Asif Məmmədov (kimyaçı)

Vikipediya saytından
Orxan Zakir (müzakirə | töhfələr) (Yeni səhifə: '''Asif Məmmədov''' - kimya elmləri doktoru, professor. == Həyatı == Asif Məmmədov 2 may 1947-ci ildə Ağdamda anadan olmuşdur. O, 1965-ci ildə Ağdam 5 saylı orta mə...) tərəfindən edilmiş 10:11, 5 yanvar 2013 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Asif Məmmədov - kimya elmləri doktoru, professor.

Həyatı

Asif Məmmədov 2 may 1947-ci ildə Ağdamda anadan olmuşdur. O, 1965-ci ildə Ağdam 5 saylı orta məktəbini qızıl medalla bitirdikdən sonra , 1965-1970 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. Asif Məmmədov universiteti fərqlənmə diplomu ilə qurtarmış, həmin təhsil ocağının «Fiziki kimya» kafedrasının qiyabi aspiranturasında oxumuşdur. [1]

O, Bakıda "Yn-Bi-Sb, Tl-Bi-Sb və Tl-Rb-As ərintilərinin termodinamiki tədqiqi" mövzusunda namizədlik (1974), Tbilisidə "İki-dörd komponentli qeyri-molekulyar birləşməli sistemlərdə faza tarazlığı və termodinamiki funksiyaların hesablanması və approksimasiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1990). [2]


Asif Məmmədov Azərbaycan Elmləri Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda, Radiasiya Tədqiqatları Bölməsində kiçik elmi işçi, böyük elmi işçi (1971-81), Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda böyük elmi işçi (1981-86), bölmə müdiri (1986-92), laboratoriya müdiri işləmişdir. Hazırda o, AMEA Kimya Problemləri İnstitutunun baş elmi işçisidir.

Elmi fəaliyyəti

Asif Məmmədov 200-ə yaxın elmi məqalənin, 5 dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifidir. Apardığı elmi tədqiqat işləri Rusiya,Çexoslovakiya, Avstriya, Almaniya, Fransa, İngiltərə, Yaponiya və ABŞ-da çap edilmişdir. [3]

Əldə etdiyi elmi nəticələr 1973 ildən termodinamikaya dair Beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən Çexoslovakiya (1983), İtaliya (1991),ABŞ (1993, 1995), Yaponiya və Fransada keçirilən konfransların proqramlarına salınmış və nəşr edilmişdir (1995-2000).

Asif Məmmədovun elmi fəaliyyətinin əsas istiqaməti qeyri-üzvi birləşmələrin və ərintilərin fiziki kimyəvi xassələri, termodinamiki funksiyaların proqnozu və korrekt hesablama məsələlərini əhatə edir. O, bir sıra praktiki əhəmiyyətli iki və çoxkomponentli yarımkeçirici və metal sistemlərin hal diaqramları və termodinamiki funksiyalarını təyin edib, yeni korrekt hesablama üsulları hazırlamışdır. Onun təklif etdiyi termodinamiki funksiyaların approksimasiya üsulu sorğu kitabına daxildir.

İstinadlar

  1. Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
  2. Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001
  3. Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001

Mənbə

  • Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, Sabah, 2001