Polimer Materialları İnstitutu (Azərbaycan)
Polimer Materialları İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.
Təşkilatın əsas fəaliyyət istiqamətləri
- Xüsusi və təyinatlı funksional oliqomerlərin, polimerlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması;
- Funksional monomerlərin, polimerlərlə əlavələrin – modifikatorların, antipirenlərin, stabilizatorların və digər köməkçi maddələrin sintez üsullarının işlənib hazırlanması;
- Dəyərli istismar xassələrinə malik müxtəlif təyinatlı kompozision materialların, doldurulmuş sistemlərin, polimer-oliqomer və polimer-polimer qarışıqların yaradılması, kimya sənayesi tullantılarının və məhsullarının kompleks emal üsullarının işlənib hazırlanması.
PMİ-nin strukturu
Laboratoriyalar
- Monomerlər və polimerlərin stereokimyası laboratoriyası
- Kapsuləmələgətirən polimerlərin texnologiyası laboratoriyası
- Funksional "Smart" polimerlər laboratoriyası
- Elektro- və bioaktiv polimer materiallar laboratoriyası
- Xüsusi təyinatlı oliqomerlər və polimerlər laboratoriyası
- Heterotsiklik birləşmələr laboratoriyası
- Poliefir- və polikarbonat materiallar laboratoriyası
- Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyası
- İşığahəssas və optiki şəffaf polimer materiallar laboratoriyası
- Makromonomer əsaslı polimer materiallar laboratoriyası
- Polimer materiallarının təkrar emalı və ekologiyası laboratoriyası
- Biomimetik polimer materiallar laboratoriyası
- Yüksək şaxələnmiş polimerlər laboratoriyası
- Fiziki-kimyəvi analiz laboratoriyası
- Polimerlərə kimyəvi əlavələr və polimer gellər laboratoriyası
- Aqrokimya təyinatlı polimer materiallar laboratoriyası
- Nanopolimer kompozitlər laboratoriyası
Şöbələr
- İnformasiya telekommunikasiya və nəşriyyat işləri şöbəsi
- İctimaiyyətlə / beynəlxalq əlaqələr və qrant layihələri şöbəsi
- Patent tədqiqatlari və innovasiya şöbəsi
- Polimer materiallarının fiziki-mexaniki tədqiqatları şöbəsi
- Texniki-iqtisadi hesablamalar və layihələşdirmə şöbəsi
- Təhsil şöbəsi
- Elm və tədris mərkəzi
- Xüsusi şöbə
- Kitabxana
Son beş ildə əldə etdiyi elmi nəticələr
- "Qaynar" təbəqədə xlorüzvi birləşmələrin sintezi aparılmış və onlar əsasında yüksək istiliyə və odadavamlı polimer maddələr alınmışdır.
- Tozvari maddələrin dənəvərləşdirilməsi, onların təbii polimerlərin suda həll olan törəmələri ilə kapsullaşdırılması proseslərinin elmi əsasları işlənib hazırlanmış, bu proseslərin aparatur tərtibi ilə əlaqədar elmi konsepsiya yaradılmış, kapsuləmələgətirən sellülozanın törəməsi olan karboksilmetilsellülozanın natrium, kalium və ammonium duzlarının pambıqtəmizləmə zavodlarının tullantılarından alınması proseslərinin texnoloji əsaslarının yaradılması tədqiqatlar aparılmışdır.
- Polifunksional silisiumüzvi, epoksid, yüksəkmolekullu birləşmələrin effektli alınma üsulları işlənmiş, sənaye polimerlərinin modifikatsiyası sahəsində tədqiqatlar aparılmış və istiyə davamlı polietilen və xlorbutil kauçukunun alınma prosesləri işlənilərək sənayedə tətbiq olunmuşdur.
- Dünyada ilk dəfə olaraq xiral Lyuis turşusu katalizatoru: L-mentil efirinin BF3 kompleksi sintez edilmiş, nəticədə asimmetrik sintez strategiyasının əsası qoyularaq tərkibində bir neçə asimmetrik mərkəz olan təbii birləşmələrin optiki fəal halında sintezi mümkün olmuşdur.
- Kompleksradikal birgə polimerləşmə reaksiyalarının qanunauyğunluqları tədqiq edilmiş, metalüzvi polimerlər, xüsusi xassəli funksional polimerlərin sintezi sahəsində işlərin nəticələri mikroelektronika və s. sahələrdə tətbiq olunmuşdur.
- Yarımkeçirici, istiliyə və radiasiyayadavamlı reaksiyaya qabil oliqofenollar və tərkibində epoksi-, amino-, sulfo-, xlor və s. funksional qrup saxlayan oliqomer birləşmələrin sintezinin qanunauyğunluqlarının öyrənilməsi sahəsində tədqiqatlar aparılaraq yüksəkmolekullu birləşmələr kimyasının yeni istiqaməti – polioksiarilenlər kimyasının əsası qoyulmuş və inkişaf etdirilmişdir.
- Sorbent və katalizatorlar kimi tətbiq edilən polimer kompleks əmələgətiricilərin yeni yaranma prinsipi işlənib hazırlanmışdır. Prinsip polimer kompozisiyasının yaddaşa malik olmasına əsaslanır və makromolekulların aktiv mərkəzlərinin sorbsiya olunan metala və ya katalitik çevrilməyə məruz galan substrata nəzərən struktur uyğunlaşmasından və yaranmış optimal strukturun molekularası tikilmə vasitəsilə bərkidilməsindən ibarətdir. Bu prinsipə əsaslanaraq, yeni yüksək aktivliyə və selektivliyə malik polimer sorbentlər və katalizatorlar alınmışdır.
