Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti və ya qısaca BDUAzərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın ilk ali təhsil müəssisəsidir. Avropa universitetləri assosiasiyasının üzvüdür.

Bakı Dövlət Universiteti
BDU
Bakı Dövlət Universiteti
Loqonun şəkli
Bakı Dövlət Universitetinin 2 saylı korpusu 2024-cü il

Bakı Dövlət Universitetinin 2 saylı korpusu
2024-cü il
Xəritə
40°22′22″ şm. e. 49°48′41″ ş. u.HGYO
Əvvəlki adları S.M.Kirov adına
Azərbaycan Dövlət Universiteti,
M.Ə.Rəsulzadə adına
Bakı Dövlət Universiteti
Əsası qoyulub 1 sentyabr 1919
Tip Dövlət
Rektor Elçin Babayev
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Z.Xəlilov küçəsi, 23 AZ1148, AZ1073/1
Rənglər          
Sayt bsu.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1897-ci ilin sentyabr ayında KiyevVarşavada politexnikum açıldıqdan sonra, belə bir təhsil müəssisəsinin Zaqafqaziyada da açılması sahəsində danışıqlar başlanmışdı. Tiflisdə politexnikum açılması və ali məktəbin təşkilinə ianə toplanılması üçün Qafqaz canişinliyi nəzdində xüsusi Baş Komitə yaradıldı. Bu məsələ də xeyli müddət uzadıldı.

7 may 1910-cu ildə Xüsusi Baş Komitənin sədri məktubla Bakı, İrəvan, Yelizavetpol, Poti, Batum, Qroznı və b. şəhər dumalarına müraciət edərək, Tiflisdə Qafqaz Universitetinin açılması və hər il onun xərclərinin ödənilməsi üçün kömək göstərilməsi barədə xahiş etdi. Tiflisdə "Rus universiteti"ni açmaq üçün yerli Ali qadın kurslarının professorlarından ibarət komissiya yaradılır. Bu komissiyaya alim, cərrah və pedaqoq, üç universitetin — Saratov (1909), Tiflis (1918) və Bakı (1919) universitetlərinin yaradılmasında mühüm rol oynamış professor Vasili İvanoviç Razumovski (1857–1935) başçılıq edirdi. Komissiya universitetin layihə və smetasını hazırlayıb Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin müzakirəsinə verdi.

Sonrakı hadisələri V. İ. Razumovski belə xatırlayırdı: "İşimiz qurtarana yaxın Qafqaz Zaqafqaziya Demokratik Federativ Respublikası kimi Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdəntürklərdən ibarət qarışıq hökumət təşkil edildi. Xalq Maarif Naziri Fətəli xan Xoyski idi. Biz Tiflisdə rus universitetinin təşkili üçün apardığımız işdən istifadə etməyi həmin hökumətə təklif etdik. Nazir bizi dinlədi, Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini bildirdi, lakin əlavə edib dedi: "Bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum var, indi də gürcü universiteti?.. Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı?" O, bizim məlumat məktublarımızı nəzərdən keçirmək üçün götürdü və bizim məqsədimiz barədə Nazirlər Şurasına məlumat verəcəyini vəd etdi".

Təəssüf ki, o dövrdə yaranmış daxili və xarici vəziyyətlə bağlı Zaqafqaziya hökuməti bu məsələyə baxmağa imkan tapmadı. 1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin öz fəaliyyətini dayandırması nəticəsində üç müstəqil respublikaAzərbaycan, GürcüstanErmənistan respublikaları yaradıldı.

Bakı Dövlət Universitetinin 1919-cu ildə gerbi

Bakı Dövlət Universiteti 1919-cu il 1 sentyabrda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir.

Tiflisdə fəaliyyət göstərən Ali qadın kursları 1918-ci ilin iyulunda üç fakültədən — təbiət, tarix-filologiya və tibb fakültələrindən ibarət olan Zaqafqaziya Universitetinə çevrildi. Professor V. İ. Razumovski tədrisin rus dilində aparıldığı bu universitetin rektoru vəzifəsinə seçildi. Universitetin rəhbərliyi sonrakı illərdə Yekaterindorf, İrəvan və ya Bakıda fəaliyyət göstərə bilməsi üçün danışıqlara başlayır. Belə bir vaxtda Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakı şəhərində universitetin açılmasına böyük əhəmiyyət verirdi.

