Azərbaycanda çayçılıq

Vikipediya saytından
Cekli829 (müzakirə | töhfələr) (Yeni səhifə: '''Azərbaycanda çayçılıq''' — Azərbaycan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağın...) tərəfindən edilmiş 13:58, 1 dekabr 2018 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Azərbaycanda çayçılıqAzərbaycan Respublikasında çay plantasiyalarının salınması, çay əkini materiallarının yetişdirilməsi, yaşıl çay yarpağının istehsalı və emalı ilə məşğul olan kənd təsərrüfatı və yeyinti sənayesi sahəsi[1].

Tarixi

Azərbaycanda çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilmiş, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılmışdır[2].

Bu sahənin inkişafı 1970-1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon kubmetr olan Xanbulançay, 1986-cı ildə Masallı rayonunda tutumu 46 milyon kubmetr olan Viləşçay su anbarları tikilərək istifadəyə verilmişdir. Həmin dövrdən etibarən çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılmışdır. Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaratmış, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin etmişdir[2].

Aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə, ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti Azərbaycan ərazisində çay bitkisinin becərilməsinə imkan verir[2].

Bununla belə, 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlamış və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdür. Lakin bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010-cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatmışdır.

Dövlət dəstəyi

Azərbaycan Respublikasında çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən "Çayçılıq haqqında" Azərbaycan Respublikası Qanunu 17 dekabr 2002-ci ildə qəbul edilmişdir. Bu Qanunun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün əlverişli mühit yaratmışdır[1].

12 fevral 2018-ci ildə çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir[2]. Həmin Dövlət Proqramı "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 3227 nömrəli Sərəncamına uyğun olaraq hazırlanmışdır[3]. Müvafiq Dövlət Proqramı Azərbaycan Respublikasında çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilmişdir[2].

İstinadlar

  1. 1 2 "Çayçılıq haqqında" Azərbaycan Respublikasının 17 dekabr 2002-ci il tarixli, 402-IIQ nömrəli Qanunu. e-qanun.az  (az.)
  2. 1 2 3 4 5 "“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli, 3660 nömrəli Sərəncamı. e-qanun.az  (az.)
  3. "Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli, 3227 nömrəli Sərəncamı. e-qanun.az  (az.)