- Yüksək və aşağımolekul kütləli polietilenlər, polietilen tullantıları və yerli təbii qeyri-üzvi ehtiyatlar əsasında yüksək fiziki-mexaniki və termiki davamlılıq xassələrinə malik kompozisiyalar yaradılmış, prosesin optimal şəraiti işlənilmiş, müvafiq tətbiq sahələri müəyyənləşdirilmişdir.
- Bir sıra funksional əvəzli viniltsiklopropanların izomerizasion polimerləşməsinin elmi əsasları, qoşulmuş əlaqəli reaksiyayaqabil oliqomerlərin. örtükəmələgətirici polimerlərin sintez üsulları işlənib hazırlanmış, kompleks-radikal sopolimerləşmə prosesinin qanunauyğunluqları öyrənilmişdir.
- Xüsusi təyinatlı funksional polimerlər, onların əsasında dəyərli xassələrə malik foto-, elektron- və rentgenrezistlər, yarımkeçiricilər, korroziyadan qoruyucu örtüklər, antistatiklər, elektretlər və kompozision materiallar, polimerlərə əlavələr və modifikatorlar yaradılmışdır.
- Asimmetrik dien sintezi reaksiyasının ümumi prinsiplərinin yaradılması, azottərkibli təbii heterotsiklik birləşmələrin sintetik analoqlarının məqsədyönlü sintez üsullarının işlənib hazırlanması, altıüzvlü funksionaləvəzli tsiklik sistemlərin konformasion analizinin elmi əsaslarının yaradılması, tsikloheksan və onun homoloqlarının foto- və elektrokimyəvi halogenləşməsi və alınan birləşmələrin konformasiyasının müəyyənləşdirilməsi, tsiklik sıra allen və asetilen birləşmələrinin sintezinin elmi əsaslarının yaradılması, maye fazada katalitik oksidləşmə üsulu ilə halogen tərkibli üzvi birləşmələrin alınması və s. institutda zərif üzvi sintez sahəsində əldə edilən mühüm elmi nailiyyətlərdəndir.
- Bir sıra maddələrin – xlor parafinlərin, karbon 4-xloridin və tetraxloretilenin iqtisadi cəhətdən səmərəli alınma texnologiyaları işlənib hazırlanmış, manjet və kipləşdiricilər üçün yeni kompozision materiallar yaradılmış və sənayedə tətbiq olunmuşdur.
- Tərkibində efir qrupları saxlayan benzolsulfoimidlərin dihalogenli birləşmələrlə polikondensləşməsindən termiki davamlı və asan emal olunan poliimidlərin əlverişli sintez üsulları işlənib hazırlanmışdır.
- Makromolekulunda polyar etoksikarbonil qrupları, doymamış ikiqat rabitə və tsiklopropan fraqmentləri saxlayan yüksək adgeziya möhkəmliyinə və zərbəyə qarşı davamlılığa, temperatur və şüa təsirindən strukturlaşma qabiliyyətinə malik yeni növ birgəpolimerlərin sintez üsulu işlənib hazırlanmış və alınan polimerlər əsasında neqativ xarakterli foto- və elektron rezistlərin yaradılması mümkünlüyü göstərilmişdir.
- 4-halogenmetilnikotin turşusunun efirlərinin hidrazinlərlə reaksiyası nəticəsində antihemokoaqulyant xasssəli, praktiki olaraq zəhərsiz (LD=521 mq/kq) və tibb praktikasında istifadə olunan heparindən daha fəal (30% yüksək) olan 1-okso-1,2,3,4-tetrahidro-2,3,7-triazanaftalenlərin 64-75%-lə alınmasının effektli sintez üsulu işlənib hazırlanmışdır.
- Elmi biliklərlə əqli fəaliyyət elementlərinin sintezini təmin edən, milli zəmin və ümumbəşəri dəyərlər əsasında müasir təhsil sisteminin bütün pillələrində (məktəbəqədər tərbiyə, ibtidai və orta təhsil, ali təhsilin müxtəlif mərhələləri - bakalavr, magistr, doktorantura) dönüş yaratmağa qadir, “Təhsildə Dinamik Fəzavi Təfəkkür” nəzəriyyəsi yaradılmışdır.
- β-radiasiya şüalarının (β(+) pozitron və β(-) elektron sellərinin) tutulmasında əhəmiyyətli səmərəlilik göstərən, özündə polifunksional qruplar saxlayan kationit tipli yeni oliqomer polielektrolitlər sintez edilmiş, onların radiasiya şüalarını udma qabiliyyəti geniş PH intervalında tədqiq edilmiş və müəyyənləşdirilmişdir ki, radiasiya şüalarını udmaq qabiliyyəti oliqomerin tərkibində olan episulfid, nitril və amin fraqmentlərinin mövcudluğu və miqdarından asılıdır.
Təşkilatın tarixi haqqında
İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir. 1991-ci ildən indiyə qədər AMEA Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun ilk direktoru (1966-1973) k.e.d., professor S.İ.Sadıqzadə olmuşdur. İnstituta 1973-1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M.M.Hüseynov direktorluq etmişdir. 1987-ci ildən 2007-ci ilədək institutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A.A.Əfəndiyev, 2007-2014-cü ilin mart ayına qədər AMEA-nın müxbir üzvü, k.e.d., professor A.M.Quliyev olmuşdur. 2014-cü ilin mart ayından 2016-cı ilin iyun ayına qədər institutun direktoru AMEA-nın akademiki A.H.Əzizov olmuşdur. Hal-hazırda isə institutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor B.Ə.Məmmədovdur.