Azərbaycan hökuməti universitetin açılması üçün hər il 5 milyon, kənd təsərrüfatı institutu üçün isə 500 min rubl vəd edir. Bundan başqa, universitet kitabxanası üçün 300 min rubl, universitetə tam yararlı klinika və avadanlıqla yaxşı təmin edilmiş xəstəxana və s. verməyi də öhdəsinə götürür. Universitet şurasının iclasında ermənilər bunun əleyhinə olsalar da, çoxluq universitetin Bakıya köçürülməsi təklifini müdafiə edir.

1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ilk universitetin açılması haqqında qanun qəbul etdi. "Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.

Qanunun onuncu maddəsində deyilirdi ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur.

İctimaiyyətin narahatlığını nəzərə alaraq qanunun II maddəsinin 2-ci bəndində qeyd edilirdi ki, bütün fakültələrdə türk dili məcburi fəndir. Azərbaycan hökuməti universitet komissiyasının tövsiyəsini, Xalq Maarif Nazirliyinin təqdimatını nəzərə alaraq, 1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektoru və dekanlarının təsdiqi haqqında qərar qəbul edir. Qərarda operativ cərrahiyyə kafedrasının əməkdar professoru V. İ. Razumovskinin rektor, patoloji anatomiya kafedrasının professoru İ. İ. Şirokoqorovun, o olmadığı dövrdə isə müvəqqəti olaraq professor A. M. Levinin tibb fakültəsinin, tarixçi, publisist, ümumi tarix kafedrasının dosenti N. A. Dubrovskinin tarix-filologiya fakültəsinin dekanı təyin olunduğu göstərilir. İlk tədris ilində universitetə ştat üzrə lazım olan 104 nəfər, o cümlədən 43 professor və privat dosent cəlb etmək mümkün olmuşdu.

Bakı Dövlət Universitetinin ilk binası

Universitet Şurasının 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibi təsdiq edilir. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilir.

Universitetin ilk rektoru, professor Vasili İvanoviç Razumovski sonralar bu təhsil ocağının fəaliyyətə başlamasının əhəmiyyətindən bəhs edərkən yazırdı: "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Avropa ilə Asiyanın qovuşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özümüzü xoşbəxt hesab edə bilərik"

1920-ci il may ayının 11-də xalq maarif komissarı Dadaş Bünyadzadənin universitetin rektoru V. İ. Razumovskiyə verdiyi sərəncamda universitetdə təlim və tərbiyə işinin lazımi səviyyədə saxlanılacağı göstərilirdi. Təzyiqlər V. İ. Razumovskini Bakını tərk etməyə məcbur etdi. Həmin il universitetə məşhur nevropatoloq, Moskva Universitetinin məzunu, sonralar akademik olmuş professor Sergey Davidenkov rektor təyin edildi.

Yerli kadrlara olan ehtiyacı nəzərə alan hökumət 1921-ci ilin may ayında təhslin türk dilində də aparılması barədə qərar qəbul etdi. Lakin bu cür qərarların qəbul edilməsinə baxmayaraq, universitetə, tədricən, təzyiqlər göstərilir, onun daxilində "təmizləmə" işləri aparılırdı.

  • 1922-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) yaradıldıqdan sonra Azərbaycan təhsili mərkəzə tabe etdirildi, universitetin müstəqillliyinə son qoyuldu.
  • 1922-ci ildə universitetin adı dəyişdirildi və Azərbaycan Dövlət Universiteti qoyuldu. Bütün ölkədə olduğu kimi, universitetdə də təhsil sovet ideologiyasına xidmət edirdi.
  • 1923-cü ildə Kazan Universitetinin tarix və fəlsəfə kafedrasını bitirmiş filosof və məntiqşünas, 1920-ci ildən Bakı Dövlət Universitetinin professoru Aleksandr Qulyayev BDU-ya rektor təyin edildi.
  • 1923-cü ildə qəbul edilmiş nizamnamədə universitetin Şərq fakültəsi istisna olmaqla, digər fakültələrində bütün məcburi kursların və məşğələlərin rus dilində aparılması haqqında qərar qəbul edildi. Universitetdə bu prosesin başlanması birmənalı qarşılanmır, digər millətlərdən olan professor-müəllim heyəti bunu öz mənafeyinə təhlükə kimi qarşılayaraq, türk millətinin intellektual səviyyəsinin aşağı olması iddiası ilə çıxış edir.
  • 1926-cı ildə ilk azərbaycanlı rektor Tağı Şahbazi təyin olundu. Lakin 1929-cu ildə onu kənarlaşdıraraq 1929-cu ildə rus alimi Vladimir Yelpatyevskini rektor təyin edirlər.
  • 1930-cu ilin iyun ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan Dövlət Universitetinin fəaliyyəti dayandırıldı, onun ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar yaradıldı.1934-cü ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət Universiteti yenidən işə başladı.

