İdris Verdiyev
Verdiyev İdris Əli oğlu və ya Bədbin İdris (31 dekabr 1928, Şaplar, Kəlbəcər rayonu – 18 yanvar 2016, Bakı) — Azərbaycan coğrafiyaçısı, coğrafiya müəllimi, məktəb direktoru (müxtəlif illər), Kəlbəcər rayonu Bilik Cəmiyyətinin sədri, şair, publisist.
== Həyatı ==
Verdiyev İdris 1928-ci il 31 dekabrda Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Şaplar kəndində anadan olmuşdur.1945-ci ildə Kəlbəcər şəhər orta məktəbini bitirib və Şaplar kənd ibtidai məktəbinə müdir təyin edilir. 1946-cı ildə Kəlbəcər rayonunun Komsomol Komitəsinin II katibi təyin edlir. Orta məktəbi əla qiymətlərlə bitirdiyinə və nümunəvi işçi olduğuna görə 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə imtahansız qəbul edilir. İnstitutda əla qiymətlərlə oxuduğuna görə İ. V. Stalin adına təqaüdə layiq görülür. İnstitutu fərqlənmə diplomu ilə bitirərək, 1951-ci ildə Moskva Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olur. 1953-cü ildə atasının qəflətən ağır xəstələnməsi nəticəsində ailəsinin iqtisadi vəziyyəti çətinləşir və anasının təkidi ilə aspiranturadan çıxaraq rayona dönür, Kəlbəcər şəhəri orta məktəbində coğrafiya müəllimi işləməyə başlayır. 1953-cü ildə İsgəndərova Məleykə Müslüm qızı ilə ailə qurur və Ağcakənd orta məktəbinə direktor təyin edilir. Sonra müxtəlif illərdə Kəlbəcərin müxtəlif kəndlərində (Lev, Güneypəyə, Kilsəlikənd, Geştək, Şaplar kəndlərində) məktəb direktoru işləməklə, ibtidai məktəblərin yenidənqurulması və sahəsinin genişləndirilərək orta məktəbə çevrilməsində fədakarlıqla çalışır. Uzun illər Kəlbəcər rayon Məhkəməsində Xalq İclasçısı kimi fəaliyyət göstərir.