Barry White
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi.
== Həyatı ==
Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir.
Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır.
Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.