Bununla belə, 30-cu illərin amansız repressiyaları universitetin milli ruhlu kollektivindən də yan keçmədi. Bu dövrdə yüzlərlə professor, müəllim, işçi və tələbəyə "xalq düşməni", türkçü, turançı, pantürkçü, panislamçı damğaları vuruldu. O illərdə amansız Stalin repressiyalarının qurbanı olmuş, Sibirin həbs düşərgələrinə sürgün olunmuş və ya güllələnmiş Ə. Nazim, A. Bukşpan, Ə. Qubaydullin, V. Xuluflu, B. Çobanzadə, T. Şahbazi, H. Şahtaxtinski, M. Ələkbərli kimi unudulmaz ziyalılarımız olmuşdur.

1937-ci ildə 2 dekan, 2 dekan müavini, 4 kafedra müdiri, kitabxananın direktoru, elmi katib, xüsusi hissənin müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, 8 professor, həmçinin Universitetin rektoru olmuş xalqımızın 4 ziyalısı (Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Bala bəy Həsənbəyov) güllələnməyə məhkum edildi.

Universitetin 1920–1930-cu illərdə aparıcı müəllimləri yazıçı Əbdürrəhim bəy Haqverdiyev, tanınmış şərqşünaslar — professor P. K. Juze, professor A. O. Makovelski, professor A. O. Mişel və digər alimlər olmuşlar. Həmin dövrlərdə universitet rəhbərliyinin dəvəti ilə Bakıya öz ixtisasları üzrə mühazirələr oxumaq üçün N. Y. Marr, V. V. Bartold, Şərq Elmlər Akademiyasının akademiki Fuad bəy Köprülüzadə universiteti ziyarət etmişlər. Məşhur həmyerlimiz, Nobel mükafatı laureatı Lev Landau 1922–1924-cü illərdə bu universitetdə təhsil almışdır.

1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. 1934-cü ildə Dövlət Universiteti yenidən işə başladı.

İkinci dünya müharibəsi illərində fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsi illərində professor-müəllimlərin müharibəyə getmələri ilə bağlı kəskin çatışmazlıqlara baxmayaraq, universitet ölkədə öz öncül mövqeyini qoruyub saxlaya bildi. Universitet alimlərinin 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşkil edilməsində xüsusi xidmətləri olmuşdur.

II Dünya müharibəsi universitetin də həyatına mənfi təsir etdi, tədris prosesi ağır vəziyyətə düşdü. 1941-ci il iyunun 22-də — müharibənin başlandığı ilk gündə universitetin rektoru Cəbrayıl Ağəli oğlu Ələsgərovun cəbhəyə getməsi bütün müəllim-tələbə kollektivi üçün bir çağırış oldu. 1940–41-ci dərs ilində universitetin bütün məzunları və 200 tələbə cəbhəyə yollandı.

Müharibənin ən ağır dövründə — 1941–1944-cü illərdə universitetə dos. Şamil Rəhim oğlu Əliyev rektorluq etmişdir. O illərdə universitet alimləri beynəlxalq əhəmiyyəti olan bir sıra kəşflərə imza atdılar. Bunlara ən parlaq misal akademik Yusif Məmmədəliyevin donmayan sürtkü yağlarını kəşf etməsini göstərmək olar ki, müharibə illərində hərbi aviasiya sənayesində Sovet təyyarələri üçün bu tapıntı həlledici rol oynadı.

İkinci dünya müharibəsindən sonrakı illər

[redaktə | mənbəni redaktə et]

1969-cu il noyabrın 1-də universitetin yaradılmasının 50 illiyi münasibətilə yubiley tədbiri keçirilirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin tədbirdə iştirak etdi və ana dilində nitq söylədi: "Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi".

SSRİ Ali Soveti Rəyasət Heyəti 1969-cu ildə Azərbaycan Dövlət Universitetini yaranmasının 50 illiyi münasibətilə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif etmişdi.

