AMEA Tarix İnstitutu

Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutuAzərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisəsi.[1]

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Tipi elmi-tədqiqat institutu
Yaradılıb 1935
Əvvəlki adları Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu (1935-1940),
Tarix və Fəlsəfə İnstitutu (1951-1956),
Tarix İnstitutu (1940-1951; 1956-2024)
Digər məlumatlar
Direktor Kərim Şükürov
Ünvan Bakı, H.Cavid prospekti, 115
Sayt tarixinstitutu.az

Azərbaycan tarixinin kompleks şəkildə araşdırılmasına və tarixi tədqiqatların məqsədyönlü surətdə təşkilatlandırılması işinə hələ 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması ilə başlanılmışdır. Bununla, əslində, Azərbaycan tarixi problemlərinin elmi surətdə araşdırılması və ümumiləşdirilməsi işini həyata keçirə biləcək akademik elmi-tədqiqat institutunun – bugünkü Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun özülü qoyulmuşdur.

Elmi-tədqiqat işlərinin xeyli genişlənməsi nəticəsində 1929-cu ildə həmin cəmiyyətin bazasında yaradılan Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun tərkibində Tarix və Etnoqrafiya şöbəsi yaradılmışdır. 1932-ci ildə həmin İnstitut SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Sektorunun tərkibinə daxil edilmişdir. 1935-ci ildə bu sektorun bazasında SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı nəzdində müstəqil Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılması barədə qərar qəbul olunmuşdur. İnstitut 1936-cı ildən fəaliyyətə başlamışdır. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı tərkibində Tarix İnstitutu ayrıca bir elmi-tədqiqat müəssisəsi kimi 1940-cı ildən fəaliyyətə başlamışdır. 1945-ci ildə Azərbaycan SSR EA təşkil olunarkən Tarix İnstitutu müstəqil elmi müəssisə kimi onun tərkibinə daxil edilmişdir. Sonradan 1951-ci ildə Tarix İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutuna çevrilmiş və 1956-cı ildə Azərbaycan EA Rəyasət Heyəti yanında Fəlsəfə sektoru yaradıldıqdan sonra yenidən əvvəlki adı ilə müstəqil institut kimi fəaliyyət göstərməyə başlamışdır. 1974-cü ildə Tarix İnstitutunun müvafiq şöbələri əsasında institutun nəzdində Arxeologiya və Etnoqrafiya Sektoru yaradılmış, 1993-cü ildən isə həmin Sektor Azərbaycan EA tərkibində müstəqil Arxeologiya və Etnoqrafiya İnstitutuna (indiki Arxeologiya və Antropologiya İnstitutu) çevrilmişdir. 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu adlandırılmışdır.[2]

28 yanvar 2021-ci ildən etibarən AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürovdur.[3]

Tarix və Etnologiya İnstitutunun fəxri doktorları

[redaktə | mənbəni redaktə et]

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Tarix və Etnologiya İnstitutunun əsas fəaliyyət istiqaməti "Azərbaycan tarixinin ümumi konsepsiyası"dır. Bu konsepsiya 4 problem və 26 mövzunu əhatə edir.

"Azərbaycan tarixinin ümumi konsepsiyası"nın əhatə etdiyi problemlər:

  • Azərbaycan tarixi üzrə ümumiləşdirici tədqiqatlar;
  • Tarixşünaslıq və mənbəşünaslıq;
  • Azərbaycanın siyasi tarixi;
  • Azərbaycanın sosial-iqtisadi tarixi.

AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun strukturuna rəhbərlik, elmi-tədqiqat şöbələri və digər şöbələr daxildir.

  • Direktor
  • Elmi işlər üzrə direktor müavini
  • Ümumi işlər üzrə direktor müavini
  • Elmi katib

Elmi-tədqiqat şöbələri

[redaktə | mənbəni redaktə et]
  • "Əliyevşünaslıq" şöbəsi
  • "Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq" şöbəsi
  • "Qədim tarix" şöbəsi
  • "Azərbaycanın eramızdan əvvəl IV – eramızın VII əsrinin ortaları tarixi" şöbəsi[5]
  • "Azərbaycanın VII–XIV əsrlər tarixi" şöbəsi
  • "Azərbaycanın XV–XVIII əsrlər tarixi" şöbəsi
  • "Şimali Azərbaycanın XIX–XX əsrin əvvəlləri tarixi" şöbəsi
  • "Azərbaycan Xalq Cümhuriyyəti tarixi" şöbəsi
  • "Azərbaycanın Sovet dövrü tarixi" şöbəsi
  • "Azərbaycan Respublikasının tarixi" şöbəsi
  • "Qərbi Azərbaycan tarixi" şöbəsi
  • "Azərbaycanın beynəlxalq əlaqələr tarixi" şöbəsi
  • "Dünya tarixi" şöbəsi[6]
  • "Türk xalqlarının etnoqrafiyası" şöbəsi
  • "Tarixi etnoqrafiya" şöbəsi
  • "Müasir dövr etnoqrafiyası" şöbəsi[7]

