Corc Vaşinqton (ixtiraçı)

Vikipediya saytından
Gulya S-va (müzakirə | töhfələr) (→‎Şəxsi həyatı) tərəfindən edilmiş 07:51, 1 dekabr 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Vaşinqton tərəfindən kəşf edilen qəhvəyə aid bir reklam (The New York Times, 23 Şubat 1914)

Corc Konstant Luis Vaşinqton (ing. George Constant Louis Washington) — Anqlo - Belçika əsilli ABŞ ixtiraçısı və iş adamı. Corc Vaşinqton inkişaf etdirdiyi hazır qəhvə hazırlama üsulu və bunun kütləvi istehsalını həyata keçirmək məqsədilə qurduğu " G. Washington Coffee Company" adlı şirkətlə tanınımışdır.

Belçikada anadan olan Vaşinqton 1897-ci ildə ABŞ-ın Nyu-York ştatında məskunlaşmış, texniki sahələrdə bir sıra uğursuz təşəbbüsdən sonra o, hazır qəhvə istehsalına başlamışdır. Mərkəzi Amerikada olduğu 1906-1907-ci illərdə qazandığı təcrübə ilə 1909-cu ildə özünün istehsal etdiyi qəhvəni satmağa başlayan Vaşinqton, istehsalı sürətləndirmək məqsədilə 1910-cu ildə bir şirkət qurmuşdur. Nyu-York və Nyu-Cersi ştatlarında yerləşən şirkət qısa müddətdə inkişaf etmiş, ABŞ ordusunun Birinci Dünya müharibəsi zamanı qəhvə ehtiyacının böyük bir qismini qarşılamışdır. Reklamları Nyu-York qəzet və radiolarında yayımlanan şirkətin əldə etdiyi uğur Vaşinqtonu zəngin etmiş, nəticədə ixtiraçı Bruklində qaldığı evdən sonra 1927-ci ildə Nyu-Cersidə bir malikanəyə köçmüşdür. Həmin il vergi auditorları ilə problem yaşayan Vaşinqton daha sonra evlənmiş və üç övladı olmuşdur.

Vaşinqton ölümündən bir müddət əvvəl şirkətini "American Home Products"a satmaq məcburiyyətində qalmışdır. Qəhvə markasının 1961-ci ildə fəaliyyətinin dayandırılmasına baxmayaraq, Vaşinqtonun adı hələ də "G. Washington’s Seasoning & Broth" adlı məhsulda istifadə olunur.

Gənclik illəri və ailəsi

Corc Vaşinqton 1871-ci ilin may ayında Belçika, Kortreykdə atası ingilis, anası belçikalı olan bir ailədə dünyaya gəlmişdir. O, 1918-ci ilin may ayında ABŞ vətəndaşlığına keçmişdir. Vaşinqtonun ailəsindən ən azı altı nəfərin ABŞ və Mərkəzi Amerikanın müxtəlif bölgələrində yaşadığı məlumdur. İxtiraçının Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Vaşinqtonun yaxını olduğu ilə bağlı fərziyyələr olsa da, lakin bu versiya sübut olunmamışdır.

Brüsseldə məskunlaşan Vaşinqton daha sonra Almaniyanın Bonn Universitetində kimya təhsili almışdır. O, 1895-ci ildə Ancelina Selin Vircinya (ABŞ -da yalnız "Lina" adını istifadə etmişdir) Van Noyvenhoyze ilə evlənmişdir. 1900-cü il ABŞ əhalisinin siyahıyaalınma qeydləri göstərir ki, Linanın atası belçikalı, anası isə ingilisdir. Vaşinqtonun 1896-cı il oktyabrın 6-da Antverpendən ayrılan gəmi ilə ABŞ-a köçdüyü Ellis adasındakı qeydlərdə qeyd olunmasına baxmayaraq, lakin ABŞ əhalisnin siyahıyaalınma qeydləri göstərir ki, C.Vaşinqton və həyat yoldaşı 1897-ci ildə ABŞ-a daxil olmuşlar. Nyu-Yorkda məskunlaşan Vaşinqton ailəsinin Luiza (1897), İren (1898) və Corc (1899) adında üç övladı olmuşdur.

Vaşinqton ailəsi ilə birgə Nyu-Braytna köçərək Cersey-Sitidə qaz mantiyası istehsal edən şirkət qurmuşdur. Lakin elektrik lampası texnologiyasının inkişafı bu işin sonunu gətirir. Corc Vaşinqton foto avadanlıq istehsalı üzrə biznes qurdu. 1910 ABŞ əhalisinin siyahıyaalınmasına əsasən, Corc Vaşinqton 29 yaşında ixtiraçı idi. O, Bruklində kirayə götürdüyü evdə 23 yaşlı həyat yoldaşı, 3 uşağı, 25 yaşlı bacısı, 3 qulluqçusu və onlardan ikisinin bir uşağı ilə birlikdə yaşamışdır.

Vaşinqton 1906 və ya 1907-ci ildə Qvatemalada kənd təsərrüfatı ilə məşğul olmuşdur. Eyni zamanda hazır qəhvə ilə bağlı məlumat əldə edən Vaşinqton, təxminən bir ildən sonra Nyu-Yorka qayıtmışdır.

Şəxsi həyatı

1910-cu ildən qəhvə istehsalına başlayan Vaşinqtonun biri 47 Prospect Park West, Brooklyn, digəri isə 287 South Country Road, Bellport, Suffolk County-də yerləşən iki evi var idi. Vaşinqton 1926-27-ci illərdə bu evləri ictimai bir klub halına gətirmək istəyən bir qrup zəngin Bruklinliyə satdı. Bu satışdan təxminən bir milyon dollar əldə edən Vaşinqton Nyu-Cersidə torpaq sahəsi alaraq şirkətini ora köçürdür, özü isə Mendhamda "Franklin Farms" adında keçmiş qubernator Franklin Mörfiyə məxsus evi almışdır.

Qeyri-adi heyvanlara və bağçılığa maraq göstərən Vaşinqton Bellport və Mendhamdakı evlərini kiçik bir zooparka çevirir. Lonq-Aylenddə çiynində quş və meymunla dolaşa ixtiraçı öz zooparkında nadir quş növləri yetişdirmişdir. Vaşinqtonun Bellportda maral, qoyun, keçi və antilop bəslədiyi də məlumdur. Mendhamdakı yüzlərlə heyvan arasında lama və zebra da var idi. Vaşinqton eyni zamanda, Nyu-York şəhərinin aparıcı sosial klublarından biri olan – "Lotos" klubun aktiv üzvlərindən biri kimi tanınmışdır.

Vaşinqton 1920-ci ildə ABŞ prezident seçkilərində Amerika Partiyasından prezidentliyə namizəd göstərilmiş, lakin sənədlər vaxtında tamamlanmadığına görə namizədliyi etibarsız sayılmışdır. Həmçinin bu namizədliyin ciddi olub-olmadığıda mübahisə mövzusudur. Bunun səbəbi isə Corc Vaşinqtonun ABŞ-da doğulmamasıdır. Namizədliyin həmin günlərdə sayı artmaqda olan Amerikan partiyalarını və oxşar təşəbbüsləri tənqid etməyə yönəldilmiş bir hərəkət olub-olmadığı aydın deyildi.

İstinadlar