1961-ci ildə fəaliyyəti dayandırılmış universitet nəşriyyatı 80-ci illərdə yenidən fəaliyyətini bərpa edir. Bu dövrdə universitet kitabxanasının inkişafına böyük önəm verilir. Fondunun fəaliyyət dairəsinin genişliyinə və zənginliyinə görə respublika kitabxanalarının metodik mərkəzi hesab edilən bu kitabxanaya 1974-cü ildə "Elmi Kitabxana" statusu verilmişdir.

Müstəqillik dövrü

[redaktə | mənbəni redaktə et]

1989–1993-cü illərdə BDU-da 5 dəfə rektor dəyişdirildi. 1993–1996-cı illərdə BDU-nun rektoru Murtuz Nəcəf oğlu Ələsgərov, 1996–1998-ci illərdə Misir Cümayıl oğlu Mərdanov universitetinin rektoru olmuşdur.

Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilmiş və həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.

Bakı Dövlət Universiteti Prezident İlham Əliyevin "Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında" 2017-ci il 21 iyun tarixli sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu alıb. Bu sərəncamın tətbiqi ilə əlaqədar Bakı Dövlət Universitetinin özünüidarə statusu ləğv edilib.

Adının tarixi

[redaktə | mənbəni redaktə et]

1924-cü ildə universitetə Vladimir İliç Leninin adı verilir. 1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 aprel tarixli fərmanı ilə Azərbaycan Dövlət Universitetinə vaxtilə Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş Sergey Mironoviç Kirovun adı verilir. 1991-ci ildə isə Bakı Dövlət Universitetinə bu ali təhsil ocağının yaradılmasında fəal iştirak etmiş Məhəmməd Əmin Rəsulzadənin adı verilmişdir. 2001-ci ildən Bakı Dövlət Universiteti adı ilə təsdiqlənmişdir.

  • 1919 − 1920 — Bakı Universiteti
  • 1920 − 1991 — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti
  • 1991–2000[1] — M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti
  • 2000 — indiyədək — Bakı Dövlət Universiteti

Tərkibində 4 institut, 16 fakültə fəaliyyət göstərir. Əvvəllər 2 filialı olsa da, hal-hazırda 1 filialı vardır. 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyaları var.

BDU Tələbə evi

Universitetin tərkibində çap avadanlıqları olan nəşriyyat, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman — sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi var.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası respublikanın zəngin ali məktəb kitabxanalarından biridir. Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılmış və həmin ildə onun strukturunda önəmli yeri olan kitabxana təşkil olunmuşdur.

Universitetin kitabxansını yaratmaq üçün xüsusi komissiya təşkil edilmişdi. Komissiyanın 1919-cu ilin iyul ayında Bakı şəhər bələdiyyə idarəsinə müraciətinə əsasən indiki Musa Nağıyev adına xəstəxananın nəzdindəki, daha sonra Sabunçu xəstəxanası nəzdindəki kitabxana universitetə verilmişdi. Bundan əlavə, həmin dövrdə satışdan 120 min manatlıq kitab da alınmışdı. Universitet kitabxanasını genişləndirmək üçün komissiya tərəfindən eyni zamanda əhaliyə və ilk növbədə maarifpərvər ziyalılara müraciət olunmuşdu. Kitabxanada xüsusi türk şöbəsi yaradılmış, onu komplektləşdirmək üçün İstanbuldan 212 adda kitab gətirilmişdi.

Artıq 1920-ci ilin əvvəllərində kitabxananın fondunda 6 mindən çox kitab, 130 adda qəzetjurnal var idi. Kitabxana fondlarının zənginləşdirilməsi sonrakı illərdə də davam etdirildi. Kitabxananın Şərq şöbəsinin təşkili üçün Azərbaycan SSR Xalq Komissarları Soveti 1922-ci ildə 7 min manat qızıl pul ayırımşdı. Bu vəsait hesabına 1924-cü ildə İstanbuldan 2000-dən artıq kitab alınmışdı. 1922-ci ildə BDU-nun Petroqrada ezam olunmuş, professorları buradan pulsuz olaraq 200 puddan artıq qiymətli elmi ədəbiyyat, o cümlədən Rusiya Elmlər Akademiyasının bütün nəşrlərin alıb gətirmişdilər.

Universitetin elmi kitabxanası 2,5 milyondan artıq ədəbiyyatı olan fonda malik olmaqla, onun 12 qiraət zalı, 5 abonement şöbəsi var.

