı illərdə neftçıxarma üzrə usta köməkçisi, ərazi müdiri, böyük mühəndis, sahə müdiri vəzifələrində çalışmışdır.Veniamin Mayorov 1961-ci ildə Lenin Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1963-cü ildə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti Partiya-Dövlət Nəzarəti Komissiyasının sədrinin müavini (1965-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi sədrinin müavini) təyin edilmiş və bu vəzifədə 1969-cu ilədək çalışmışdır. 1969–1980-ci illərdə Bakı Şəhər Xalq Deputatları Soveti (1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti) İcraiyyə Komitəsi sədrinin birinci müavini olmuşdur.1980-ci ildə Veniamin Mayorov Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri təyin edilmiş və bu vəzifədə 1992-ci ilədək çalışmışdır. Azərbaycanda Rus İcması yaranandan (1993-cü ildən) burada sədr müavini, paralel olaraq 1997-ci ildən Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru vəzifəsində çalışmışdır.Veniamin Mayorov 1959-cu ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, altı çağırış (6–11-ci çağırış) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd, Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni, SSRİ medalları, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilmişdir.