Əfsun Sucayev
Əfsun Rəzzaq oğlu Sucayev (14 noyabr 1979) — kimyaçı alim. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinın akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, professor.
== Həyatı ==
Sucayev Əfsun Rəzzaq oğlu 1979-cu ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. Orta təhsilini Züvüç kənd orta məktəbində, sonra Lerik qəsəbə 1 saylı kimya-biologiya təmayüllü liseydə almışdır.
Orta məktəbi bitirdikdən sonra 1997-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. 2001-ci ildə Gəncə Dövlət Universitetinin kimya və biologiya ixtisası üzrə bakalavr, 2003-cü ildə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun əyani aspiranturasına daxil olmuşdur. 2008-ci ildə "Üzvi kimya" ixtisası üzrə "Mono-, di(2-hidroksilpropil)aminlərin və onların tiokarbamid törəmələrinin sintezi və xassələri" mövzusunda dissertasiya işini müdafiə edərək, kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə, 2017-ci ildə isə dosent elmi adına layiq görülmüşdür.
2012-ci ildə Aşqarlar Kimyası İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuşdur, 2017-ci ildə təhsilini başa vurmuşdur. 2018-ci ildə "Üçkomponentli kondensləşmə reaksiyaları əsasında aminospritlərin tsiklik tiokarbamid törəmələrinin sintezi və çevrilmələri" mövzusunda doktorluq dissertasiya işini müdafiə etmiş və kimya elmlər doktoru elmi dərəcəsinə, 2023-cü ildə professor elmi adına layiq görülmüşdür.