  1. Tətbiqi riyaziyyat Elmi-Tədqiqat İnstitutu
  2. Fizika problemləri Elmi-Tədqiqat İnstitutu
  3. Konfutsi İnstitutu (BDU)
  4. Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi

Bakı Dövlət Universitetinin nəzdində 2007-ci ildən fəaliyyət göstərir.

"Ümumi Təhsil Mərkəzi-XXI əsr" və N. Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksi ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

Altıağac Mərkəzi

[redaktə | mənbəni redaktə et]

Bakı Dövlət Universitetinin Altıağac Tədris-Təcrübə və İstirahət Mərkəzi Bakı Dövlət Universitetinin Azərbaycan Respublikasının Xızı rayonunun Altıağac[2] qəsəbəsinin ərazisində yerləşən tədris-təcrübə və istirahət mərkəzidir. Əsasən BiologiyaCoğrafiya fakültələrinin tələbələri bu mərkəzdə təşkil olunan istehsalat təcrübəsində iştirak edirlər.[3]

Mərkəzin əsası tədris-təcrübə bazası kimi qoyulmuşdur. 1990-cı ildən fəaliyyət göstərən bazada 2001-ci ildə əsaslı təmir işləri aparılmışdır.[3]

"Rus dünyası" Fondunun BDU-dakı Mərkəzi öz unikal strukturu ilə fərqlənir. Mərkəz öz fəaliyyətini yerləşdiyi ölkəyə görə uyğunlaşdırıb. Bütün lazımi avadanlıqlarla təchiz olunan Mərkəz daim yenilənərək əlavə materiallarla təmin edilir.

Rus Mərkəzinin fəaliyyəti müxtəlif yönümlüdür və sistemli şəkildə aparılır.

Mərkəz "Mədəniyyət və İncəsənət", "Elm", "Təhsil", "Rus Dili", "Tarix", "Cəmiyyət", "Müasir Rusiya" mövzularda yazılı, audio və video materiallarla təmin edilib.

Mərkəzin kitabxanasında aşağıdakı sahələrdə rus dilində Rusiyanın aparıcı nəşrlərini əldə etmək olar:

  1. Bədii ədəbiyyat
  2. Tədris ədəbiyyatı
  3. Dərsliklər və metodik vəsaitlər
  4. Elmi ədəbiyyat
  5. Uşaq nəşrləri
  6. Tarix, fəlsəfə, psixologiya, mədəniyyət, incəsənət, iqtisadiyyat və hüquq üzrə kitablar
  7. Rus dili lüğətləri, məlumat rəhbərləri, ensiklopediyalar
  8. Mediateka – multimediya məlumat bankı
  9. Multimediya nəşrləri
  10. Rus kinematoqrafiyasının klassik və müasir nümunələri
  11. Audio kitablar, mühazirələr, teatr tamaşaları, audio ekskursiyalar
  12. Tədris-metodik vəsaitlər, məlumat materialları
  13. Müxtəlif səviyyələr üçün rus dili tədris proqramları

Mərkəzdə ayrıca Rusiya KİV-nin elektron məlumat bazalarına, lüğət, ensiklopediya və məlumat saytlarına pulsuz daxil olma imkanı da yaradılıb.

BDU-nun Rus Mərkəzi beş il ərzində məhsuldar fəaliyyətinə görə iki dəfə diplomla təltif edilib. Mərkəzin rəhbəri Arzu Məmmədovadır.

Azərbaycan Respublikasının Quba rayonunun İkinci Nügədi[4][5] kəndinin ərazisində yerləşən tədris-təcrübə və istirahət mərkəzi.[3][6] Əsasən BiologiyaCoğrafiya fakültələrinin tələbələri bu mərkəzdə təşkil olunan istehsalat təcrübəsində iştirak edirlər.[3]

Bu tədris-təcrübə və istirahət mərkəzinin əsası Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1967-ci il tarixli Sərəncamına əsasən, Quba rayonunun Jdanov adına sovxozunun (indiki İkinci Nügədi kəndi) ərazisindən torpaq sahəsinin ayrılması ilə qoyulub.