Digər şöbələr

[redaktə | mənbəni redaktə et]
  • Mühasibatlıq
  • İnsan Resursları şöbəsi
  • Təhsil şöbəsi
  • Beynəlxalq əlaqələr şöbəsi
  • İctimaiyyətlə əlaqələr şöbəsi
  • Sənədlərlə iş şöbəsi
  • Təchizat və xidmət şöbəsi
  • Elmi informasiya və nəşriyyat işləri şöbəsi[8]

Elmi nəticələr

[redaktə | mənbəni redaktə et]

1997–2003-cü illərdə Azərbaycan tarixinin müxtəlif problemlərini əks etdirən 50 monoqrafiya və kitab, 300-dən artıq məqalə çapdan çıxmışdır. Bunlardan ən mühümləri: "Azərbaycan tarixi" (7 cilddə), "XX əsrin əvvəllərində Azərbaycanın siyasi partiyaları (1900–1917-ci illər)" (rus dilində), "Azərbaycan Xalq Cumhuriyyəti" (Azərbaycan və rus dillərində), "Türklərə qarşı erməni terrorizmi" (ingilis dilində), "Azərbaycan Respublikası. Əsrə bərabər on il (1991–2001)", "Bərdə şəhərinin tarixi (b.e.ə. III əsr — b.e. XVIII əsri)", "Quba tarixi" və s.

2004–2019-cu illərdə isə 500-ə yaxın tədqiqat əsəri və sənəd toplusu nəşr olunmuşdur.[9] Bunlardan ən mühümləri: "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" (2 cilddə), "Qarabağ: real tarix, faktlar, sənədlər" (7 dildə), "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" (9 dildə), "Naxçıvan: tarixi və abidələri" (Azərbaycan və ingilis dillərində), ilk "Azərbaycan tarixi atlası",[10] "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Böyük Britaniyanın arxiv sənədlərində" (ingilis və rus dillərində), "Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı" (3 cilddə), "İrəvan əyalətinin müfəssəl dəftəri", "İrəvan əyalətinin icmal dəftəri", böyük Azərbaycan tarixçisi İsgəndər bəy Münşinin "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi") əsərinin Azərbaycan dilinə tərcüməsi, "Azərbaycan Respublikasının tarixi" (2 cilddə), "Quzey və Güney Azərbaycan türklərinin tarixi", "Real tarix və "böyük Ermənistan" uydurması" (11 dildə), "Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi həqiqətlər" (ingilis və rus dillərində), "Azərbaycan SSR ermənilərin ekspansionist planlarında (XX əsrin 20-ci illəri)" (rus dilində) və s.

  1. Mirmahmud Kazımoğlu. "AMEA-nın yeni strukturunda 22 elmi müəssisə fəaliyyət göstərəcək - SİYAHI" (az.). report.az. 2022-09-30. 2023-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-30.
  2. "Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun adlarının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Milli Elmlər Akademiyasının strukturu"nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (19 yanvar 2024-cü il)" (az.). azertag.az. 2024-01-20. 2024-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-20.
  3. 1 2 Əsmər Qabil. "Kərim Şükürov AMEA Tarix İnstitutunun baş direktoru vəzifəsinə təsdiqlənib" (az.). apa.az. 2021-01-28. 2023-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-25.
  4. İnstitut haqqında ümumi məlumat // Tarix İnstitutu. — Bakı: “Təhsil”, 2005. — səh. 3.
  5. "AMEA-nın elmi müəssisələrində aparılan struktur islahatları müzakirə olunub" (az.). azertag.az. 2023-02-15. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-29.
  6. "Elmi-tədqiqat şöbələri" (az.). tarixinstitutu.az. 2023-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
  7. "AMEA-nın institutlarında struktur dəyişikliyi" (az.). modern.az. 2023-05-28. 2023-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
  8. "Digər şöbələr" (az.). tarixinstitutu.az. 2023-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
  9. Akademik Yaqub Mahmudov. "Azərbaycan tarix elminə Prezident qayğısı" (az.). azerbaijan-news.az. 2019-05-22. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-28.
  10. "Azərbaycanın tarixi atlası" (PDF). 2019-02-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-06-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]