Məmmədov Asif Nəsib oğlu (2 may 1947, Ağdam) — kimyaçı, kimya elmləri doktoru, professor. TQDK eksperti, Çoxsaylı 4cü qrup imtahan suallarının müəllifi və bir çox Həkimlərimizin unudulmaz Kimya Müəllimi
Asif Məmmədov | |
---|---|
Asif Nəsib oğlu Məmmədov | |
Doğum tarixi | 2 may 1947 (77 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları | 60 illiklə əlaqədar Fəxri Fərman |
Asif Məmmədov 2 may 1947-ci ildə Ağdamda anadan olmuşdur. O, 1965-ci ildə Ağdam 5 saylı orta məktəbini qızıl medalla bitirdikdən sonra, 1965–1970 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsində təhsil almışdır. Asif Məmmədov universiteti fərqlənmə diplomu ilə qurtarmış, həmin təhsil ocağının "Fiziki kimya" kafedrasının qiyabi aspiranturasında oxumuşdur.[1]
O, Bakıda "Yn-Bi-Sb, Tl-Bi-Sb və Tl-Rb-As ərintilərinin termodinamiki tədqiqi" mövzusunda namizədlik (1974), Tbilisidə "İki-dörd komponentli qeyri-molekulyar birləşməli sistemlərdə faza tarazlığı və termodinamiki funksiyaların hesablanması və approksimasiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1990).[1]
Asif Məmmədov Azərbaycan Elmləri Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fizika İnstitutunda, Radiasiya Tədqiqatları Bölməsində kiçik elmi işçi, böyük elmi işçi (1971–81), Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda böyük elmi işçi (1981–86), bölmə müdiri (1986–1992), laboratoriya müdiri işləmişdir. Hazırda o, AMEA Kimya Problemləri İnstitutunun baş elmi işçisidir.[2]
Asif Məmmədova anadan olmasının 60 illiyi münasibətilə Fəxri Fərman verilmişdir.[2]
Asif Məmmədov 200-ə yaxın elmi məqalənin, 5 dərs vəsaitinin, 3 monoqrafiyanın müəllifidir. Apardığı elmi tədqiqat işləri Rusiya, Çexoslovakiya, Avstriya, Almaniya, Fransa, İngiltərə, Yaponiya və ABŞ-də çap edilmişdir.[1]
Əldə etdiyi elmi nəticələr 1973-cü ildən termodinamikaya dair Beynəlxalq konfrans və simpoziumlarda, o cümlədən Çexoslovakiya (1983), İtaliya (1991), ABŞ (1993, 1995), Yaponiya və Fransada keçirilən konfransların proqramlarına salınmış və nəşr edilmişdir (1995–2000).
Asif Məmmədovun elmi fəaliyyətinin əsas istiqaməti qeyri-üzvi birləşmələrin və ərintilərin fiziki kimyəvi xassələri, termodinamiki funksiyaların proqnozu və korrekt hesablama məsələlərini əhatə edir. O, bir sıra praktiki əhəmiyyətli iki və çoxkomponentli yarımkeçirici və metal sistemlərin hal diaqramları və termodinamiki funksiyalarını təyin edib, yeni korrekt hesablama üsulları hazırlamışdır. Onun təklif etdiyi termodinamiki funksiyaların approksimasiya üsulu sorğu kitabına daxildir.
Asif Məmmədov 1981–1994 illərdə Bakı Dövlət Universitetində Fiziki kimya ixtisas fənnindən mühazirə oxumuşdur. O, 1997-ci ildən TQDK Tələbə Qəbulu Dövlət Komissiyasının eksperti, 1997–2004 illərdə Soros Fondunun (Amerika Açıq Cəmiyyət İnstitutu) ekspert şuralarının üzvü olmuşdur.[2]