1970-ci ilin yayında Biologiya fakültəsinin yeni dekanı Qara Mustafayev və bir qrup tələbə təzəcə salınmış cığırla gəlib alma ağaclarının altında qurulan çadırlarda ilk təcrübə keçdilər. Beləliklə, "çadır-təcrübə praktikası" 1991-ci ilədək davam etdi.[7]

1989-cu ildə Xocalı şəhərinin inkişafı ilə əlaqədar həyata keçirilən Dövlət Proqramına uyğun olaraq, Rusiya Federasiyasından alınan taxta konstruksiyalı ikimərtəbəli binalardan biri Biologiya fakültəsinin o vaxtkı dekanı Akif Quliyevin şəxsi səyləri nəticəsində universitetə verildi.[7] Həmin 16 mənzilli, 47 otaqlı ev 1990-cı ilin sonlarında İkinci Nügədi kəndində qurulub başa çatdı.[7] 1991-ci ildən etibarən tələbələr, nəhayət, rahat otaqlarda yerləşərək təcrübə keçməyə başladılar.[7] Lakin bu təcrübələr uzun sürmədi.[7] Qarabağ müharibəsi dövründə burada məcburi köçkünlər məskunlaşmışdı;[6] Ermənilərin təcavüzü nəticəsində 1993-cü ildə Qubadlıdan qaçqın düşən 38 ailə müvəqqəti yaşamaq üçün bazada yerləşdirildi, bu "müvəqqətilik" 2012-ci ilə kimi davam etdi.[7] Təxminən 20 il ərzində tələbələrin təcrübə dərsləri həyata keçirilmədi.[7] Yalnız 2011-ci ilin sentyabrında yeni binanın inşasına başlanılmış və 2013-cü ilin sentyabrında başa çatdırılmışdır.[6] Tikinti işləri universitetin daxili imkanları hesabına aparılmışdır.[6]

Belə ki, 2007-ci ildən Qubanın Güləzi kəndində başlanan sürüşmənin yaratdığı problemləri həll etmək, həmin kəndi yeni əraziyə köçürmək məqsədilə dövlət tərəfindən rayonun Aşağı Atuc kəndi ərazisində 60 hektar torpaq sahəsi ayrıldı və həmin yerdə hər birinin həyətyanı sahəsi 8 sot olan 189 mənzil inşa olundu. 2012-ci il martın 6-da istifadəyə verilən həmin qəsəbənin sakinlərinin bir qismi də həyat şəraitini yaxşılaşdırmaq arzusu ilə müraciətlər edən BDU-nun tədris-təcrübə bazasında məskunlaşan məcburi köçkünlər idi.[7] Beləliklə bu hadisə bazanın yox, yeni tədris-təcrübə mərkəzinin tikintisinə şərait yaratmışdır.[7] Çünki həmin dövrdə BDU-nun Elmi Şurası "Biologiya fakültəsinin tədris-təcrübə bazası" adının dəyişdirilərək "Bakı Dövlət Universitetinin Tədris-təcrübə və istirahət mərkəzi" olması haqqında qərar qəbul etdi.[7]

400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin müəllim və tələbələrinin istirahətinə hər cür şərait yaradılmışdır.[6] Burada həm professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə tutulmuş otaqlar ən müasir standartlara cavab verir.[6]

Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 30 nəfərlik konfrans zalı, 300 nəfərlik böyük akt zalı, professor-müəllim heyəti üçün nəzərdə tutulmuş 2–3 otaqdan ibarət 5 VİP mənzil var.[3]

Müəllim-tələbə heyəti 300 nəfərlik yeməkxananın xidmətlərindən istifadə edir.[6]

Mərkəzinin həyətində 2 idman stadionu (biri futbol, digəri voleybol və böyük tennis) yerləşir.[3]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə 18 sentyabr 2013-cü ildə mərkəzin açılışında iştirak etmiş və mərkəzin rəmzi açılışını bildirən lenti kəsmişdir.[6]

Beynəlxalq əlaqələr

[redaktə | mənbəni redaktə et]

Universitetin beynəlxalq əlaqələri gündən-günə genişlənir. Hazırda universitet keçmiş SSRİ-nin bir çox universitetlərini özündə birləşdirən Avroasiya Universitetlər Assosiasiyasının, Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri (QDU) Assosiasiyasının, Avropa Universitetləri Assosiasiyasının üzvüdür. Universitet 2002–2004-cü illərdə QDU Assosiasiyasına çox uğurla rəhbərlik etmişdir. Bundan əlavə, universitet M. V. Lomonosov adına Moskva Dövlət Universiteti, Orta Doğu Teknik Universiteti, Nitsa-Sofiya Antipolis Universiteti, İndiana Universiteti, Kiyev Milli Universiteti, Vyana Universiteti və digər universitetlərlə ikitərəfli müqavilələr əsasında hərtərəfli elmi-texniki, müəllim-tələbə mübadiləsi sahəsində əməkdaşlıq edir.

Moskva Dövlət Universitetinin coğrafiya və biologiya fakültələrinin tələbələri müntəzəm olaraq 2 həftədən bir ay müddətinə qədər Azərbaycan Hirkan Milli Parkının və Qızıl-Ağac qoruğunun ərazisində tədris təcrübəsini keçirlər.

2008-ci ilin oktyabr ayında rus mədəniyyətinin və tarixinin daha da dərindən öyrənilməsi, rus dili və ədəbiyyatının tədris planının təkmilləşdirmək məqsədilə, Bakı Dövlət Universitetində "Russkiy Mir" fondunun maliyyə dəstəyi ilə BDU-nun "Russkiy Mir" mərkəzi yaradılmışdır. Mərkəz rus dili və ədəbiyyatı, Rusiya tarixi, mədəniyyəti sahəsində müasir kitablar, internet resursları və texniki avadanlıqlar ilə təchiz edilmişdir.

Koreyanın Pay-Çay Universiteti ilə imzalanmış müqavilədə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində Koreya dilinin tədrisinin inkişafı, NANO-tenxnologiyalar üzrə əməkdaşlığın qurulması və gələcəkdə tələbə mübadiləsinin təşkil olunması kimi məsələlər qeyd olunmuşdur. Bu müqavilə əsasında Koreyanın KADO şirkətinin maliyyə dəstəyi ilə rəqəmsal imkanların istifadə olunması məqsədilə Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Mərkəzi yaradılmışdır.

Qafqaz Universitetlər Birliyinin və 2022-ci ildən Avropa Universitetlər Assosiasiyası, İslam Dünyası Universitetləri Federasiyasının üzvüdür.

Beynəlxalq ikili diplomlar

[redaktə | mənbəni redaktə et]

"2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə beynəlxalq ikili diplom proqramlarının əhəmiyyəti xüsusi olaraq vurğulanmışdır.

Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin edilməlidir.

Tədrisin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması və Universitetin beynəlxalq rəqabətliliyinin artırılması məsələsinə BDU-da xüsusi diqqət yetirilir və dünyanın bir sıra qabaqcıl universitetləri ilə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür.

Qeyd edək ki, ikili diplom proqramı tələbələrə tərəfdaş universitetlərin müvafiq ixtisasları üzrə diplomlarını almaq imkanı verməklə yanaşı, hər iki universitetdən əldə edəcəyi təcrübənin təhsilin keyfiyyətinin artırılmasında və gələcəkdə yüksəkixtisaslı kadr kimi formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda BDU-da 8 ikili diplom layihəsi proqramı fəaliyyət göstərir

  • Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında "Dəniz və enerji hüququ" sahəsində magistratura proqramının təşkili ilə bağlı imzalanmış müqaviləyə əsasən 2020-ci ildən ingilis dilində birgə magistr hazırlığı həyata keçirilir. Bu proqram digər xarici ali təhsil müəssisələrinin də diqqətini çəkmişdir.
  • Fransanın Lumière Lyon 2 Universiteti arasında əqli mülkiyət hüququ sahəsində ikili magistr dərəcəsinin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsinə əsasən 2021-ci ilin sentyabrından birgə magistr hazırılığı həyata keçirilir. Bu proqram ingilis və fransız dillərində tədris ediləcək və dərslərin əksər hissəsi Lyon 2 Universitetinin müəllimləri tərəfindən aparılacaqdır. Bu proqram tədrisi əsasən fransız dilində nəzərdə tutulan ilk fransız-Azərbaycan ikili diplom proqramıdır. Əvvəl mövcud olan ikili diplom proqramları ancaq ingilis dilində olmuşdur. Bunu nəzərə alaraq, proqram çərçivəsində planlaşdırılan fransız dili kurslarının və imtahanlarının keçirilməsinə görə məsuliyyət Azərbaycan Fransız İnstitutuna həvalə edilmişdir.
  • İsrailin Holon Texnologiya İnstitutu arasında imzalanmış sazişə əsasən kompüter elmləri sahəsində bakalavr hazırlığı həyata keçirilir. Bu ikili diplom layihəsinin əsas məqsədi kompüter elmlərinin müasir nailiyyətlərinə yiyələnməyi bacaran, İKT sahəsində dərin nəzəri biliklərə və praktiki bacarıqlara malik olan, elm, təhsil, sənaye və biznesin müxtəlif sahələri üçün yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır.
  • İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı tədris olunur. Sözügedən İkili diplom proqramının məqsədlərindən biri də siyasi və idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəlliyətlərində praktik problemləri təsnif etmək və onları həll etmək bacarıqlarına malik, habelə, təhsil, elm və beynəlxalq münasibətlər sahəsi üçün yüksəkixtiasalı mütəxəssislərin hazırlanmasıdır.
  • Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti (Lincoln University) arasında imzalanmış sazişə əsasən, BDU-nun Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsi və Linkoln Universitetinin Biznes İnzibatçılığı üzrə magistratura (MBA) proqramı bazasında Biznesin Təşkili və İdarə Edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirilir. Bu proqramın əsas məqsədlərindən biri iqtisadi və idarəetmə elmləri üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsidir.
  • Qazaxıstanın Satbayev adına Qazax milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci il tarixli müqaviləyə əsasən BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramı bazasında Neft Kimyası ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı tədris olunur. Bu proqram çəçivəsində neft kimyası və kimya mühəndisliyi elmləri üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur.
  • Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti arasına 2021-ci ildə imzalanmış müqaviləyə əsasən Hüquq fakültəsinin magistratura pilləsində beynəlxalq iqtisadi hüquq ixtisaslaşması üzrə ikili diplom proqramı tədris olunur.
  • Litvanın Vilnüs Universiteti arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən Hüquq fakültəsinin magistratura pilləsində insan hüquqları sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığı həyata keçirilir.
  1. 1 2 3 1943-cü ildə yaradılmış Geologiya-coğrafiya fakültəsi 1991-ci il tarixində Coğrafiya fakültəsiGeologiya fakültəsi olaraq iki müstəqil fakültəyə ayrılmışdır.
  2. 1 2 3 1920-ci ildə yaradılmış Fizika-riyaziyyat fakültəsi 1958-ci il tarixində Fizika fakültəsiMexanika-riyaziyyat fakültəsi olaraq iki müstəqil fakültəyə ayrılmışdır.
  3. 1 2 1919-cu il tarixində Bakı Dövlət Universitetinin nəzdində Tarix-filologiya fakültəsi yaradılmışdır. 1923-cü ildə fakültənin adı İctimai Elmlər fakültəsi olaraq dəyişdirilmişdir. 1924-cü il tarixində Fizika-riyaziyyat fakültəsi və İctimai elmlər fakültəsi ləğv edilərək bazalarında Pedaqoji fakültə yaradılmışdır. Pedaqoji fakültə 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin ləğv edilməsi ilə ləğv edilmişdir. 1934-cü ildə Azərbaycan Dövlət Universitetinin yenidən yaradılması ilə Tarix fakültəsi də yaradılmışdır.
  4. 1992-ci il tarixində yaradılmış İlahiyyat fakültəsi 2018-ci il tarixində həmin il yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun tərkibinə verilmişdir.
  5. 1919-cu ildə yaradılmış Tibb fakültəsinin bazasında Azərbaycan Tibb İnstitutu yaradılmışdır.
  1. "Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin fərmanı". 2018-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  2. BAKI DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ŞURASININ İCLASI OLMUŞDUR Arxivləşdirilib 2021-03-02 at the Wayback Machine. azertag.az, 08.07.2009 (az.)
  3. 1 2 3 4 5 6 Rüfanə Günəş, "Mənim universitetim" layihəsi: Bakı Dövlət Universiteti Arxivləşdirilib 2015-04-20 at the Wayback Machine. "Azərbaycan müəllimi" qəzeti, 14.03.2015, № 10. (az.)
  4. Əlişah Atakişiyev və başqalarından, Quba, Azərbaycan Arxivləşdirilib 2021-03-02 at the Wayback Machine. president.az, 18.07.2013 (az.)
  5. Bakı Dövlət Universitetinin Qubadakı tədris-təcrübə və istirahət mərkəzində elmi şuranın genişləndirilmiş iclası keçirilmişdir Arxivləşdirilib 2021-02-28 at the Wayback Machine. azerbaijan-news.az, 05.07.2014 (az.)
  6. 1 2 3 4 5 6 7 8 İlham Əliyev Qubaya səfəri çərçivəsində Bakı Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak etmişdir Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. president.az, 18.09.2013 (az.)
  7. 1 2 3 4 5 6 7 8 9 10 Sitat səhvi: Yanlış <ref> teqi; 525-ci qəzet adlı istinad üçün mətn göstərilməyib

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]